TEI ABŞ HDQ-nin güc turbinlərinin texniki qulluğu üzrə tenderin qalibi olub

2025/05/1748673549.jpg
Oxunub: 645     15:41     31 May 2025    
Türkiyənin müdafiə və aviasiya sənayesinin aparıcı mühərrik istehsalçılarından biri olan “TUSAŞ Motor Sanayii A.Ş.” (TEI) ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) LM2500 qaz turbinli mühərriklərinin güc turbini modullarının baza səviyyəli texniki qulluğuna dair elan etdiyi tenderi qazanaraq, beynəlxalq səviyyədə daha bir mühüm uğura imza atıb.

Ordu.az xəbər verir ki, TEI 2024-cü ildə imzaladığı və yuxarı sərhədi 45,6 milyon dollar olan LM2500 qaz generatorlarına dair baza səviyyəli texniki qulluq müqaviləsindən sonra, 2025-ci ilin ikinci rübündə də yeni bir müqavilə imzalayıb.

Bu dəfə sözügedən müqavilə yuxarı sərhədi 67,5 milyon dollar olan güc turbini modullarının texniki qulluq fəaliyyətlərini əhatə edir.

Eskişehirdəki müasir müəssisələrində həm Türkiyə Silahlı Qüvvələrinin, həm də müttəfiq ölkələrin ehtiyaclarını qarşılayan TEI eyni zamanda ABŞ HDQ-nin LM2500 mühərrikləri üçün uzun illərdir texniki qulluq və təmir xidmətləri göstərir.

Bu çərçivədə TEI dünyada ən böyük LM2500 mühərrik parklarından birinə sahib olan ABŞ HDQ-yə mühüm mühəndislik və lojistik dəstək göstərməyə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TEI   ABŞ   HDQ  


Bizi "telegram"da izləyin