Ordu.az xəbər verir ki, TUSAŞ, “Airbus” və İspaniya Müdafiə Nazirliyi arasında son günlərdə imzalanan müqavilə “Hürjet”in İspaniyaya satışına yol açıb və ortaq infrastruktur istehsalı üçün anlaşma memorandumu imzalanıb.
İspan mütəxəssislərin məlumatına görə, iki ölkə arasında müdafiə sənayesi müqavilələri “Hürjet” ilə məhdudlaşmayacaq. Hesab edilir ki, İspaniya potensial olaraq “Kaan” və PUA-lar ala bilər.
İspaniya Müdafiə Nazirliyi ilə “Airbus” layihələrində çalışan təcrübəli müdafiə-aviasiya eksperti və jurnalist Xayme Peres Qerra “TRT Haber”ə verdiyi qiymətləndirmədə Türkiyənin Avropa üçün əvəzolunmaz tərəfdaş olduğunu vurğulayıb və gələcək iş mövzularına da toxunub.
“Həm İspaniya, həm də Türkiyə üçün bir sıra çox mühüm inkişaflar olacaq. “Hürjet”in bunun təməl daşı olduğunu deyə bilərik. Amma iki ölkənin sənayesi bir çox başqa məsələlərdə əməkdaşlıq etmək yollarını tapacaq. Məsələn, “Kaan”, PUA-lar. Biz yeni dövrün başlanğıcındayıq. Türkiyə müdafiə sənayesinin son illərdəki inkişafı həqiqətən də heyranedicidir. Türkiyə Avropa üçün əvəzolunmaz tərəfdaş olacaq”, - deyə o bildirib.
Qerra qeyd edib ki, “Hürjet”in sahib olduğu supersəs uçuş xüsusiyyətləri İspaniyaya əhəmiyyətli töhfələr verəcək.
Sevinc Əliyeva
Ordu.az