Aİ-nin 150 milyard avroluq müdafiə fondunda Türkiyə üçün “yaşıl işıq”

2025/05/1748585038.jpg
Oxunub: 393     11:23     30 May 2025    
Avropa İttifaqı (Aİ) Şurası müdafiə sənayesini gücləndirmək üçün 150 milyard avro dəyərində yeni fondu təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyənin də iştirak edə biləcəyi fond Avropa üçün Təhlükəsizlik Fəaliyyəti (SAFE) adlı maliyyə aləti vasitəsilə birgə istehsal və tədarük proseslərində istifadə olunacaq.

SAFE çərçivəsində müdafiə sənayesində prioritet sahələrə sərmayə qoymaq istəyən üzv ölkələrə uzunmüddətli kredit dəstəyi veriləcək.

Kreditlər üzv ölkələrin tələbi əsasında və milli müdafiə planları əsasında veriləcək. Kredit zəmanətləri Aİ büdcəsi tərəfindən qarşılanacaq.

Aİ-nin dəstəyinə ehtiyac duymadan əlverişli şərtlərlə beynəlxalq bazarlardan kredit ala bilən Almaniyanın SAFE-dən birbaşa faydalanması gözlənilmir.

Üzv ölkələrə kredit almaq üçün ən azı iki başqa ölkə ilə birgə müraciət etmək tövsiyə olunur. Bununla belə, mövcud geosiyasi risklər səbəbindən müstəqil müraciətlərə də icazə verilir. Bu cür müraciətlər üçün satınalma proqramlarının müddəti məhdud olacaq.

Qəbul prosesində olan ölkələr, namizəd ölkələr, potensial namizədlər və Böyük Britaniya kimi Aİ ilə Təhlükəsizlik və Müdafiə Tərəfdaşlığı olan ölkələr də SAFE çərçivəsində layihələrdə iştirak edə biləcəklər. Türkiyə də bu qrupa daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə     Təhlükəsizlik  


Bizi "telegram"da izləyin