Prezidentlik hakimiyyətindən danışan Tokayev bildirib ki, konstitusiyaya edilən dəyişikliklərdən sonra Qazaxıstanda dövlət başçısı artıq “müəyyən müddətə xalq tərəfindən işə götürülən idarəçidir”. O, dəqiqləşdirib ki, Qazaxıstanda “xalq idarəçini yeddi illik müddətə işə götürür”. Görünür, Tokayev bu bəyanatı ilə özünün növbəti müddətə də prezident olmaq niyyətində olduğu iddialarına cavab verib.
Qazaxıstan prezidenti beynəlxalq siyasətə də toxunub. Tokayev Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyindən danışıb, orada daha çox ölkənin təmsil olunmasını vacib sayıb.
“Dünyada milyardlarla insanı maraqlandıran mühüm qərarlar təkcə bir neçə ölkə tərəfindən qəbul edilməməlidir”, - deyə Qazaxıstan prezidenti bildirib və əlavə edib ki, Astana BMT Təhlükəsizlik Şurasının “daha geniş regional təmsilçiliklə” genişlənməsini dəstəkləyir. Tokayevin fikrincə, yalnız bu halda BMT “tələb olunan təşkilat olaraq qalacaq və həqiqətən bütün dünyanı təmsil edəcək”.
Qazaxıstan prezidentinin bu açıqlaması Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşündən dərhal sonra səsləndirilib. BMT Təhlükəsizlik Şurasının islahatı məsələsindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə danışıb. Onun məşhur ifadəsi var: “Dünya beşdən böyükdür”. Ərdoğan burada BMT Təhlükəsizlik Şurasının veto hüququ olan beş daimi üzvünü nəzərdə tutur.
Budapeştdə Ərdoğan Türk Dövlətləri Təşkilatının institusional inkişafının vacibliyindən danışıb. Türkiyə prezidenti bəzən İslam dünyasının “görməzlikdən gəlinməsini” də xüsusi vurğulayır. BMT Təhlükəsizlik Şurasının islahatı məsələsi çoxdan gündəmdədir və burada əsas məsələ daimi üzvlərin sayının artırılmasıdır. Bu baxımdan Braziliya, Hindistan, Cənubi Afrika kimi ölkələr qeyd olunur. Türkiyənin də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq iddiası var. Əgər məsələ gündəmə gəlsə, Türk Dövlətləri Təşkilatının mövqeyi prinsipial əhəmiyyət daşıya bilər. Türk dünyası BMT Təhlükəsizlik Şurasının altıncı daimi üzvü kimi kimi görür? Qeyd etmək lazımdır ki, Qazaxıstan prezidenti BMT Təhlükəsizlik Şurasının islahatı barədə Türkiyə-Azərbaycan-Pakistan görüşündən bir gün sonra danışıb. Bəs Qazaxıstan bu strateji ittifaqa qoşulacaq?
Asif Cəfərov
Ordu.az