Moskvanın Avrasiya planı: BMT-nin əsas rolunun bərpası mümkün olacaq?

2025/05/1748584095.jpg
Oxunub: 771     17:33     30 May 2025    
Moskva şəhərində mayın 28-də təhlükəsizlik məsələlərinə cavabdeh şəxslərin beynəlxalq 13-cü görüşündə iştirakçılara Rusiya prezidenti Vladimir Putin xüsusi müraciət ünvanlayıb. “RİA-Novosti” onun çıxışının əsas tezislərini təqdim edib.

Buna görə də Rusiyanın mövqeyi dəyişməz olaraq qalır: təhlükəsizliyin yeni arxitekturası bərabər və bölünməz olmalıdır. Avrasiya sülh və sabitlik məkanına çevrilməli, bütün dövlətlər öz təhlükəsizliyi üçün möhkəm zəmanətlər almalıdır, lakin bu, başqa dövlətlərin təhlükəsizliyi və maraqları hesabına olmamalıdır. Bu, xüsusilə vacibdir.
Rusiya prezidentinin fikrincə, Avrasiyada təhlükəsizliyin ümumi sisteminin qurulması üçün əsas kimi əməkdaşlığın mövcud formatları – Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çıxış edə bilər. Belə bir sistem yaradılarkən tarixi təcrübəyə və keçmişin dərslərinə istinad etmək vacibdir. O, xüsusilə İkinci Düya Müharibəsi haqqındakı həqiqətin qorunmasını və tarixin yenidən yazılmasına qarşı mübarizəni ayrıca qeyd edib:

“Şərin, nasizmin, militarizmin əleyhinə dövlətlərin birləşməsi təcrübəsi sülh və azadlıq uğrunda, xalqların öz inkişaf yolunu seçmək hüquqları uğrunda bəşəriyyətin ödəmiş olduğu böyük qiymətin dərk edilməsi, müharibədən sonrakı dünya sisteminin əsaslarının yaradılmasına, BMT-nin təsis edilməsinə imkan verdi”.

Rusiya prezidentinin Birləşmiş Millətlər Təşkilatını “universal, legitim, beynəlxalq hüquq prinsiplərinə əsaslanan təşkilat” adlandırması çox vacibdir. Onun fikrincə, məhz bu təşkilat sayəsində bir çox geosiyasi sınaqlar dəf edilib.

Moskva beynəlxalq konfransının iştirakçılarına Rusiya prezidentinin müraciəti Rusiya-Ukrayna münaqişəsinin həllinə dair danışıqların çıxılmaz vəziyyətə düşdüyü bir vaxtda açıqlanır. Avrasiyanın təhlükəsizlik sisteminin komponentlərini sadalayarkən Vladimir Putin NATO-nu qeyd etməyib. Onun müraciətindən aydın olur ki, Moskva postsovet məkanının inteqrasiyasına diqqət yetirir, amma İkinci Dünya Müharibəsindən sonra BMT-nin rolunu da önəmli sayır və vurğulayır ki, bu təşkilat beynəlxalq hüququn əsas prinsipləri üzərində yaradılıb.

Rusiya prezidenti nəyi nəzərdə tutur? BMT SSRİ, ABŞ və Böyük Britaniya liderləri arasında Yaltada əldə edilmiş razılaşmalar çərçivəsində yaradılıb. Beləliklə, Qərb dünyası SSRİ-nin bütövlüyünü və Şərqi Avropada onun təsirinin legitimliyini tanıyıb. Göründüyü kimi, Vladimir Putin beynəlxalq ictimaiyyətə, ABŞ və Avropa İttifaqına BMT-nin “arbitrajı” ilə Stalinin, Ruzveltin və Çörçillin razılaşdırdığı “vahid və bölünməz təhlükəsizlik” prinsiplərini yenidən təsdiq etməyi təklif edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Avrasiya   BMT  


Bizi "telegram"da izləyin