ABŞ hibrit hərəkət sistemi, “stealth” və uzun mənzilli PUA layihəsinə start verdi: GHOST

2025/05/1748498749.jpg
Oxunub: 1327     14:31     31 May 2025    
ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyası (AFRL) “General Atomics” şirkəti ilə GHOST adlandırılan, hibrid-elektrikli hərəkət sisteminə sahib, yeni nəsil bir kəşfiyyat, müşahidə, izləmə və hücum məqsədli PUA-nın hazırlanması üçün təxminən 100 milyon dollar dəyərində bir müqavilə imzalayıb.

Bu inkişaf “General Atomics”in daha əvvəl ictimaiyyətə açıqladığı gizli (stealth) hibrid-elektrikli PUA (Pilotsuz Uçuş Aparatı) layihələrinin konkret bir mərhələsi kimi diqqət çəkir.

Müqavilənin detalları

Pentaqonun gündəlik müqavilə elanında yer alan və ümumilikdə 99.292.613 dollar dəyərində olan bu “büdcə və sabit ödəniş” növündəki müqavilə “General Atomics Aeronautical Systems Inc.” (GA-ASI) ilə imzalanıb.

Müqavilə mətnində qeyd olunur ki, bu saziş “hibrit-elektrikli kanal ventilatorlu yeni nəsil kəşfiyyat, müşahidə, izləmə və hücum PUA-larının (GHOST) inkişaf etdirilməsini və müxtəlif mübahisəli mühitlərdə qabiliyyətlər təqdim etməsini” hədəfləyir.

Hədəf 2028

Layihənin Kaliforniya ştatının Povey şəhərində icra ediləcəyi və 26 avqust 2028-ci ilədək tamamlanmasının planlaşdırıldığı bildirilir. Sazişin tək mənbəli satınalma yolu ilə əldə edildiyi də xüsusi vurğulanır.

Bu tip bir hərəkət sistemi yanacaq doldurulmasına ehtiyac olmadan uzun məsafəyə uçuş imkanı və yüksək səmərəlilik təqdim etməklə yanaşı, olduqca səssiz olacağı gözlənilir. “General Atomics” daha əvvəl bu sahədəki işlərini ictimaiyyətlə bölüşmüş və modulyar “Gambit” PUA ailəsi ilə əlaqəli olaraq 60 saatdan çox havada qala biləcək bir dizayn potensialından bəhs etmişdi.

Hibrid-elektrik konfiqurasiyaları digər az görünən (stealth) dizayn xüsusiyyətlərinə əlavə olaraq infraqırmızı və akustik izləri azaltmağa da kömək edə bilər.

“General Atomics” şirkətinin sözçüsü Mark Brinkley bununla bağlı verdiyi açıqlamada belə deyib: “30 ildən artıqdır ki, “General Atomics” pilotsuz hava sistemlərini əvvəllər heç vaxt əldə edilməmiş və çox vaxt zəif şəkildə təkrarlanan üsullarla təkmilləşdirib. SATCOM [peyklə əlaqə] nəzarəti? Biz etdik. Kinetik zərbə? O da bizdən. Avtomatik qalxma və enmə? Bizdən. Pilotsuz reaktiv təyyarələr? Üçüncüsünü inşa edirik”.

Şirkətin ictimaiyyətə açıqladığı üçüncü reaktiv mühərrikli PUA ABŞ Hərbi Hava Qüvvələrinin “Birgə Döyüş Təyyarəsi” (CCA) proqramı çərçivəsində inkişaf etdirilən YFQ-42A-dır.

“Hibrid-elektrikli hərəkət sistemi ilə bağlı heyranedici bir şey vəd edirdik və indi bu barədə danışa bilmirəm”, - deyə Brinkley layihənin məxfiliyinə işarə edib.

“General Atomics” səlahiyyətliləri daha əvvəlki açıqlamalarında hibrid-elektrikli hərəkət sistemlərinin potensialına diqqət çəkmişdilər. GA-ASI-nin İrəli Proqramlar üzrə vitse-prezidenti Mayk Atvud 2022-ci ildə “Breaking Defense”ə verdiyi müsahibədə belə demişdi: “Hibrid-elektrikli hərəkət sistemi üzərində işləyirik... GA-nın hava ilə nəfəs alan [uçuş aparatlarını] irəli aparmaq üçün tamamilə yeni bir yol açacağına inanırıq. Bu, gələcək illərdə açıqlanacaq, lakin tamamilə dağıdıcı bir texnologiyadır. Əsasən, bir “Tesla Model S” ilə RQ-170 birləşərək, hibrid elektrik sistemi ilə təchiz edilmiş tam elektrikli bir təyyarə yaradır”.

“Reaper”in varisi

GA-ASI-nin prezidenti Deyv Aleksandr da 2022-ci ildə “MQ-Next” adlandırılan və “MQ-9 Reaper”lərin mümkün varisi olaraq təqdim edilən bir konsepsiyadan danışaraq bildirmişdi: “Bu dizaynın açarı çox səmərəli generatorlar və mühərriklər işlədən ağır yanacaqlı mühərrikdir... Bu yolla olduqca aşağı ventilyator sürətləri əldə edə və həqiqətən yüksək səmərəlilik təqdim edə bilərik”.

Aleksandr “MQ-Next” konsepsiyası üçün 60 saatlıq uçuş müddətindən danışmış və bu PUA-nın xüsusilə Cənubi Çin Dənizi kimi yüksək münaqişəli bölgələrdə uzun mənzilli kəşfiyyat-müşahidə (ISR) missiyaları üçün uyğun olduğunu vurğulamışdı. O, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin “Çevik Döyüş Tətbiqi” (ACE) konsepsiyasına uyğun olaraq 3.000 futluq (təxminən 915 metr) təbii torpaq zolaqlarından əməliyyat qabiliyyətini də qeyd etmişdi.

Ötən il Aleksandr “Aviation Week”ə verdiyi müsahibədə “General Atomics”in hibrid-elektrik hərəkət sistemləri və kanal ventilyatorları üzərindəki işlərini “Gambit” modulyar PUA ailəsi, xüsusilə də “Gambit 4” dizaynı ilə əlaqələndirmişdi.

“Gambit 4”ün ortaq bir “şassi” üzərində inşa olunan, uzunmüddətli kəşfiyyat-müşahidə missiyaları üçün nəzərdə tutulmuş, az görünən uçan qanad dizaynına sahib olduğu bildirilir. “Aviation Week”in məlumatına görə Aleksandr “Gambit 4”dəki elektrik mühərrikləri üçün güc istehsal etmək məqsədilə səkkiz silindrli fərqli bir dizel mühərriki hazırlanacağını demişdi.

PUA-nın vəzifələri

GHOST proqramı çərçivəsində “General Atomics” tərəfindən həyata keçiriləcək işlərin spesifik detalları hələlik dəqiq deyil, lakin müqavilə elanında bu PUA-ların hücum əməliyyatlarını yerinə yetirmə potensialına da toxunulur.

Bu cür gizli, ultra səssiz və uzun mənzilli bir PUA-nın, xüsusilə də qadağan edilmiş bölgələrdə gizli şəkildə ISR əməliyyatları aparmaq və ani hədəflərə müdaxilə edə bilmək kimi mühüm üstünlüklər təqdim edəcəyi düşünülür.

Bənzər texnologiyalar üzərində işləyən digər layihələr də mövcuddur. “Northrop Grumman”ın törəməsi olan “Scaled Composites” DARPA üçün SHEPARD (Series Hybrid Electric Propulsion AiRcraft Demonstration) adlı proqram çərçivəsində XRQ-73 adlı, yüksək səmərəli və səssiz hibrid-elektrikli uçan qanad tipli PUA inkişaf etdirir.

Bu layihə daha əvvəl “Kəşfiyyat İrəliləyiş Proqramları İdarəsi” (IARPA) tərəfindən həyata keçirilən “Great Horned Owl” (GHO) proqramı üçün hazırlanmış XRQ-72A modelinin davamı kimi qiymətləndirilir.

“General Atomics”in AFRL ilə GHOST müqaviləsini imzalaması ilə bu xüsusi təşəbbüs haqqında yaxın dövrdə daha çox məlumatın üzə çıxacağı maraqla gözlənilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA   GHOST  


Bizi "telegram"da izləyin