Türkiyənin Nüvə Sualtı Qayıq Proqramı: NÜKDEN

2025/05/1748495306.jpg
Oxunub: 519     11:07     29 May 2025    
Türkiyə dəniz qüvvələrinin strateji imkanlarını ən yüksək səviyyəyə çatdırmağı hədəfləyən ən kritik addımlardan biri olan nüvə sualtı qayıq proqramını rəsmi olaraq elan edib. Proqram ictimaiyyətə NÜKDEN adı ilə təqdim olunub.

İstanbulda keçirilən 12-ci Dəniz Sistemləri Seminarında Sualtı Qayıq Donanması Komandanı kontr-admiral Timur Yılmaz nüvə güclü sualtı qayıq proqramının NÜKDEN adı altında həyata keçiriləcəyini açıqlayıb. Bildirilib ki, NÜKDEN adı “nüvə sualtı qayığı” ifadəsinin türkcə qısaltmasıdır.

Niyə Nüvə Gücünə Keçid Edilir?

Kontr-admiral Yılmaz layihənin əsas səbəblərini belə açıqlayıb:

- Milli aviadaşıyıcının ətrafında fəaliyyət göstərəcək tapşırıq qruplarına dəstək verilməsi,
- Türkiyənin dəniz səlahiyyət zonalarının qorunması,
- Çəkindiricilik qabiliyyətinin artırılması.


Yılmaz deyib: “Millətimizin təhlükəsizliyi, çəkindiriciliyimiz və fəaliyyət sahələrimizin böyüklüyü bu imkanın əldə olunmasını zəruri edir”.

Reaktor Tipi və Texnoloji Məqsədlər

NÜKDEN çərçivəsində istifadə olunacaq reaktor tipinə hələ tam qərar verilməyib. Lakin “Dəniz Qüvvələri Dərgisi”ndə dərc olunmuş bir təhlildə qeyd olunur ki, Türkiyə maye duz reaktorları (“Molten Salt Reactor” – MSR) kimi kompakt və dəniz üçün uyğun sistemlərlə maraqlanır.

Yılmaz layihənin yalnız bir hərbi sərmayə deyil, həm də akademik, sənaye və tədqiqat yönləri ilə milli inkişaf hərəkatı olduğunu vurğulayıb. Yerli töhfə planlaşdırılan sahələr bunlardır:

- Sualtı qayıq tikinti texnologiyaları
- Hərəkət və güc ötürmə sistemləri
- Nüvə güclü hərəkət sistemləri
- Peyk rabitə infrastrukturuna inteqrasiya olunmuş milli döyüş sistemləri
- Ekipajlı və insansız sualtı platformalar


Bu sahələrdə Türkiyə universitetləri və tədqiqat mərkəzlərinin fəal şəkildə çalışdığı bildirilib.

NÜKDEN layihəsinin milli sualtı qayıq proqramı MİLDEN ilə paralel həyata keçirilməsi planlaşdırılır. Bu inteqrasiya nəticəsində müdafiə sənayesində kritik bir mərhələ adlanacaq, yerli texnologiya bazası yüksək səviyyəyə çatdırılacaq.

Hələlik ilk sualtı qayığın nə vaxt tikilib istismara veriləcəyinə dair rəsmi bir təqvim açıqlanmayıb. Lakin prosesin institusional planlama və milli güc elementlərinin koordinasiyası ilə sürətlə formalaşdığı qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NÜKDEN   MİLDEN  


Bizi "telegram"da izləyin