İsrailin qısa mənzilli təhdidləri dəf edən məşhur “Dəmir Günbəz” sistemindən ilhamlanan layihənin adı gözləntilərin yüksəkliyinə işarə edir. Lakin hədəf daha böyükdür: ABŞ materikini hər cür raket hücumuna qarşı demək olar ki, “tam uğurla” müdafiə etmək.
Trampın açıqlamasına görə, layihə üçün Konqresdən əvvəlcə 25 milyard dollarlıq bir başlanğıc vəsaiti tələb ediləcək, sonra isə üç il ərzində ümumi xərclərin 200 milyard dollara çatacağı gözlənilir. Layihənin mövcud prezidentlik dövründə tamamlanacağı və 100%-ə yaxın uğur nisbəti ilə işləyəcəyi iddia edilir.
Texniki Çətinliklər və İqtisadi Reallıq
“Qızıl Günbəz” layihəsi kosmos əsaslı ələkeçiricilər də daxil olmaqla çoxqatlı bir müdafiə infrastrukturunu nəzərdə tutur. Lakin bu tip sistemlərin hazırlanması yalnız texnoloji deyil, eyni zamanda iqtisadi baxımdan da böyük maneələr yaradır.
Trampın 27 yanvar 2025 tarixli 14186 saylı Prezident Fərmanına görə, Müdafiə Nazirliyi 60 gün ərzində hipersəs və ballistik raketlərə qarşı əhatəli bir müdafiə planı təqdim etməlidir. Bu plan kosmos əsaslı ələkeçiricilər, son mərhələ müdafiə vasitələri və kinetik olmayan imkanların inteqrasiyasını da əhatə edir.
Lakin kosmosdan atılan ələkeçiricilər fikri yeni deyil. Reyqan dövründə irəli sürülən “Ulduz Müharibələri” konsepsiyası yüksək xərclər və texniki çətinliklər səbəbindən dayandırılmışdı. Bu gün özəl kosmik şirkətlərin işə qarışması ilə buraxılış xərcləri azalsa da, ələkeçirici sistemlərin hazırlanması və tətbiqi hələ də son dərəcə bahalıdır.
Konqres Büdcə Ofisinə görə, yalnız Şimali Koreya təhdidinə qarşı effektiv bir sistemin 20 illik xərci 160 ilə 540 milyard dollar arasında ola bilər. Çin və Rusiya kimi daha böyük arsenalı olan ölkələrə qarşı qurulan sistemlər isə trilyon dollardan çox büdcə tələb edir.
Siyasi və Geostrateji Risklər
Texnoloji və maliyyə çətinlikləri ilə yanaşı, “Qızıl Günbəz”in geosiyasi təsirləri də narahatlıq doğurur. Çin və Rusiya ABŞ-nin strateji müdafiə qabiliyyətini artırma səylərinə biganə qalmayacaq. Bu ölkələr ya öz nüvə arsenalını böyüdəcək, ya da anti-peyk sistemləri kimi əkstədbirlər hazırlayacaq.
Bəzi müdafiə ekspertləri bu tip layihələrin texniki baxımdan mümkünsüz olduğunu iddia edərkən, bəziləri isə əksinə, həyata keçiriləcəyi təqdirdə qlobal nüvə balansını təhlükə altına atdığını irəli sürürlər. Xüsusilə kosmos əsaslı sistemlər nüvə çəkindiriciliyi doktrinasına birbaşa təsir edə bilər.
Alternativlər və İmkan Xərci
“Qızıl Günbəz”in reallaşması üçün təklif olunan büdcə mövcud və daha tətbiqolunan sistemlərdən resursların alınması deməkdir. Məsələn, bir kosmos əsaslı ələkeçirici raketin dəyəri ilə 25-dən 75-ə qədər PAC-3 MSE kimi effektivliyi sübut olunmuş sistemlər almaq mümkündür.
Çinin gəmi, sualtı və hava bazalı konvensional raket təhdidinə qarşı təsirli müdafiə üçün ABŞ sahillərinə və kritik daxili bölgələrinə yerləşdiriləcək çoxtəbəqəli bir müdafiə arxitekturası hazırda daha real bir sərmayə kimi ön plana çıxır.
Nəticə: Prestij, yoxsa Strateji Səhv?
“Qızıl Günbəz” texniki baxımdan təsirli, siyasi baxımdan iddialı və iqtisadi baxımdan mübahisəli bir meqa layihədir. Lakin imkan xərcləri, strateji riskləri və reallıqdan uzaq uğur iddiaları bu sistemin tətbiq imkanını ciddi şəkildə sual altına alır. ABŞ üçün ən ciddi təhlükə, bəlkə də, real müdafiə prioritetlərindən yayınaraq, həm büdcəni, həm də diqqəti udan bir “müdafiə illüziyası”na qapılmaqdır.
Sevinc Əliyeva
Ordu.az