Trampla Putin ayrılır, yoxsa ssenari üzrə oynayırlar? – BAXIŞ BUCAĞI

2025/05/1748435026.jpg
Oxunub: 547     21:23     29 May 2025    
“The Wall Street Journal” diplomatik mənbəyə istinadən xəbər verir ki, Tramp artıq gələn həftə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edə bilər. Əvvəllər Tramp Ukraynaya endirilən güclü zərbələrə münasibət bildirərək demişdi ki, Putin sanki dəli olub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın bu bəyanatına cavab verərək bildirmişdi ki, bəlkə də bu qiymətləndirmə Trampın emosional gərginliyindən qaynaqlanır. Bu da onun Ukrayna müharibəsini dayandırmaq üçün göstərdiyi diplomatik səylərlə əlaqədardır. Bəs Tramp və Putin bir oyun qururlar, yoxsa onların dialoqu başa çatmaq üzrədir?

Birmənalı demək çətindir. Almaniya kansleri Fridrix Merts bildirib ki, Böyük Britaniya, Almaniya, Fransa və ABŞ Ukraynanın uzaqmənzilli zərbələr endirməsinə qoyulan qadağanı ləğv ediblər. Dövlət Dumasının deputatı, keçmiş xarici işlər nazirinin müavini Qriqori Karasin isə buna cavab olaraq deyib ki, bu, çox üzücü bir xəbərdir. Amma kimin üçün? Hamı üçün, Rusiya üçün, yoxsa Ukrayna üçün?

Merts eyni zamanda qeyd edib ki, Ukrayna müharibəsi gözlənildiyindən daha uzun çəkəcək. Amma bu vəziyyət yəqin ki, heç kim üçün Ukrayna qədər kədərli ola bilməz.

Müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunmur. Əksinə, görünən odur ki, müharibəni davam etdirmək barədə bir “razılaşma” formalaşıb. Hazırkı məqamda müharibənin davam etməsi demək olar ki, bütün tərəflər üçün dayandırılmasından daha sərfəli görünür. Amma bütün bunların Ukraynanın gələcəyi bahasına baş verəcəyi şübhə doğurmur.

Bizim üçün isə əsas məsələ odur ki, müharibənin alovlanması Qafqaza hansı təsirləri göstərəcək? Rusiyaya səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan həm Sergey Lavrovla, həm də Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bundan əlavə, Fidan Ukrayna ilə danışıqlar üçün yaradılmış Rusiya nümayəndə heyətinin rəhbəri, Putinin köməkçisi Vladimir Medinski ilə də bir araya gəlib.

Türkiyə bu mürəkkəb beynəlxalq vəziyyətdə sabitlik yaradan və təşəbbüsü ələ alan əsas regional güc kimi çıxış edir. Müharibənin davam etdiyi bir vaxtda Ankara təkcə öz maraqlarını qorumaqla kifayətlənmir, həm də regionda sülh və təhlükəsizlik üçün vasitəçi rolunu oynamağa çalışır. Əgər Tramp və Putin Ukraynada vəziyyəti öz maraqları naminə formalaşdırmağa çalışırlarsa, Türkiyə balanslaşdırıcı siyasəti ilə Cənubi Qafqazda risklərin azaldılmasına töhfə verə bilər.

Digər tərəfdən, ABŞ prezidenti Trampın İranla danışıqlarda irəliləyişdən bəhs etməsi region üçün əlavə ümidverici bir amildir. Hazırkı mərhələdə Qafqazda sabitlik baxımından əsas faktor, şübhəsiz ki, Türkiyənin oynadığı roldur. Ankara həm İran, həm Rusiya, həm də Qərblə paralel şəkildə dialoqu qorumağı bacararaq, Cənubi Qafqazın gələcəyinə təsir edən əsas gücə çevrilib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin  


Bizi "telegram"da izləyin