Putinlə “razılaşma” mümkünsüzdür – Trampın açıqlamaları sanksiyalara yol açır

2025/05/1748330146.jpg
Oxunub: 465     09:44     29 May 2025    
Beynəlxalq nüfuzlu KİV-lər ABŞ prezidenti Donald Trampın sosial şəbəkədəki paylaşımına istinadla xəbər veriblər ki, Tramp Vladimir Putini “ağılsız” adlandırıb. Trampın sözlərinə görə, Putində nəsə yolunda deyil, o, heç bir zərurət olmadan çoxlu insan öldürür və söhbət yalnız hərbçilərdən getmir – raketlər və pilotsuz uçuş aparatları Ukraynanın şəhərlərini vurur. Tramp bildirib ki, Putin bütün Ukraynaya sahib olmaq istəyir, lakin bu cür davam edərsə, nəticədə bu, Rusiyanın süqutuna səbəb olacaq.

“Reuters”in yaydığı məlumata əsasən, Tramp həmçinin bildirib ki, Putinə etdiyi telefon zəngləri nəticə verməyib: “Biz danışırıq, amma o, Ukrayna şəhərlərini raket atəşinə tutur”. Agentliyin mənbələri qeyd edirlər ki, Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələsini müzakirə edir. Tramp deyib: “Tam dəqiqliklə deyə bilərəm ki, mən Moskvaya qarşı əlavə sanksiyaların tətbiq olunması zərurətini nəzərdən keçirirəm”.

Lakin Rusiya mayın 25-də müharibənin əvvəlindən bəri ən genişmiqyaslı raket hücumunu həyata keçirdikdən sonra ABŞ prezidentinin Putinin “ağılsızlığına” inanmağa başladığını düşünmək sadəlövhlük olardı. Donald Tramp Vladimir Putinlə ilk telefon danışığından sonra anlayıb ki, onun “Rusiya-Ukrayna müharibəsini 24 saata dayandırmaq” haqda bəyanatı beynəlxalq aləmdə etibarsız görünür və Ukraynada vəziyyətin nizamlanması həm vaxt, həm də böyük səylər tələb edir.

“Putin də sülh istəyir” təbliğatı hansı hesablamaya əsaslanırdı? Bu təbliğatın müəllifi birbaşa Donald Trampdır. Halbuki onun avropalı həmkarları şəkildə bunun əksini söyləyirdilər. ABŞ prezidenti hansı “razılaşmanı” təklif edib ki, bu, Vladimir Putin üçün qəbuledilməz olub? Tramp faktiki olaraq etiraf edir ki, Rusiya prezidenti ilə dialoq alınmır.

Moskva israr edir ki, atəşkəsdən əvvəl siyasi razılaşma əldə olunmalıdır. Rusiya prezidentinin köməkçisi Medinski tarixdən nümunə gətirərək qeyd edib ki, bir çox müharibələr zamanı da danışıqlar aparılıb. Mənbələrin yazdığına görə, o, İstanbulda Ukrayna nümayəndə heyətinə bildirib ki, Rusiya I Pyotrun isveçlilərə qarşı apardığı müharibə qədər – yəni daha iyirmi il də döyüşməyə hazırdır.

ABŞ prezidentinin hansı qərarı verəcəyi artıq bəlkə də əhəmiyyət kəsb etmir. Əsas məsələ odur ki, Tramp əslində Rusiya prezidentini “danışıqlar üçün yararsız” lider kimi təqdim edir, o, telefon danışığında bir obraz kimi görünür, lakin real siyasətdə yalnız öz zəruri hesab etdiyi addımları atır.

Tramp–Putin “boşanması” şübhəsiz ki, təkcə Avropa ölkələrinə deyil, Rusiyaya nisbətən daha loyal münasibət göstərən dövlətlərin liderlərinin qərarlarına da təsir göstərəcək. Görünən odur ki, ABŞ Rusiyaya “müharibə elan etməyəcək”, amma belə bir ifşadan sonra Trampın hələ də Putindən qarşılıqlı faydalı “razılaşma” umacağı çətin görünür.

Demək olar ki, bir böhran səviyyəsində, çıxışı çətin bir vəziyyət yaranıb və bu vəziyyətdən çıxışın məsuliyyəti ABŞ-nin üzərinə düşür. Çünki necə olursa-olsun, digər beynəlxalq oyunçular üçün artıq aydındır: Putin “bütün Ukraynaya sahib olmaq istəyir”. Bunu yalnız ABŞ prezidenti zahiri olaraq qəbul etmirdi və düşünürdü ki, qoşunların təmas xətti üzrə atəşkəs “çoxsaylı insan həyatını xilas edə bilər”. ABŞ bu durumda Putinin “sərhədin qəhrəmanları, silahları özlərininki” yanaşması ilə barışacaqmı, yoxsa Avropa “üçlüyünə” – yəni Ukraynada Putinin qələbəsinə yol verməməyi vəd edənlərə qoşulacaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Tramp  


Bizi "telegram"da izləyin