Trampın praqmatik Yaxın Şərq siyasəti: İdeologiyadan maraqlara keçid

2025/05/1747294258.jpg
Oxunub: 700     19:30     15 May 2025    
Son günlər Amerika Birləşmiş Ştatları ilə İsrail arasındakı münasibətlərdə ciddi gərginliyin yaşandığına işarə edən bir sıra hadisələr ön plana çıxıb. ABŞ prezidenti Donald Trampın Körfəz turuna İsraili daxil etməməsi, ABŞ-nin birbaşa olaraq HƏMAS və husilərlə təmas qurması, İranla nüvə danışıqlarında İsrailin kənarda saxlanılması, Suriyaya qarşı sanksiyaların ləğvi və Ağ Evdə İsrail tərəfdarı bəzi şəxslərin vəzifədən uzaqlaşdırılması bu prosesin konkret göstəriciləridir. Bütün bu hadisələrə əlavə olaraq ABŞ ilə Səudiyyə Ərəbistanı arasında imzalanan razılaşmalarda Səudiyyə Ərəbistanı-İsrail arasındakı rəsmi münasibətlərə üstünlük verən siyasətdən uzaqlaşıldığının müşahidə edilməsi Vaşinqton-Təl-Əviv xəttində ənənəvi uyğunluğun sarsıldığını göstərir. Bu inkişaflar Tramp administrasiyasının ABŞ və İsrail maraqlarının eyni olmadığını sözlə və əməllə açıq şəkildə ortaya qoyması kimi qiymətləndirilir.

Tramp administrasiyasının İsraillə yaşadığı bu gərginlik, əslində Trampın xarici siyasətdəki prioritetlərinə uyğun strateji bir seçimdir. Tramp ABŞ iqtisadiyyatına töhfə verəcək və Çinin Yaxın Şərqdə artan təsirini balanslaşdıracaq addımlara önəm verdiyini göstərir. Bu çərçivədə İsrailin kənarda saxlanılması ilə həyata keçirilən Körfəz turu bölgədəki güc balansına dair yeni bir oxunuşun əlamətidir.

Trampın Səudiyyə Ərəbistanına etdiyi səfər zamanı ona göstərilən ehtiram sabiq prezident Co Baydenin 2022-ci ildəki soyuq qarşılanmasından tamamilə fərqlənirdi. Hətta bu qarşılanma həmin il Çin lideri Si Cinpinə göstərilən yüksək diqqəti belə geridə qoydu. Bu, ABŞ-nin Çin qarşısında Yaxın Şərqdə diplomatik mövqe qazandığını göstərir.

Yaxın Şərqdə ABŞ kölgəsində yüksələn güc: Çin faktoru

Son dövrdə Yaxın Şərqdə ABŞ nüfuzunun zəiflədiyini göstərən bir çox konkret göstərici meydana çıxıb. Ticarət və investisiya həcminin azalması, ictimai rəy sorğularında ABŞ-yə qarşı mənfi meyllər, region ölkələrinin alternativ ittifaqlara yönəlməsi və ABŞ-dən kənar aktorlarla imzalanan müdafiə və silah sazişləri Vaşinqtonla ənənəvi müttəfiqləri arasındakı məsafənin artdığını göstərir. Bu dinamika ABŞ-nin regiondakı təsirinin zəiflədiyini və ölkələrin yeni iqtisadi və təhlükəsizlik balansları axtardığını ortaya qoyur.

ABŞ nüfuzunun zəifləməsi ilə paralel olaraq, Çinin bölgədə artan rolu Qərb mərkəzlərində narahatlıqla izlənir. Çin təkcə bölgənin ən böyük ticarət və investisiya tərəfdaşı deyil, həm də enerji mənbələrinin əsas alıcısıdır. Çin eyni zamanda bölgə ölkələri ilə müdafiə və silah sazişləri imzalayaraq strateji əməkdaşlıqlar qurur. Lakin Çin bu sahədə fərqlənərək regional böhranlara hərbi müdaxilə deyil, vasitəçilik və diplomatik danışıqlar vasitəsilə yanaşır. İranla Səudiyyə Ərəbistanı arasında Pekində əldə edilən razılaşma bu yanaşmanın ən konkret nümunəsidir. Bu hadisə Çinin yalnız iqtisadi deyil, diplomatik sahədə də yüksəldiyini göstərir, ABŞ-nin hərbi müdaxiləyə əsaslanan siyasətlərinin isə bölgə xalqları arasında legitimliyini itirdiyini ortaya qoyur.

Bu məqamda Çin öz “yumşaq gücü” ilə bölgədə təsirini artırır. Çinin Yaxın Şərqdəki nüfuzunu sürətlə genişləndirməsi ABŞ-nin bölgənin zəngin resurslarından və strateji iqtisadi imkanlarından kənarlaşdırılmasına gətirib çıxarır. Xüsusilə iqtisadi böyüklüyü 3 trilyon dolları aşan Körfəz bölgəsinin sərmayələrinin getdikcə Çin və Asiya mərkəzli aktorlara yönəlməsi ABŞ üçün ciddi geoiqtisadi itki deməkdir.

Bu vəziyyət, “Amerikanı yenidən böyük et” şüarını xarici siyasətin mərkəzinə yerləşdirən Tramp üçün strateji bir çatışmazlıq təşkil edir. Regional sərvətlərin və kapital axınının Asiyaya yönəlməsi ABŞ-Çin rəqabətinin ən kəskin yaşandığı bu dövrdə Vaşinqtonun Yaxın Şərqdə mövqe itirməsinə səbəb ola bilər. Bu səbəbdən ABŞ-nin Yaxın Şərqdə yalnız hərbi deyil, iqtisadi və diplomatik sahələrdə də Çinlə rəqabət aparmağa yönəlik uzunmüddətli və kompleks strategiya hazırlaması qaçılmaz görünür.

İsrail siyasətində rasional dönüş?

Trampın Yaxın Şərqdə Çinin artan təsirini balanslaşdırmaq üçün bəzi ənənəvi xarici siyasət prioritetlərindən geri çəkilməsi yalnız taktiki deyil, eyni zamanda strateji bir məcburiyyətə çevrilib. Bu məcburiyyətin ən açıq göründüyü sahələrdən biri də ABŞ-nin uzun illər ərzində qeyd-şərtsiz dəstəklədiyi İsrail siyasətində yaşanan dəyişiklikdir.

Keçmişdə İsrailə verdiyi güclü dəstəklə tanınan Tramp ikinci dönəm xarici siyasət baxışında İsraili ABŞ-nin regional strateji hədəflərinə xidmət etməyən, hətta bəzən onların qarşısında maneə yaradan bir aktor kimi qiymətləndirməyə başlayıb. Bu yanaşma xüsusilə Körfəz ölkələri ilə qurulacaq iqtisadi tərəfdaşlıqların önünü açmaq, Çinin regionla qurduğu investisiya və ticarət əsaslı münasibətləri balanslaşdırmaq və Vaşinqtonun diplomatik təsirini artırmaq məqsədi daşıyır.

Trampın Körfəz turuna İsraili daxil etməməsi bu strateji dönüşümün simvolik göstəricisidir. Səfər zamanı verdiyi mesajlar artıq İsrail mərkəzli təhlükəsizlik sistemindən çox, iqtisadi əməkdaşlığa əsaslanan yeni bir regional quruluşa öncəliyin verildiyini açıq şəkildə göstərir. Körfəz ölkələri ilə imzalanan enerji, texnologiya və infrastruktur sazişləri İsrailin həssasiyyətlərinə məhəl qoymadan həyata keçirilir. Bu isə ABŞ-nin bölgədəki ənənəvi müttəfiqi olan İsraillə münasibətlərində açıq şəkildə məsafə qoyduğunu göstərir.

Bu yanaşmanın arxasında Trampın xarici siyasət qərarlarında praqmatizmi ön planda tutması və Çin qarşısında itirilən geoiqtisadi mövqeləri geri qaytarmaq arzusu dayanır. Tramp artıq Netanyahunun rəhbərliyindəki İsraili regional iqtisadi inteqrasiyanın qarşısında maneə, hətta Körfəz ölkələri ilə qurulacaq yeni əməkdaşlıq modelləri baxımından risk elementi kimi görməyə başlayıb. Çünki İsrailin son dövrlərdə həyata keçirdiyi siyasətləri, xüsusən Qəzza və İordan çayının qərb sahilindəki addımları, Körfəz ictimai rəyində mənfi reaksiyalar doğurmaqla yanaşı, bir çox ərəb liderlərinin ABŞ ilə açıq əməkdaşlıq etməsini də çətinləşdirir.

Bu səbəblə Trampın İsrail siyasətindəki bu dönüş yalnız lider seçimi deyil, həm də Yaxın Şərqdə yeni güc balansına uyğun iqtisadi və rasional xarici siyasət adaptasiyası kimi dəyərləndirilir. Bu kontekstdə İsrailə verilən ənənəvi dəstəyin yenidən nəzərdən keçirilməsi ABŞ-nin Yaxın Şərqdə təsirini qoruması və Çinin artan təsirini məhdudlaşdırması baxımından qaçılmaz hala gəlib. Bu, ABŞ xarici siyasətində ideoloji deyil, maraq əsaslı və çevik bir xəttin ön plana çıxdığını göstərir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin