İlham Əliyevdən PKK-nın Ləğvinə Reaksiya – Tarixi Hadisə və Strateji Dəyişiklik

2025/05/1747119008.jpg
Oxunub: 863     19:36     13 May 2025    
Prezident İlham Əliyevin Türkiyə milli müdafiə naziri Yaşar Güləri qəbul edərkən səsləndirdiyi fikirlər, təkcə Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyətini deyil, həm də regional təhlükəsizlik arxitekturasının gələcəyinə dair mühüm ipucları təqdim edir. Prezidentin PKK-nın özünü ləğv etməsi ilə bağlı “tarixi hadisə” ifadəsini işlətməsi, bu hadisəyə verilən strateji dəyərin bariz nümunəsidir. Bu mövqe, Azərbaycanın yalnız dost və qardaş ölkə olaraq deyil, bölgədə sabitliyin və beynəlxalq hüquqa əsaslanan nizamın tərəfdarı kimi çıxış etdiyini göstərir.

PKK terror təşkilatının özünü ləğv etməsi təkcə Türkiyə üçün deyil, bütövlükdə region üçün yeni təhlükəsizlik mühitinin başlanğıcı deməkdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu hadisə bölgə xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşamasına yönəlik müsbət addımdır. Ermənistanın uzun illər PKK və onun törəmə qrupları ilə qeyri-rəsmi əlaqələri fonunda bu hadisə Cənubi Qafqazda da qeyri-sabitliyin azalmasına töhfə verə bilər. Azərbaycan Prezidentinin bu hadisəyə bu qədər aydın və müsbət reaksiya verməsi ölkəmizin bölgədə terrorizmin tamamilə aradan qaldırılmasında prinsipial mövqeyini nümayiş etdirir.

Ən önəmlisi isə, İlham Əliyevin bu prosesi Türkiyə Prezidentinin siyasi iradəsi ilə əlaqələndirməsidir. Rəcəb Tayyib Ərdoğanın terrorla mübarizədə sərgilədiyi prinsipial və davamlı siyasət, təkcə Türkiyədə deyil, bütün regionda terrorizmin dayaqlarının sarsıdılmasına səbəb olub. Azərbaycan Prezidenti bu iradəni açıq şəkildə vurğulamaqla, Türkiyə dövlətinin yalnız regional deyil, qlobal miqyasda sabitliyin təminində oynadığı rolu tanıdığını ortaya qoyur. Bu, eyni zamanda Azərbaycanın geosiyasi xəttinin – Türkiyə ilə paralel, strateji və koordinasiyalı – davam etdiyini göstərir.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixən qardaşlıq əsasında qurulsa da, bu münasibətlərin yeni mərhələyə keçdiyi məhz son illərin hadisələrindən – Vətən müharibəsindən, Zəngəzur dəhlizi perspektivindən və hərbi-sənaye əməkdaşlığından – aydın görünür. PKK məsələsində də eyni strateji sinxronluq müşahidə olunur. Azərbaycan Prezidentinin bu məsələyə münasibəti göstərir ki, Bakı Ankaranın milli təhlükəsizlik məsələlərini yalnız müşahidəçi kimi izləmək niyyətində deyil, onları öz milli maraqlarının da ayrılmaz tərkib hissəsi kimi qiymətləndirir.

Burada önəmli digər məqam isə, Türkiyə cəmiyyətinin birliyi və Silahlı Qüvvələrinin peşəkarlığına verilən qiymətdir. Prezident bu amilləri də PKK-nın özünü ləğv etməsində əsas faktorlar kimi qeyd edir. Bu yanaşma, Azərbaycanın da öz təhlükəsizlik arxitekturasında cəmiyyətin birliyini və ordu quruculuğunu prioritet kimi qəbul etdiyini göstərir. Azərbaycanda son illər ərzində ordunun modernləşdirilməsi, milli müdafiə sənayesinin inkişafı, Türkiyə ilə hərbi təlimlərin intensivləşməsi də bu strateji yanaşmanın nəticələridir.

PKK-nın ləğvini “tarixi hadisə” adlandırmaq, həm də bu terror təşkilatının illərdir bölgə üçün yaratdığı fəlakətlərin miqyasını və ona son qoyulmasının nə qədər önəmli olduğunu göstərir. Bu hadisə eyni zamanda Türkiyə-Azərbaycan tandeminin bölgədə yaratdığı güc balansının uğurlarından biri kimi də dəyərləndirilə bilər. Bu balans bir tərəfdən sülh və sabitlik gətirir, digər tərəfdən isə terrorizmi dəstəkləyən və ya ondan faydalanmağa çalışan qüvvələrə qarşı güclü cavabdır.

Azərbaycan və Türkiyə bu gün yalnız iqtisadi, enerji və mədəni sahələrdə deyil, həm də təhlükəsizlik və geosiyasi gündəmlərdə sinxron hərəkət edən, bir-birini tamamlayan iki strateji aktordur. Prezident İlham Əliyevin PKK-nın ləğvi ilə bağlı bu qədər açıq, dəqiq və strateji mesajları, bu münasibətlərin yalnız hissi deyil, dərin geosiyasi təməl üzərində qurulduğunu bir daha sübut edir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin