Qəzzada beynəlxalq idarəetmə? Trampın yeni Yaxın Şərq planı

2025/05/1747123661.jpg
Oxunub: 1027     12:40     13 May 2025    
İsrailin Baş naziri Benyamin Netanyahunun parlamentin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə komitəsinin qapalı iclasında verdiyi məlumata görə, HƏMAS ABŞ prezidenti Donald Trampın administrasiyası ilə əlaqə qurub və “Trampa jest olaraq yaxın saatlarda İdan Aleksandrı azad edəcəyini” bildirib. Həqiqətən də, bir neçə saat sonra Aleksandr azad edildi.

Aleksandr 2023-cü il oktyabrın 7-də israilli əsgər kimi əsir götürülmüşdü, lakin onun eyni zamanda ABŞ vətəndaşlığı da var. Ərəb mənbələrinin bildirdiyinə görə, HƏMAS ilə ABŞ prezidentinin nümayəndələri arasında razılaşma ötən cümə günü Dohada baş tutub. Orada fələstinli təşkilatın nümayəndəsi və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Uitkofun köməkçisi görüş keçiriblər.

Qətərin “Əl-Cəzirə” telekanalı HƏMAS-ın siyasi qanadının bəyanatını yayıb. Bəyanatda İdan Aleksandrın azadlığa buraxılması “yaxşı niyyətin ifadəsi” kimi təsdiqlənib. Bununla belə, HƏMAS hesab edir ki, bu addım gələcək danışıqlar üçün əsas ola bilər. Qeyd olunmalıdır ki, İsraillə silahlı qarşıdurmanın başlanmasından sonra ilk dəfədir ki, fələstinli təşkilat postkonflikt dövründə Qəzzada “beynəlxalq, neytral və ədalətli bir idarənin” yaradılmasını mümkün sayır.

İsrail isə bildiyiniz kimi, israr edir ki, Qəzzada HƏMAS hakimiyyətdə qalmamalıdır. İsrail həmçinin Qəzza zolağının idarəsinin Fələstin Milli Administrasiyasına verilməsi təklifini də rədd edib. Son günlər ABŞ Qəzzaya humanitar yardımın çatdırılmasının bərpası ilə bağlı təklif irəli sürüb. Məlumatlara görə, əsirlikdən azad edilən Aleksandrı qarşılayacaq ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkof İsrailə yola düşüb.

Razılaşma HƏMAS və ABŞ arasında baş tutub, bu səbəbdən də onun hökuməti Aleksandrın əvəzində fələstinli məhbusları azad edə bilməzdi. Öz növbəsində HƏMAS razılaşmaya görə Qətər, Misir və Türkiyə nümayəndələrinə təşəkkürünü bildirib, hansı ki, son həftələrdə vasitəçi rolunda çıxış ediblər.

ABŞ-nin Qəzza məsələsində bu qədər kəskin mövqe dəyişikliyinin səbəbi nədir? Mətbuatda Trampın Fələstin dövlətinin müstəqilliyini tanıya biləcəyi və bununla da Yaxın Şərqdəki gərginliyi əhəmiyyətli dərəcədə azalda biləcəyi barədə məlumatlar yayılıb. Görünür, ABŞ-nin marağı, əsasən, Fars Körfəzinin ərəb monarxiyaları ilə strateji əməkdaşlığın təmin olunması ilə bağlıdır. Bu isə həmin regionda Çinin təsirini məhdudlaşdırmaq məqsədi daşıyır.

Qlobal geosiyasi əhəmiyyətə malik bu məsələdə Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrinin əməkdaşlığını qazanmaq qarşılığında Trampın İsrailin iddialarını müəyyən dərəcədə cilovlamağa hazır olduğu görünür. Bu meyil Trampın Türkiyəyə münasibətindəki dəyişiklikdə də özünü göstərir. Mayın 5-də Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb və sosial şəbəkədə paylaşım edərək, ona Rusiya-Ukrayna danışıqlarında vasitəçilik təklif etdiyini bildirib.

İstanbulda Rusiya-Ukrayna danışıqları təşəbbüsünün hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Qəzza məsələsinə gəldikdə isə ABŞ və HƏMAS arasında əldə olunan razılaşma yalnız humanitar xarakter daşımır. Prezidentliyə başladıqda Tramp bəyan etmişdi ki, Qəzzanı turistik və kurort bölgəsi kimi bərpa etmək niyyətindədir. O, bir vaxtlar anklavdan fələstinli əhalinin köçürülməsinə dair təkliflərə də icazə vermişdi, lakin bu ideya ərəb ölkələri və Türkiyə tərəfindən qətiyyətlə rədd edilmişdi.

Hazırda HƏMAS Qəzzada beynəlxalq neytral idarənin qurulması ehtimalından danışır. Ehtimal etmək olar ki, bu məsələ ABŞ ilə aparılan danışıqlarda da müzakirə olunub. Trampın Səudiyyə Ərəbistanı və Qətərə səfəri zamanı bu ölkələrdən maliyyə dəstəyi almaq cəhdləri istisna deyil. ABŞ və HƏMAS arasında əldə olunmuş bu razılaşmanı İsrailin necə qarşılayacağı qeyri-müəyyəndir, lakin Yaxın Şərqdə ABŞ-nin birbaşa iştirakı, ehtimal ki, bölgədə sabitliyin təminatına çevriləcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Yaxın-Şərq   Qəzza  


Bizi "telegram"da izləyin