PKK silahı yerə qoyur – Ankara strateji üstünlük qazanır

2025/03/1741681451.jpg
Oxunub: 648     11:41     13 May 2025    
Türkiyədə PKK terror təşkilatının özünü buraxması və silahlı mübarizəyə son qoyması barədə yayılan məlumatlar bu ölkənin daxili sabitliyi və regional güc balansı baxımından mühüm bir mərhələnin başlanğıcını simvolizə edə bilər. 5-7 may tarixlərində baş tutduğu bildirilən gizli qurultayda PKK-nın özünü buraxması, ilk baxışdan, təkcə silahlı bir qrupun sıradan çıxması deyil, eyni zamanda Türkiyənin uzun illərdir mübarizə apardığı terror probleminin köklü şəkildə həllinə doğru atılmış strateji addımdır.

Qurultayın harada keçirildiyi və hansı şəraitdə bu qərarın qəbul olunduğu açıqlanmasa da, PKK-nın bütün strukturlarının ləğv olunacağı və bu prosesin lideri Abdullah Öcalanın “birbaşa nəzarətində” həyata keçiriləcəyi qeyd olunur. Bu, PKK-nın gələcəkdə fərqli ad və ya strukturla yenidən meydana çıxmasının qarşısını almağa yönəlmiş psixoloji və simvolik bir addımdır. Qeyd edək ki, Öcalan hazırda İmralı adasında ömürlük həbs cəzası çəkir, lakin bəzi mənbələr onun son zamanlar İstanbulda gözündən əməliyyat keçirdiyini və prosesə dolayısı ilə cəlb olunduğunu bildirir.

Türkiyədə bu məsələnin fonunda aparılan siyasi və diplomatik dialoqlar, xüsusilə də Ədalət və İnkişaf Partiyasının (AKP) PKK ilə deyil, amma onun siyasi qanadı hesab edilən DEM partiyası ilə münasibətləri formalaşdırmaq cəhdləri münaqişənin siyasi platformaya çəkildiyini göstərir. Əgər bu dialoq uğurla davam edərsə, bu, təkcə terrorla mübarizə sahəsində deyil, həm də milli birliyin gücləndirilməsi və Avropa İttifaqına inteqrasiya baxımından Türkiyə üçün yeni bir dövrün başlanğıcı olacaq.

Bu hadisə təkcə Türkiyənin daxili siyasətində deyil, həm də beynəlxalq münasibətlərində dönüş yarada bilər. PKK-nın ləğvi məsələsində Ankara uzun illərdir bəzi Qərb ölkələrinin bu təşkilata dolayı və ya birbaşa dəstək verdiyini sübut edən faktlar təqdim edirdi. İndi isə həmin ölkələr qarşısında terrorla mübarizə sahəsində konkret nəticələr ortaya qoyaraq diplomatik üstünlük qazana bilər. Bu baxımdan, ABŞ prezidentinin Körfəz ölkələrinə səfəri, eyni zamanda Antalyada keçiriləcək NATO görüşləri və İstanbulda Rusiya-Ukrayna dialoqunun gündəmdə olduğu bir dövrdə bu xəbərin yayılması təsadüfi deyil.

Digər tərəfdən, AKP-nin bu prosesi seçki ərəfəsində irəli çəkməsi, həm özünə yeni tərəfdaş qazanmaq, həm də cəmiyyətin geniş təbəqələrinin, xüsusilə kürd mənşəli vətəndaşların dəstəyini almaq məqsədi daşıyır. Əgər AKP və DEM arasında hər hansı formal və ya qeyri-formal ittifaq formalaşarsa, bu, Türkiyədə siyasi palitranın yenidən şəkillənməsinə və yeni, daha inklüziv bir idarəetmə modelinin qurulmasına təkan verə bilər.

Bununla yanaşı, PKK-nın özünü buraxması təkcə Türkiyə üçün deyil, regionun bütövlükdə sabitliyi üçün də əhəmiyyətlidir. PKK-nın son illərdə əsasən İraqın şimalında və Suriyanın bəzi bölgələrində aktiv olduğu nəzərə alınsa, bu prosesin davamı olaraq həmin ərazilərdə də silahlı birləşmələrin tərk-silah edilməsinə gətirib çıxarması mümkündür. Bu isə təkcə Türkiyə deyil, İraq, Suriya və İrana da müsbət təsir göstərə bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə vurğuladığı kimi, “PKK terrorunun bitməsi regionu dəyişdirəcək”.

Əgər bu strateji xətt davamlı şəkildə aparılarsa, Türkiyə təkcə təhlükəsizlik baxımından deyil, həm də beynəlxalq imic baxımından güclənəcək. Bu, Avropa İttifaqı ilə münasibətlərin normallaşdırılması və üzvlük perspektivinin yenidən gündəmə gəlməsi üçün də imkanlar yarada bilər. Beləliklə, Türkiyə həm daxili, həm regional, həm də qlobal səviyyədə “yeni bir səhifə” açmaq imkanı əldə edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK  


Bizi "telegram"da izləyin