Çinin Suriyaya doğru artan marağı təəccüblü deyil. Pekin artıq bir neçə ildir ki, Yaxın Şərqdə müxtəlif ölkələrlə, o cümlədən Səudiyyə Ərəbistanı, İran və BƏƏ ilə iqtisadi və diplomatik əlaqələri dərinləşdirir. Suriyaya gəldikdə isə Pekin bu ölkəni həm “Bir kəmər, bir yol” təşəbbüsünün vacib bəndi, həm də ABŞ və Qərbin zəif təsir göstərdiyi bir platforma kimi görür. Suriya ilə strateji tərəfdaşlıq Pekinə bölgədə daha sabit mövqe qazandırmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasında da siyasi legitimlik baxımından əlavə üstünlük verir.
Suriya ilə yaxınlaşan yalnız Çin deyil. Səudiyyə Ərəbistanı və Qətər də Dəməşqlə münasibətləri normallaşdırmağa, hətta bu ölkənin Dünya Bankına olan 15 milyon dollarlıq borcunun ödənilməsini müzakirə etməyə başlayıblar. Bu maliyyə jesti sadəcə yardım deyil – siyasi sadiqlik və diplomatik nüfuz qazanmaq üçün alətdir. Bu isə bölgədə yeni siyasi tənzimləmənin başlandığını göstərir. Ərəb ölkələrinin bu cür yanaşması Türkiyə üçün həm çağırış, həm də imkan ola bilər.
Ankara uzun illərdir Suriya məsələsində əsas aktor kimi çıxış edir. Onun hərbi varlığı, təhlükəsizlik maraqları və miqrasiya siyasəti Suriyadakı proseslərə birbaşa təsir göstərməkdədir. Bəzi dairələr bu mövcudluğu Türkiyənin “fəal nəzarət” siyasəti kimi dəyərləndirsə də, son proseslər göstərir ki, bölgədəki “bölüşdürülmüş təsir” modeli dəyişməkdədir. Çin və ərəb ölkələrinin iqtisadi alətlərlə Suriya siyasətinə daxil olması Türkiyənin mövcud strategiyasını təkbaşına yetərli etməyə bilər. Ancaq bu dəyişiklik Ankara üçün alternativ diplomatik manevr imkanlarını da üzə çıxarır.
Əsas məsələ ondan ibarətdir ki, Çin iqtisadi güc vasitəsilə regionda nüfuz qazanmaq istəyirsə, bu zaman Türkiyənin regional rolunu nəzərə almadan hərəkət edə bilməz. Ankara bölgənin əsas geosiyasi mərkəzlərindən biri olmaqla yanaşı, həm də Avrasiya ilə Yaxın Şərq arasında əsas tranzit və strateji bağlayıcı qüvvədir. Türkiyə ilə əməkdaşlıq etmədən Çin nə Orta Dəhlizi tamamlaya bilər, nə də Avropa bazarına sabit və təhlükəsiz çıxış əldə edə bilər. Pekin bunu anlayır və ona görə də Türkiyənin iştirak etdiyi formatlarda – Türk Dövlətləri Təşkilatı, Orta Dəhliz, Transxəzər marşrutu kimi layihələrdə maraqlı davranır.
Bu nöqtədə Azərbaycanın rolu ön plana çıxır. Bakı həm Çinin, həm də Türkiyənin etibarlı tərəfdaşı olmaqla yanaşı, strateji baxımdan onların arasında siyasi və iqtisadi körpü funksiyasını yerinə yetirə bilər. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün önəmli halqalarından biri olmaqla yanaşı, Zəngəzur dəhlizi və Orta Dəhliz vasitəsilə Çin-Türkiyə marşrutunun canlandırılmasına təkan verə bilər. Bu isə təkcə infrastruktur deyil, həm də geosiyasi əməkdaşlıq anlamına gəlir. Azərbaycan vasitəsilə Çin Türkiyə ilə daha sıx, daha etibarlı və qarşılıqlı maraqlara əsaslanan əlaqələr qura bilər. Bu əlaqələrin güclənməsi, eyni zamanda, Pekinin bölgədəki balans siyasətini də daha dayanıqlı edə bilər.
Ermənistanda Çin diplomatiyasının fəallaşması, xüsusilə də yeni təyin olunmuş səfirin İrəvana gəlməsi və bir neçə ay davam edən sükutdan sonra “Qlobal Cənub” kontekstində mesajlar verməsi, Pekinin regiondakı oyununu balanslı oynamaq niyyətindən xəbər verir. Lakin burada həlledici məqam ondan ibarətdir ki, Çin Ermənistan və ya başqa aktorlar vasitəsilə deyil, regional əməkdaşlıq və səmimi qarşılıqlı maraqlar çərçivəsində təsir gücünü artırmaq istədiyini göstərməlidir. Bu isə məhz Azərbaycan və Türkiyə ilə daha sıx əlaqələrin inkişafı vasitəsilə mümkündür.
Son nəticədə, Çin-Suriya yaxınlaşması təkcə Türkiyəyə qarşı yönəlmiş bir geosiyasi təzyiq deyil, əksinə, Ankara üçün yeni diplomatik manevr imkanları yaradan bir reallıqdır. Əgər bu proseslər düzgün oxunarsa və Çinlə əməkdaşlıq rasional çərçivədə inkişaf etdirilərsə, Türkiyə təkcə Yaxın Şərqdə deyil, həm də Avrasiya məkanında yeni güc balansında mərkəzi rol oynaya bilər. Bu zaman isə Azərbaycan bu körpünün həm siyasi, həm iqtisadi, həm də coğrafi dayağına çevrilə bilər.
Asif Cəfərov
Ordu.az