Türkiyə üçün bu təşəbbüs qətiyyən qəbuledilməzdir. Türkiyə çox yaxşı başa düşür ki, Suriyanın şimalında “kürd muxtariyyəti” adlanan bir strukturun qurulması, əslində bölgədə separatizmin və terror təhlükəsinin güclənməsi deməkdir. Türkiyə uzun illərdir ki, PKK və onun qolu olan YPG/PYD terror təşkilatlarına qarşı mübarizə aparır. ABŞ-nin dəstəyi ilə Suriyada qurulmaq istənilən bu strukturlar isə bilavasitə həmin terrorçu təşkilatların siyasi qanadlarıdır.
Qamışlıda keçirilən konfransda qəbul olunan sənəd və ABŞ-nin orada nümayəndə səviyyəsində iştirakı, Vaşinqtonun Suriyada qeyri-şəffaf və birtərəfli planlarını ifşa edir. “Desentralizasiya olunmuş demokratik dövlət” konsepsiyası pərdə arxasında Suriyanın şimalında kürd dövləti yaratmaq cəhdi kimi qiymətləndirilə bilər. Bu cür addımlar yalnız Suriyanın suverenliyinə və ərazi bütövlüyünə zərbə vurmur, eyni zamanda regionda daimi qarşıdurma və qeyri-sabitlik toxumları səpir.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın sərt açıqlaması Ankaranın bu planlara qarşı prinsipial mövqe sərgilədiyini bir daha nümayiş etdirdi. Türkiyə açıq şəkildə bəyan etdi ki, Suriyanın şimalında heç bir separatçı quruma və ya terrorçuların yuva salmasına imkan verilməyəcək. Əslində, bu, təkcə Türkiyənin deyil, Suriyanın dövlətçiliyi və bölgə sabitliyi naminə irəli sürülən haqlı bir tələbatdır.
Türkiyənin yanaşması daha geniş geosiyasi kontekstdə də izah oluna bilər. ABŞ Suriyada “kürd kartı”nı oynayaraq regionda öz təsirini saxlamağa çalışır. Lakin Türkiyə həm Suriyada, həm İraqda, həm də bütövlükdə Yaxın Şərqdə süni dövlətçiklər yaradılmasının uzunmüddətli perspektivdə nə qədər təhlükəli olduğunu bilir. Bu səbəbdən, Türkiyə bu siyasətə qarşı həm diplomatik, həm də hərbi sahədə konkret addımlar atmağa hazırdır.
Eyni zamanda, Suriyanın keçici rəhbəri Əl-Şaraa da kürd muxtariyyətinin tanınmasına qəti etiraz edərək, ölkənin ərazi bütövlüyünü “qırmızı xətt” elan etdi. Bu, Türkiyənin mövqeyi ilə tam uyğun gəlir və Ankara ilə Dəməşq arasında müəyyən bir təmas xətti formalaşdırır. İstər Türkiyə, istərsə də Suriyanın qanuni rəhbərliyi bölgənin parçalanmasına və etnik xəritələrin dəyişdirilməsinə qarşıdır.
Bundan başqa, nəzərə almaq lazımdır ki, Suriyanın şimalında ABŞ-nin himayəsində qurulacaq hər hansı bir kürd muxtariyyəti, bölgədə İranın, Rusiyanın və hətta Çinin də maraqlarına ziddir. Bu isə Türkiyəyə geniş regional dəstək imkanı yaradır. Ankara bu prosesi təkbaşına deyil, digər regional oyunçularla koordinasiyalı şəkildə idarə edə bilər.
Bütün bu reallıqlar fonunda Türkiyənin Suriyada və bütövlükdə Yaxın Şərqdə yürütdüyü siyasət haqlıdır, qanunidir və bölgənin sabitliyi üçün vacibdir. ABŞ-nin kürd planlarına qarşı Ankaranın sərt reaksiyası bir tərəfdən milli təhlükəsizliyi qorumağa xidmət edir, digər tərəfdən isə regional sülhün və ərazi bütövlüyü prinsipinin müdafiəsi baxımından beynəlxalq hüquqa əsaslanır.
Asif Cəfərov
Ordu.az