Erməni hərbi ekspert: “Ermənistan hakimiyyətinin cəmiyyəti müharibə təhlükəsi ilə qorxutmaq siyasəti yeni mərhələyə daxil olub”

2026/06/1781931782.jpg
Oxunub: 210     22:02     20 İyun 2026    
“Əgər indiyədək sülhü nümayiş etdirmək üçün atəş açılmırdısa, indi cəmiyyəti daha çox qorxutmaq lazım gələcək”.

Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan deyib.

Erməni ekspert hesab edir ki, Ermənistan hakimiyyətinin cəmiyyəti müharibə təhlükəsi ilə qorxutmaq siyasəti yeni mərhələyə daxil olub.

Onun sözlərinə görə, bu qənaətə Nikol Paşinyanın parlamentdə və daha sonra hökumətdə keçirdiyi brifinq zamanı səsləndirdiyi fikirlərdən sonra gəlib.

“Mən hesab edirəm ki, hakimiyyət yenə də şantaj dilində danışmağa davam edir. Bunun əsas səbəbi seçkilərdən sonra istədiyi nəticəni əldə etməməsidir. Hakimiyyət arzuladığı üçdəiki çoxluğu qazana bilmədi və böyük ehtimalla bundan sonra da qazana bilməyəcək. Əgər müxalifət mandatları qəbul etsə, parlamentdə təmsil olunacaq qüvvələrin mövqeyi kifayət qədər sərt olacaq”, - deyə Camalyan bildirib.

Erməni ekspertin fikrincə, hakimiyyət ötən illər ərzində müxalifət sıralarından ayrı-ayrı şəxsləri öz tərəfinə çəkməyə çalışıb, lakin yeni parlamentdə bunun daha çətin olacağını düşünür.

“Beş il ərzində hakimiyyət hər fraksiyadan bir nəfəri öz tərəfinə keçirməyə nail olmuşdu. İndiki şəraitdə isə altı nəfəri birdən eyni şəkildə cəlb etmək və ya satın almaq mümkün görünmür. Buna görə də hakimiyyət üçdəiki çoxluğa sahib olmayacaq”, - deyə o vurğulayıb.

Camalyanın sözlərinə görə, Nikol Paşinyanın məqsədi gələcəkdə üçdəiki çoxluğu əldə etməkdir və bu səbəbdən növbədənkənar seçkilər ssenarisi istisna olunmur.

“Paşinyana üçdəiki çoxluq lazımdır və buna görə gec-tez növbədənkənar seçkilərə gedəcək. Həmin seçkilərdə istədiyi nəticəni almaq üçün yenidən müharibə təhlükəsi mövzusundan istifadə etməyə çalışacaq. Mən hesab edirəm ki, bu dəfə də əsas alətlərdən biri müharibə şantajı olacaq”, - deyə erməni ekspert qeyd edib.

Camalyan hesab edir ki, sərhəddə mümkün gərginliklərdən daxili siyasi məqsədlər üçün istifadə edilə bilər.

“Mənim fikrimcə, Ermənistanın daxili siyasi inkişafları müəyyən mənada Bakıdan yönləndirilir. Nikol Paşinyan Bakıya müəyyən vədlər verib və Bakı da həmin vədlərin yerinə yetirilməsini tələb edəcək. Buna görə də proseslərə bu kontekstdə baxmaq lazımdır”, - deyə Camalyan vurğulayıb.

Onun sözlərinə görə, Avropa istiqamətində aparılan siyasətin də müəyyən nəticələri olacaq.

“Bu avrokələkbazlığın, bu avroterrorun bir qiyməti var. Bütün bunlar Paşinyanın anti-Rusiya kursunu davam etdirməsi üçün həyata keçirilib. Əgər o bu kursdan yayınsa, indiyədək qurulmuş bütün siyasi mexanizmlər onun əleyhinə işləyəcək. Məhz buna görə də Paşinyanın vəziyyəti həqiqətən çox ağırdır”, - deyə erməni ekspert bildirib.

Camalyan hesab edir ki, dövlətçilik tərəfdarı olan siyasi qüvvələr mümkün növbədənkənar seçkilərə hazır olmalıdırlar.

“Əgər Paşinyan növbədənkənar seçkilər ssenarisinə üstünlük versə, dövlətçilik mövqeyindən çıxış edən qüvvələr buna hazır olmalıdırlar. Eyni zamanda cəmiyyətin ruhdan salınmasına yol vermək olmaz. Hakimiyyətin əldə etdiyini iddia etdiyi nəticələrə ayıq baxanda görürük ki, reallıq fərqlidir. Hətta elə seçki məntəqələri olub ki, Paşinyan orada ümumiyyətlə səs almayıb”, - deyə o qeyd edib.

Erməni ekspert sonda bir daha vurğulayıb ki, “sülh artıq əldə olunub” tezisinin gələcəkdə “qarşıdan gələn müharibənin qarşısını almaq lazımdır” tezisi ilə əvəzlənməsi mümkündür.

“Paşinyana “yox” demək potensialı mövcuddur. Çünki reallıqda onun lehinə səs verən insanların sayı çox azdır”, - deyə Camalyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Camalyan   Ermənistan  


Bizi "telegram"da izləyin