Vens: “ABŞ və İsrail İranla bağlı nizamlanma yoluna fərqli yanaşır”

2026/06/1781979966.jpg
Oxunub: 204     22:21     20 İyun 2026    
ABŞ vitse-prezidenti Cey Di Vens Vaşinqton və Təl-Əviv arasında İran məsələsində məqsədlər deyil, həmin məqsədlərə çatmaq üsulları ilə bağlı fikir ayrılıqlarının ola biləcəyini bildirib.

Ordu.az xəbər verir ki, Vens bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, ABŞ və İsrail arasında strateji məqsədlər baxımından ciddi fikir ayrılığı yoxdur, lakin tərəflər bu məqsədlərə nail olma üsullarını fərqli qiymətləndirə bilərlər.

“Məqsədlərlə bağlı fikir ayrılığının olub-olmadığını bilmirəm. Bəzən fikir ayrılığı yalnız həmin məqsədlərə necə çatmaq məsələsində olur. ABŞ Prezidenti İsrail hökumətinin bəzi nümayəndələrinin mövqeyindən fərqli olaraq bəyan edib ki, biz bu danışıqlara şans verəcəyik”, - deyə Vens bildirib.

Bu açıqlama Vensin bir neçə gün əvvəl Yaxın Şərqdə davam edən qarşıdurma fonunda İsrailin bəzi addımlarını açıq şəkildə tənqid etməsindən sonra səslənib.

O vurğulayıb ki, Donald Tramp hazırda İsrailə açıq dəstək verən azsaylı dünya liderlərindən biridir.

“Donald Tramp hazırda bütün dünyada İsrailə simpatiya göstərən yeganə dövlət başçısıdır. Eyni zamanda o, qlobal supergücün lideridir. Əgər mən İsrail hökumətinin üzvü olsaydım, mənə qalan yeganə güclü müttəfiqə qarşı çıxmazdım”, - deyə Vens qeyd edib.

Vitse-prezident həmçinin İsrailin ABŞ silahlarından asılı olduğunu xatırladaraq bəzi israilli siyasətçiləri ölkələrinin mövcud vəziyyətini düzgün qiymətləndirməyə çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin