Ordu.az “EDR Magazine” agentliyinə istinadən xəbər verir ki, Saint-Louis Araşdırma İnstitutunda “I-SMART” (“ISL Sniper Munition Actuated to Reach Target”) adlandırılan 12.7 mm-lik mərmi beş əsas komponentdən ibarətdir.
Mərminin ön hissəsində terminal idarəetmə mərhələsində istifadə edilən optik sensorlar yerləşdirilib. Daha sonra naviqasiya elektronikası, enerji mənbəyi, işə salma mexanizmi və nəhayət rabitə sistemindən ibarət daxili quruluşa malikdir. Layihənin əsas texniki çətinliyi isə cəmi 54 mm uzunluğa və 12.7 mm maksimum çapa malik mərminin içinə bu qədər elektron komponenti yerləşdirmək və eyni zamanda onların atəş zamanı yaranan güclü sürətlənməyə davamlı olmasını təmin etməkdir. Bu səbəbdən mərminin hər bir daxili komponenti ayrıca sınaqlardan keçirilir.
Mərminin iş prinsipi də diqqətçəkicidir. Uc hissəyə yerləşdirilmiş optik sensorlar terminal idarəetməni mümkün etsə də, ilkin sınaq mərhələlərində trayektoriya düzəlişi yerüstü idarəetmə stansiyasında həyata keçirilib. Bu da mərminin uçuş zamanı snayperin yerüstü stansiya ilə rabitə əlaqəsində olmasını tələb edir. Gələcəkdə isə bu funksiyanın mərminin daxilində yerləşdirilən hesablama modulu vasitəsilə avtonom şəkildə yerinə yetirilməsi planlaşdırılır.
İdarəetmə üçün nəzərdə tutulmuş aerodinamik sükanlar laboratoriya və külək tuneli sınaqlarında uğurla test edilsə də, hələlik real atış şəraitində yoxlanılmayıb. ISL-in məqsədi 2000 metr məsafədə 50 metr yan istiqamətli trayektoriya düzəlişi edə bilən bir sistem qurmaqdır. Uçuşun təxminən üç saniyə çəkdiyi nəzərə alındıqda, bu qabiliyyət yalnız dəqiqliyi artırmaqla kifayətlənməyəcək, həm də snayperə saatda 60 km sürətlə hərəkət edən bir hədəfi effektiv şəkildə vurmaq imkanı verəcək. Bu texnologiya, həmçinin daha az təcrübəyə malik şəxslərin belə yüksək dəqiqliklə atəş açmasına şərait yaradaraq, az təlimlə yüksək effektivlik təmin edə bilər.
“EDR On-Line”ın əldə etdiyi məlumatlara görə, ISL bu idarəolunan mərmini “12.7×99 mm” kalibrli snayper tüfəngləri ilə uyğunlaşdırmağı qarşısına məqsəd qoyub. Hazırda layihənin Texnologiya Hazırlıq Səviyyəsi (TRL) 5 mərhələsinə çatacağı yekun testlərin tarixi açıqlanmayıb. Bu mərhələyə çatdıqdan sonra institut prototip mərhələsindən məhsullaşdırma mərhələsinə keçmək üçün sənaye tərəfdaşları ilə əməkdaşlıq axtarışına çıxacaq və texnoloji biliklərini sənaye ortağına ötürməyi planlaşdırır.
Hazırda dünyada yalnız bir neçə ölkə snayperlər üçün idarəolunan mərmi texnologiyası üzərində işləyir. ABŞ və Rusiya bu sahədə layihələr həyata keçirən yeganə dövlətlər kimi tanınır. ABŞ-də DARPA tərəfindən həyata keçirilən EXACTO (“Extreme Accuracy Tasked Ordnance”) layihəsi 2015-ci ildə bəzi nümayişlərlə gündəmə gəlsə də, layihədən bu günə qədər real məhsul çıxmayıb. Rusiyanın isə 12.7×108 mm kalibrli uzun mənzilli snayper tüfəngləri üçün inkişaf etdirdiyi idarəolunan mərmi proqramı haqqında ictimaiyyətə açıq məhdud sayda məlumat mövcuddur.
Beləliklə, Fransa və Almaniyanın bu sahəyə daxil olması snayperlər üçün idarəolunan mərmi texnologiyasında Avropanın da söz sahibi olacağı yeni bir mərhələnin başlandığını göstərir.
Dəyanət Ağalarlı
Ordu.az