Antalya diplomatik forumunda Bayramov-Mirzoyan görüşü gözlənilir? – ANALİZ

2025/04/1744275006.jpg
Oxunub: 1219     16:38     10 Aprel 2025    
Məlum olub ki, Ermənistanın xarici işlər naziri aprelin 12-də Antalyada keçiriləcək illik diplomatik forumda iştirak edəcək. Rəsmi məlumata görə, forum çərçivəsində Ermənistanın xarici işlər naziri ikitərəfli görüşlər də keçirəcək. Bu görüşlər arasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş olacaqmı?

Bu günlərdə Ermənistan mətbuatında anonim mənbədən məlumat yayılıb ki, mart ayının sonunda rəsmi səfərdə olduğu Astanadan qayıdarkən Ararat Mirzoyan Dubayda Azərbaycan nümayəndələri ilə qeyri-rəsmi görüş keçirib. Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edərək bildirib ki, Ararat Mirzoyan Astanadan tranzit marşrutla qayıdıb, bu marşrut Dubaydan keçsə də, orada gecələməyib və heç bir gizli görüş keçirməyib.

Rəsmi səviyyədə Ararat Mirzoyan Azərbaycanlı həmkarı ilə sonuncu dəfə 2023-cü il sentyabrın 26-da Nyu-Yorkda görüşüb. BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi və iştirakı ilə üçtərəfli Blinken-Mirzoyan-Bayramov görüşü keçirilib. ABŞ tərəfi artıq noyabrda Maltada keçirilən ATƏT nazirlər toplantısı çərçivəsində də belə bir görüş təklif edib, lakin Azərbaycan tərəfi bu təklifi haqlı olaraq rədd edib.

Maraqlıdır ki, həmin vaxt artıq ABŞ prezident seçkilərində Donald Trampın qalib gəldiyi məlum idi. Görüşlərin olmamasına baxmayaraq, martda bəyan edilib ki, sülh müqaviləsi mətninin razılaşdırılmamış iki bəndi ilə bağlı Azərbaycanın təklifləri ilə razılaşıb və beləliklə, müqavilə mətni üzrə danışıqlar başa çatıb. Danışıqlar başa çatsa da, İrəvan imzalama üçün daha öncə qəbul edilən məsələlərdən imtina edir.

Ermənistan tərəfi isə bu arada həm XİN, həm də baş nazir səviyyəsində imzalama məsələsi ilə bağlı müzakirələrə başlamağa hazır olduğunu bildirib. Azərbaycan isə haqlı olaraq öz prinsipial mövqeyində israr edir və sülh müqaviləsinin imzalanması üçün zəruri olan konkret məsələləri qaldırır. Bu fonla Antalya diplomatik forumu faktiki olaraq Ermənistan və Azərbaycan nazirlərinin iştirakı ilə bir tədbir olacaq, bu səbəbdən də sual yaranır: Bayramov-Mirzoyan görüşü olacaqmı? Türkiyə tərəfi təşkilatçı kimi bu görüşü təşkil etməyə çalışacaqmı? Ötən il eyni forumda, yəni 2023-cü ilin martında Bayramov-Mirzoyan görüşü baş tutmuşdu.

Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü şərtlərdə tamamilə haqlıdır. Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tam tanımalı, separatçı fəaliyyətlərə dəstək verməkdən çəkinməli və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün konkret addımlar atmalıdır.

İrəvan tərəfindən sülh sazişi ilə bağlı verilən bəyanatlar isə çox zaman qeyri-səmimi olur və real addımlarla müşayiət olunmur. Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətə sülhpərvər tərəf obrazı yaratmağa çalışsa da, əslində regionda sülhü və sabitliyi təmin etmək üçün ciddi addımlar atmaqdan yayınır.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bölgədə dayanıqlı sülhə nail olmaq üçün təkcə kağız üzərində razılaşmalar əldə etmək kifayət deyil, real əməllər də tələb olunur. Bu mənada, Antalya forumu çərçivəsində baş tuta biləcək Bayramov-Mirzoyan görüşü Ermənistan tərəfinin həqiqətən də sülh sazişini imzalamaq niyyətində olub-olmadığını göstərəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Antalya   Diplomatik-forum   Bayramov   Mirzoyan  


Bizi "telegram"da izləyin