Atlantik Okeanının İki Sahilində İnam Böhranı: NATO-nun Gələcəyi Təhlükədədir?

2025/04/1743946685.jpg
Oxunub: 823     12:35     07 Aprel 2025    
2024-cü il aprelin 4-də NATO-nun qurulmasının 75-ci ildönümü qeyd olundu. 1949-cu ildə imzalanan Şimali Atlantika Müqaviləsinin ildönümündə Aİ-hava olduqca nikbin idi. Fransa prezidenti Emmanuel Makronun ifadəsi ilə desək, Rusiyanın Ukraynanı işğalı “beyin ölümü keçirmiş NATO-nu” yenidən diriltmişdi. Finlandiya və İsveçin NATO-ya qoşulması isə ittifaqın şimal qanadını əhəmiyyətli dərəcədə gücləndirmişdi. ABŞ Konqresinin Ukraynaya veriləcək yeni yardım paketini təxirə salmasına və o zaman prezidentliyə namizəd olan, indiki ABŞ prezidenti Donald Trampın seçki kampaniyasında müttəfiqlərə verdiyi öhdəlikləri sual altına almasına baxmayaraq, NATO “Trampa qarşı davamlı” görünürdü. Yayda Vaşinqtonda keçirilən zirvə toplantısında müttəfiqlər transatlantik birliyi yenidən təsdiqlədilər və Ukraynaya yardımları koordinasiya edəcək yeni NATO komandanlığı Almaniyanın Visbaden şəhərindəki ABŞ bazasında fəaliyyətə başladı.

Ancaq cəmi bir il sonra, 2025-ci il aprelin 4-də hər şey tamamilə dəyişib. Yeni Tramp administrasiyasının ritorikası və siyasətləri ABŞ-nin Avropanı müdafiə etməyə sadiqliyinə olan inamı sarsıdıb. Son bir sorğuya əsasən, avropalıların əksəriyyəti Trampı artıq Avropanın müttəfiqi deyil, “düşməni” kimi görür. Avropanın ABŞ dəstəyi olmadan öz təhlükəsizliyini təmin etməsi ehtimalı gündəmə gəlib. NATO-nun gələcəyi isə qeyri-müəyyənləşir.

Transatlantik çatlar dərinləşir

Tramp vəzifəyə başladıqdan bir neçə həftə sonra ABŞ-nin Ukrayna siyasətini tamamilə dəyişdirdi və Rusiya ilə danışıqlara başladı. Bu danışıqlarda isə Kreml tələblərinin əksəriyyəti qəbul edildi və Ukrayna danışıqlara məcbur edilməsi üçün ona verilən yardım və kəşfiyyat dəstəyi bir həftəlik dayandırıldı. İndi Ukrayna ya özü üçün əlverişsiz olan atəşkəs razılaşmasını imzalayacaq, ya da ABŞ dəstəyini tamamilə itirəcək.

Ukraynadan fərqli olaraq, digər Avropa ölkələri NATO Müqaviləsinin 5-ci maddəsinə əsasən ABŞ-yə bağlıdır və bir üzvə edilən hücum bütün ittifaqa edilmiş sayılır. Lakin artıq qarşılıqlı öhdəliklərə olan inam zədələnib və avropalıların beynində tək bir sual var: “Növbəti bizik?” Tramp və komandası ənənəvi NATO müttəfiqlərini açıq şəkildə tənqid edir, onları “parazit” və daim “xilas edilməli olan” ölkələr kimi təqdim edir. ABŞ-nin NATO-ya sadiqliyi artıq müdafiə xərclərinin artırılması və ya ABŞ-nin maraqlarına uyğun ticarət siyasətləri qəbul edilməsi kimi şərtlərə bağlana bilər. Beləcə, müdafiə artıq müttəfiqlərin satın almağa məcbur olduqları bir “məhsul”a çevrilə bilər.

ABŞ-nin bəzi tələbləri, əslində, müdafiə xərclərinin bölüşdürülməsi prinsipinin daha inkişaf etmiş versiyası kimi şərh oluna bilər. ABŞ müdafiə naziri Pit Heqsetin sözlərinə görə, ölkəsi Çin və daxili təhlükəsizlik məsələlərinə fokuslanarkən, Avropa öz qitəsindəki ənənəvi çəkindiriciliyin məsuliyyətini üzərinə götürməlidir. Bu yük paylaşımı ideyası əvvəlki ABŞ administrasiyaları tərəfindən də dəstəklənən uzunmüddətli bir tendensiyadır. Digər müttəfiqlər, müdafiə xərclərini artıraraq və NATO daxilində daha çox məsuliyyət götürərək bu məqsədə dəstək verə bilərlər.

Lakin ABŞ-nin bu tələblərini Tramp administrasiyasının ritorikasında yer alan digər təhdidedici elementlərdən ayırmaq çətindir. Trampın Qrenlandiyanı (Danimarkaya məxsusdur) və Kanadanı ilhaq etməklə bağlı davamlı iddiaları ABŞ-nin ən yaxın müttəfiqlərinin ərazi bütövlüyünə birbaşa təhdid yaradır. ABŞ-nin Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun “Rusiya Avropa üçün təhdid deyil” açıqlaması və Vaşinqtonun Kremlə qarşı kiber əməliyyatları dayandırmaq və sanksiyaları aradan qaldırmaq niyyətində olduğuna dair işarələr, ABŞ-nin müdafiəsiz vəziyyətdə olan avropalı müttəfiqlərini qorumaq əvəzinə, Putinə Avropanın ziyanına razılaşma təklif edə biləcəyini düşündürür.

Bütün bu hadisələr NATO-nun çəkindiricilik gücünü zəiflədir. ABŞ-nin Avropanı tərk etmək kimi açıq bir niyyəti olmasa da, Rusiya kimi rəqiblər bu güvənsizlik mühitindən istifadə edərək NATO-nu daha da zəiflətməyə çalışa bilər. NATO-nun strateji konsepti transatlantik əlaqəni çəkindiriciliyin əsas elementi kimi vurğulayır. Bu gün bu əsas ciddi şəkildə sarsılır.

NATO-nun gələcəyi necə olacaq?

NATO yalnız siyasi bir ittifaq deyil; eyni zamanda 32 ölkənin ordusunu əhatə edən, bir-biri ilə inteqrasiya olunmuş hərbi bir strukturdur. Başqa heç bir ittifaq NATO-nun malik olduğu səviyyədə institusionallaşmayıb. Müttəfiqlər müdafiə planlarını birlikdə hazırlayır, qüvvə strukturlarını birlikdə inkişaf etdirir və birgə komanda altında təlim və təcrübələr həyata keçirirlər. NATO-nun komanda strukturu hər nə qədər ABŞ-yə (bazasına, logistik dəstəyə və SACEUR kimi vacib komandanlıqlara görə) ciddi şəkildə bağlı olsa da, Avropa orduları da bu sistemin içində olduqca inteqrasiya olunmuş vəziyyətdədir.

NATO-nun mövcudluğunu davam etdirməsi üçün ediləcək ən yaxşı şey ittifaqı ABŞ-dən daha az asılı vəziyyətə gətirməkdir. Avropa ölkələri və Kanada müdafiə yükünün daha böyük hissəsini öz üzərlərinə götürərək və zamanla ABŞ-dən asılı olan strukturların yerinə keçə biləcək Avropa mərkəzli müdafiə qabiliyyətləri inkişaf etdirərək bunu bacara bilərlər. Avropa Komissiyası tərəfindən başladılan “ReArm Europe – Readiness 2030” təşəbbüsü təxminən 800 milyard avro məbləğində bir resurs yaradaraq, Avropa ölkələrinə öz müdafiə güclərini artırma və güclü bir çəkindiricilik yaratma imkanı təqdim edir.

Lakin bu təşəbbüslər də bütün problemləri həll etməyə bilər. Əgər Tramp doğrudan da NATO-nu dağıtmaq istəsə – istər güzəşt qoparmaq, istərsə də Avropa təhlükəsizliyi ilə maraqlanmadığı üçün – bunu etmə gücünə sahibdir. 2023-cü ildə Konqres tərəfindən qəbul edilən, ABŞ prezidentinin NATO-dan birtərəfli şəkildə çıxmasını Konqres və Senatın qərarına bağlayan qanun bu prosesi çətinləşdirir. Amma Tramp ittifaq daxilində qalaraq və bəzi müttəfiqlərlə qarşıdurma yaradaraq NATO-nun fəaliyyətini ciddi şəkildə əngəlləyə bilər.

Bu ssenari bəlkə də ən ehtimal edilən variant deyil, lakin artıq qeyri-mümkün də deyil. Avropa ölkələri və Kanada NATO-nu qorumaq və öz təhlükəsizliklərini təmin etmək üçün təcili fəaliyyət planına ehtiyac duyurlar.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO  


Bizi "telegram"da izləyin