ABŞ-də iri sənaye müəssisələri tədricən bağlandı və nəticədə minlərlə iş yeri azaldı. Detroyt, Klivlend və Pitsburq kimi şəhərlər öz sənaye şöhrətlərini itirdilər. Bu prosesin baş vermə səbəblərindən biri də şirkətlərin istehsalat müəssisələrini ABŞ-dən Meksika, Çin, Cənubi Koreya kimi ölkələrə köçürməsi idi. Səbəblərin başında isə ucuz işçi qüvvəsinin mövcudluğu dayanırdı. ABŞ-də istehsalat xərcləri daha baha başa gəlirdi, həmçinin əmək hüquqları, yüksək əməkhaqqı və ekoloji standartlar da əlavə yük yaradırdı.
Nəticədə Çin, Cənubi Koreya, Tayvan, Almaniya və digər ölkələr keyfiyyətli və ucuz məhsul təqdim etməyə başladılar. Beləliklə, Çin ABŞ-nin itirdiyi mövqeləri tədricən ələ keçirdi və dünyanın ən böyük sənaye istehsalçısına çevrildi. Təsadüfi deyil ki, 2000-ci illərdən bəri Çinə “dünyanın fabriki” deyilir. Bu ölkələr ABŞ-yə aşağı gömrük tarifləri ilə məhsul ixrac edərək bazarı məhsulla doldurdular. ABŞ isə post-sənaye dövrünə qədəm qoydu və əsasən xidmət sektoruna arxalanmağa başladı. Hazırda ABŞ iqtisadiyyatının 85%-dən çoxunu xidmət sahəsi təşkil edir. Bu sektorda isə əsasən texnologiya, maliyyə, səhiyyə və təhsil sahələri üstünlük təşkil edir.
ABŞ sənaye potensialını tam itirməsə də, artıq qlobal istehsal mərkəzi deyil. Ölkə daha çox məhsul idxal edir, nəinki ixrac – bu da ABŞ-ni dünyanın ən böyük ticarət kəsiri olan ölkəsinə çevirib. 2024-cü ildə ABŞ-nin ticarət kəsiri 1.2 trilyon dollara çatıb, bu isə ötən illə müqayisədə ciddi artımdır. Amerikalılar keçmişi nostalji ilə xatırlayırlar – o dövrləri ki, fabriklər çoxlu iş yerləri yaradır və yerli istehsal həm daxili tələbatı ödəyir, həm də ixrac edilirdi. Bu nostalji “iqtisadi millətçilik” ideyalarının da güclənməsinə yol açır.
ABŞ cəmiyyətindəki bu əhval-ruhiyyə Donald Trampın yenidən Ağ Evə qayıtmasında mühüm rol oynadı. O, ABŞ-ni yenidən qüdrətli etməyə vədlər verib, xüsusilə də bunu sənaye və istehsalın dirçəlməsi baxımından etməyə çalışır. Bu məqsədlə Tramp yerli istehsalçıların vergilərini azaltmağı, xaricdən gətirilən məhsullara isə daha yüksək gömrük rüsumları tətbiq etməyi planlaşdırır.
Aprelin 2-də Tramp yeni gömrük rüsumları tətbiq edərək dünyaya ticarət müharibəsi elan etdi. Bu qərar Ağ Evin “Qızılgül bağı”nda keçirilən təntənəli mərasimlə “ABŞ-nin Azadlıq Günü” kimi təqdim olundu. Əsas hədəflər isə ABŞ-yə ən çox məhsul ixrac edən Çin, Aİ ölkələri, Kanada və Meksikadır.
Bu ölkələr isə cavab tədbirləri görəcəklərini, ABŞ məhsullarına gömrük rüsumlarını artıracaqlarını bildiriblər. Aİ-nin bir sıra ölkələrində hətta ABŞ məhsullarına qarşı boykot kampaniyası başlayıb. Lakin istisna deyil ki, tərəflər sonradan danışıqlara başlaya bilərlər, çünki Tramp bir çox məsələdə yeni razılaşmalar əldə etməyi üstün tutur. Ancaq iqtisadçılar və banklar xəbərdarlıq edirlər ki, ticarət müharibəsi qlobal iqtisadi artım tempini azalda, inflyasiya və qiymət artımı ilə nəticələnə bilər.
Digər tərəfdən, bəzi ölkələr üçün bu vəziyyət fürsətlər də yarada bilər. Çünki ABŞ bəzi ölkələrə daha az gömrük rüsumları tətbiq edib. Həmin ölkələr arasında Azərbaycan da var. Əgər məqsədyönlü və ardıcıl addımlar atılsa, ABŞ-dən yüksək rüsumlara məruz qalan ölkələrdən investisiyalar cəlb etmək, istehsalı Azərbaycana köçürmək və buradan ABŞ-yə ixracı təşkil etmək mümkündür.
Asif Cəfərov
Ordu.az