Azərbaycan və Ermənistan arasında sülh: Yarı həqiqət, yoxsa həqiqət?

2025/04/33-1743662884.jpg
Oxunub: 986     17:35     03 Aprel 2025    
13 Mart 2025-ci ildə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin eyni vaxtda iki ölkə arasında davam edən sülh müqaviləsi mətni ilə bağlı razılığa gəldiklərini açıqlaması Azərbaycanın son iki tələbinin Ermənistan tərəfindən qəbul edildiyi mənasını daşıyır. Azərbaycan 17 maddədən ibarət olan mətndə xüsusilə iki maddənin dəyişdirilməsini tələb edirdi. Bu maddələrdən birincisi, Ermənistan-Azərbaycan sərhədindəki Aİ müşahidə missiyasının geri çəkilməsi, ikincisi isə keçmiş Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk Qrupunun fəaliyyətinin dayandırılması məqsədi ilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) birgə müraciət edilməsidir.

Azərbaycan konkret addımlar gözləyir

Ancaq sülh mətni üzrə razılığa gəlinməsi sülh müqaviləsinin qısa zamanda imzalanacağı mənasını vermir. Nəticə etibarilə, sülh müqaviləsi mətni ilə bağlı razılıq əldə edildiyi açıqlandıqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyindən edilən açıqlamada sülh müqaviləsinin imzalanması üçün xüsusilə Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciətin edilməsi zəruriliyi vurğulanıb. Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyi “iki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq” açıqlamasını edərək, sülh müqaviləsinin imzalanması üçün iki məsələdən kənarda da həll edilməli olan məsələlərin olduğunu bildirdi.

Sülh müqaviləsi mətininin imzalanması ilə bağlı müxtəlif məsələlər uzun müddətdir ki, Prezident İlham Əliyev də daxil olmaqla, Azərbaycanda mütəxəssislər və siyasətçilərin gündəmindədir. Bu məsələlərə Zəngəzur dəhlizinin açılması, erməni icmasının sülhə hazırlanması, Ermənistandan zorla qovulan Qərbi Azərbaycanlıların öz yurdlarına qayıtması, Ermənistanın Azərbaycanla olan sərhəd bölgələrinin silahsızlaşdırılması, Ermənistanın işğal dövründə törətdiyi qətliam və soyqırımla əlaqədar üzr istəməsi və işğal səbəbilə təzminat ödəməsi kimi məsələlər daxildir.

Ermənistan hələlik bu tələblərdən Minsk Qrupunun ləğvi ilə bağlı Azərbaycanla birgə müraciət etməyə hazır olduğunu bildirsə də, Aİ missiyasının yalnız sülh müqaviləsi imzalandıqdan sonra sərhəddən çıxacağını iddia edir. Lakin bu, Azərbaycanın tələbinin tam şəkildə qarşılanması demək deyil, çünki Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması üçün Ermənistandan konkret addımlar gözləyir.

Ermənistanda silahlanma və revizionizm təhlükə yaradır

Ermənistan Baş naziri Nikol Paşinyan sülh mesajları versə də, 16-21 mart tarixlərində Ermənistan ordusu sərhəddə atəşkəsi bir neçə dəfə pozdu. İşğal keçmişi olan və hələ də revizionist tələblərin gündəmdə olduğu Ermənistanın Fransa və Hindistan kimi dövlətlər tərəfindən silahlandırılması region üçün təhlükə yaradır. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan ordusuna Fransa və Amerika Birləşmiş Ştatlarından (ABŞ) hərbi məsləhətçilər təyin edildi və birgə təlimlər keçirildi. Ordunun 2020-ci ildəki müharibədən əvvəl 700 milyon dollar olan hərbi büdcəsi 2025-ci ildə 1,708 milyard dollar təyin edildi. Bu, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın hərbi büdcəsinin 3 dəfə artırıldığı mənasını verir. Ölkənin borcu Ümumi Daxili Məhsulun (ÜDM) 60%-ni təşkil edən Ermənistan 2025-ci il üçün büdcəsinin 30%-ni hərbi xərclərə ayırdı. Yəni, Ermənistanın hərbi xərcləri ölkənin ÜDM-nin 6%-ni təşkil edir. Bu büdcə artımı Fransa və Hindistan kimi ölkələrdən hücum məqsədli silahların alınması ilə müşahidə edildi.

Silahlanan Ermənistanda revizionist tələblər gündəmdə qalmaqda davam edir. 25 Fevral 2025-ci ildə Ermənistanın paytaxtı İrəvanda xarici ölkələrdən nümayəndələrin iştirakı ilə Daşnaksutyun Partiyasının 35-ci Qurultayı keçirildi və gələcək dövr üçün daşnakların strateji prioritetləri müəyyən edildi. Bu mərhələdə, Qarabağ ermənilərinin kütləvi şəkildə geri qayıtmasının təmin edilməsi məqsədilə beynəlxalq hüquqi və siyasi zəmanətlərin yanında digər əsas hüquqların təmin edilməsi, Qarabağın “azad edilməsi” gündəmi ətrafında milli birlik yaradılması, Müstəqillik Bəyannaməsinin ruhuna uyğun olaraq ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistan ordusunun, müdafiə və təhlükəsizlik sistemlərinin gücləndirilməsi, erməni diasporunun təşkilati şəkildə gücləndirilməsi, qondarma “soyqırımı”nın beynəlxalq səviyyədə tanınması və təzminat hüququnun tələb edilməsi kimi qərarlar önə çıxır. Daşnaklar hazırda hakimiyyətdə deyil. Lakin bir tərəfdən daşnakların İrəvanda qurultay keçirməsinə Paşinyan rəhbərliyinin icazə verməsi, digər tərəfdən isə daşnakların Ermənistan cəmiyyəti üzərində müəyyən etdiyi məqsədlər istiqamətində təsirinin artması sülh qarşısında ciddi bir təhlükədir.

Ermənistanın inkarçı siyasəti normallaşmaya maneədir

Digər tərəfdən, Ermənistan hökuməti Zəngəzur dəhlizi və Azərbaycanlıların geri qayıtma hüququ ilə bağlı beynəlxalq müqavilələr çərçivəsində öhdəsinə götürdüyü əsas insan hüquqları və məsuliyyətlərini inkar etməkdə davam edir. Azərbaycan tərəfi Zəngəzur dəhlizinin öz üzərinə düşən hissəsini tamamlamaq üzrədir. Zəngəzur dəhlizinin Türkiyə hissəsi olan Qars-Naxçıvan Dəmir Yolunun tenderi keçirildi və tikintisi qısa müddətdə başlayacaq. Lakin Ermənistan hələ də bu məsələdə müqavimət göstərir. Nikol Paşinyan Türkiyə mətbuat nümayəndələrinə verdiyi son açıqlamada Zəngəzur dəhlizi ifadəsinin Ermənistan üçün qəbuledilməz olduğunu bildirdi. Digər tərəfdən, Paşinyanın Zəngəzur dəhlizinə alternativ kimi irəli sürdüyü “Sülh Qovşağı” layihəsi Azərbaycan və Türkiyənin dəstəyi olmadan çıxılmaz bir yoldur.

Ermənistandakı revizionist tələblərin gündəmdə qalması və ordunun silahlanması cəmiyyətlər arasında normallaşma prosesinə ciddi zərər vurur. Bu baxımdan tarixi təcrübə də mənfi bir nümunə kimi qarşımızdadır. Belə ki, 70 illik Sovet İttifaqı dövründə Azərbaycanlılar ermənilərlə normallaşmağa çalışarkən, revizionist ermənilər Qarabağ və Naxçıvanı ələ keçirmək üçün gizli təşkilatlar yaratmış və vəsait toplamışdı. Bu vəziyyət Birinci Qarabağ müharibəsinə səbəb olmuşdu. Nəticə etibarilə, Sovet dövründə tək tərəfli normallaşma müharibəni qarşısını ala bilməmiş, əksinə yeni bir müharibəyə səbəb olmuşdu. Hazırkı dövrdə də yeni bir müharibənin yaşanmaması və real sülh üçün normallaşma iki tərəfli olmalı və Ermənistan rəhbərliyi xalqını sülhə hazırlamalıdır.

Bəlkə də iki cəmiyyət arasında normallaşmanın ən mühüm aspektini Ermənistandan qovulan Azərbaycanlıların öz torpaqlarına geri qayıtması təşkil edir. 1987-1990-cı illər arasında Ermənistandan qovulan 300 min Qərbi Azərbaycanlılar icması bəyanat yayaraq, real sülh üçün Ermənistanın öhdəsinə düşən digər vəzifələri yerinə yetirməsi zəruriliyini belə ifadə etdi: “Daimi sülh və ədalətin təmin edilməsi üçün Qərbi Azərbaycanlıların evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması üçün şərait yaradılmalıdır”. Bu vaxtadək Ermənistan rəhbərliyi bu tələbləri daim rədd edir və 300 min insanın öz torpaqlarına geri qayıtma istəyini görməməzlikdən gəlir.

Bundan əlavə, sülh qarşısında ən böyük maneələrdən biri Ermənistanın mövcud Konstitusiyasıdır. Paşinyan rəhbərliyi bu məsələdə referendum keçirilməsi üçün 2026-2027-ci illəri göstərir. Bu isə sülh müqaviləsinin bu tarixdən əvvəl imzalanmasının mümkünsüz olduğunu sübut edir.

Nəticə

Nəticə etibarilə, real sülh və normallaşma üçün yuxarıda qeyd olunan problemlərin yaranmasının məsuliyyəti Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan və İkinci Qarabağ müharibəsindən sonra regiondakı status-kvonu qorumağı hədəfləyən Ermənistan rəhbərliyinə aiddir. Ermənistan rəhbərliyi əlinə keçən bütün fürsətləri itirdikdən sonra indi “sülh arzulayan tərəf” imicini yaratmaq səyindədir. Halbuki, bu gün razılığa gəlinən sülh mətni təklifini edən tərəf Azərbaycan olub. Lakin regiona sülh gətirmək üçün sülh müqaviləsi tək başına kifayət etməyəcəyi kimi sülh müqaviləsinin imzalanması üçün də bütün şərtlər yaranmayıb. Bunun üçün 2020-ci ildən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradan Azərbaycan-Türkiyə birliyinin davam etdirilməsi və Ermənistanın hələ də münaqişə mövzusu olan məsələlərdə konkret addımlar atması şərtdir.

Cavid Vəliyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   Azərbaycan   Sülh  


Bizi "telegram"da izləyin