İranla ABŞ arasında Gərginlik: Trampın Sərt Mesajları və Avropa ilə Danışıqların Dinamikası

2025/03/1743346701.jpg
Oxunub: 883     19:26     30 Mart 2025    
ABŞ prezidenti Donald Tramp yenidən İranla bağlı mövzuya qayıdaraq bəyan edib ki, bu məsələ gündəmdən çıxmır və onun üçün diqqətlə izlənilməli olan əsas maddələrdən biridir. Tramp bildirib ki, ya danışıqlar masasına oturub hər şeyi müzakirə etmək lazımdır, ya da İranla bağlı pis şeylər baş verəcək. “Mən isə bunun baş verməsini istəmirəm”, - deyə Tramp bəyan edib və İran məsələsində hər şeyi həll etməyə ümidvar olduğunu əlavə edib.

Trampın bəyanatı İran xarici işlər naziri Əraqçinin Oman vasitəsilə Tehranın ABŞ prezidentinin həftələr əvvəl Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə İrana çatdırılan məktubuna cavabı göndərdiyini bildirməsindən sonra səslənib. Məktub Trampa çatıbmı və o, cavabın məzmunundan narazıdırmı, yoxsa Oman vasitəsilə göndərilən cavab hələ Trampa çatmayıb və İran mövzusuna qayıtmasının səbəbi əvvəlki gün Böyük Britaniyanın xarici işlər naziri Devid Lemi ilə Əraqçi arasında baş tutan telefon danışığıdırmı?

Bu telefon danışığında İranın nüvə proqramı haqqında söhbət gedib, Lemi bu məsələdə razılaşmanı dəstəkləməyə hazır olan Avropa üçlüyünün - Britaniya, Fransa və Almaniyanın mövqeyini ifadə edib. Tehran isə öz növbəsində Avropa sanksiyalarının ləğv edilməsi gözləntisini bildirib. Avropa üçlüyü hazırda Donald Trampın geosiyasi rəqibləri sırasındadır. İran məsələsi Tramp üçün əsas məsələlərdən biri olduğuna görə, London və Tehran arasındakı telefon danışığının onun narazılığına və ya narahatlığına səbəb olması təəccüblü deyil.

Bu telefon danışığından sonra İran mövzusuna yenidən qayıdaraq “ya-ya” məntiqi ilə çıxış edən ABŞ prezidenti, görünür, İrana işarə edir ki, onun geosiyasi rəqibləri ilə razılaşmaları destruktiv qiymətləndirilə bilər. Əgər Tehran öz “çevikliyini” göstərmək üçün üçlüklə oynamağa davam edərsə, Tramp nə edə bilər? Əsas sual budur.

Trampı, şübhəsiz, İranın ABŞ ilə birbaşa danışıqlardan imtina etməsi, lakin avropalılarla birbaşa danışıqlara hazır olması qəzəbləndirir. Bu halda İranın Avropa ilə “oynaması” “atəşlə oynamağa” bərabər olacaqmı, yoxsa Tehran Trampın sərt bəyanatlarını və təhdidlərini daha çox şantaj kimi qiymətləndirir və ona boyun əyməyi razılaşma yox, birtərəfli güzəşt kimi görür?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran    


Bizi "telegram"da izləyin