Ordu.az xəbər verir ki, mediatur çərçivəsində media nümayəndələrinə İnstitutun fəaliyyəti haqqında məlumat verilib.

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru polkovnik Ümüdvar Quliyev jurnalistlərə məlumat verərək bildirib ki, bu gün azərbaycanlı kursantlar İtaliya, Almaniya, Türkiyə, Rusiya və Cənubi Koreya olmaqla, dünyanın 5 ölkəsində təhsil alırlar.
Polkovnik Ümüdvar Quliyev qeyd edib ki, Türkiyə, Tacikistan və Qırğızıstandan olan kursantlar Azərbaycanda təhsil alırlar.
Mediatur çərçivəsində bildirilib ki, yeni dəyişikliyə əsasən, İnstituta qəbul olan kursantlara 500 manat birdəfəlik ödəniş edilir.

Qeyd edilib ki, bundan əlavə, şəxsin özünə aylıq 150 manat, ailəsinə 200 manat ödəniş edilir, dondurulmuş bank hesabına isə 200 manat köçürülür, beləliklə, şəxs leytenant rütbəsi aldıqda, bank hesabında təxminən 30.000 manat vəsait olur.
Mediatur çərçivəsində kursantların dərs keçdikləri sinif otaqlarına baxış keçirilib, hərbi avadanlıqların taktiki-texniki xüsusiyyətləri haqqında məlumat verilib.
Həmçinin kursantlar elektron atış yerinə yetirib, hədəfləri dəqiqliklə vurub və yüksək qiymətlər alıblar.
Media nümayəndələri kursantların təcrüblər apardığı laboratoriyaya baxış keçiriblər, onların dərs prosesini izləyiblər. Üzgüçülük hovuzunda kursantlar üçün yaradılmış şərait təqdim edilib.

Daha sonra media nümayəndələri idman zalını ziyarət ediblər, mövcud şərait haqqında ətraflı məlumat verilib.
Ordu.az