Ermənistanın “sülh” oyunu: İmzalanacaq müqavilə İrəvanın həqiqi niyyətlərini gizlədə bilməz

2025/03/1742025022.jpg
Oxunub: 2068     12:48     15 Mart 2025    
Sülh müqaviləsinin məzmununun razılaşdırıldığı barədə bəyanatdan sonra Ermənistan XİN rəhbərinin açıqlamalarında qeyri-müəyyən ifadələrin yer alması heç bir halda təəccüb doğurmamalıdır. Xüsusilə də, İrəvan uzun müddətdir ki, bu qeyri-müəyyənliyi sülh müqaviləsinin imzalanmaması üçün tətbiq edir.

Hazırkı halda söhbət Ermənistanın Konstitusiyasında dəyişikliklər edilməsindən və Minsk qrupunu dirçəltmək cəhdlərindən gedir. Ermənistanın sülhün qurulması üçün heç bir həqiqi niyyəti yoxdur. Sülh müqaviləsinin razılaşdırılması Ermənistanın sülhə hazır olduğunu sübut etmir. Beynəlxalq münasibətlərin indiki keçid dövründə qeyri-müəyyənlik davam etdikcə, Ermənistan bu amilə arxalanmağa davam edəcək, vaxt qazanmağa çalışacaq. Bu məsələdə heç bir şübhəyə düşmək olmaz.

Qeyd etmək lazımdır ki, müharibədən sonrakı dövrdə Ermənistan prosesi parçaladı. Azərbaycanla sülh prosesi bir neçə hissəyə bölünüb və sülh müqaviləsi bu prosesin tam əhatəli əks olunması deyil. Məsələn, Zəngəzur dəhlizi məsələsi hələ də münaqişə mövzusu olaraq qalır və müqavilədən kənar müzakirə olunur.

Bu baxımdan, Cənubi Qafqazda sülh və müharibə dilemmasını şərtləndirən ən mühüm geosiyasi məsələlərdən biri olan nəqliyyat əlaqələri və kommunikasiya yolları məsələsi ən vacib mövzudur. Zəngəzur dəhlizi məsələsi Ermənistan tərəfindən süni şəkildə mürəkkəbləşdirilir. Rəsmi olaraq bu dəhlizin açılmasına razılıq versə də, əməli addımlar atmaqdan yayınır və prosesi hər vəchlə ləngitməyə çalışır.

Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də ayrı bir istiqamətdir ki, burada da Ermənistan konstruktiv mövqe nümayiş etdirmək əvəzinə, daim əngəllər yaradır. Beynəlxalq mühit imkan verdikcə, Ermənistan işğalçı siyasətini davam etdirərək regionda yeni müharibəyə səbəb ola bilər.

Bu baxımdan risklər kifayət qədər yüksəkdir. Ermənistanın bu mövqeyi təkcə siyasi deyil, həm də psixoloji xarakter daşıyır. 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra erməni cəmiyyətində hələ də revanşist əhval-ruhiyyə mövcuddur. Paşinyan hökuməti, bir tərəfdən, beynəlxalq ictimaiyyətin gözündə konstruktiv görünməyə çalışır, digər tərəfdən isə daxili auditoriya qarşısında Qarabağ iddialarından tam imtina etmədiyini göstərir.

Üstəlik, Ermənistan rəsmiləri sülh danışıqları prosesində daim ikili mövqe nümayiş etdirirlər. Beynəlxalq platformalarda sülh və əməkdaşlıq şüarları səsləndirərkən, daxili auditoriya üçün tamamilə fərqli, bəzən düşmənçilik xarakterli bəyanatlar verirlər. Bu cür ikili standartlar siyasəti Ermənistanın həqiqi niyyətləri barədə ciddi suallar doğurur.

Ermənistanın konsolidasiya və normallaşma məsələlərində verdiyi vədləri yerinə yetirməməsi artıq bir tendensiyaya çevrilib. Məsələn, keçmişdə Zəngəzur dəhlizinin açılması ilə bağlı bir sıra razılaşmalar əldə edilsə də, hələ də bu istiqamətdə konkret irəliləyiş yoxdur. Eyni zamanda, Ermənistan həmişə üçüncü tərəfləri, xüsusən Rusiya və Qərb ölkələrini prosesə cəlb etməyə çalışır ki, bu da ikitərəfli razılaşmaların həyata keçirilməsini mürəkkəbləşdirir.

Digər diqqət çəkən məqam isə Ermənistanın daim beynəlxalq təşkilatları və platformaları Azərbaycana qarşı ittihamlar irəli sürmək və təzyiq vasitəsi kimi istifadə etməsidir. Bu da göstərir ki, İrəvan həqiqi normallaşma və sülh quruculuğundan daha çox, beynəlxalq arenada Azərbaycana qarşı təbliğat kampaniyasının davam etdirilməsində maraqlıdır.

Ermənistanın davamlı olaraq tarixin yanlış şərhinə əsaslanan iddiaları da sülh prosesinə mane olan amillərdəndir. Bu cür yanaşma nəinki iki ölkə arasında etimadın qurulmasına xidmət etmir, əksinə, mövcud ixtilafları daha da dərinləşdirir.

Bütün bunları nəzərə alaraq demək olar ki, Ermənistanın sülh müqaviləsindən imtina etmək və ya onu əngəlləmək cəhdləri olacaq və bunun baş verəcəyi təqdirdə region yeni bir müharibəyə sürüklənəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Azərbaycan   Sülh  


Bizi "telegram"da izləyin