Azərbaycan və Bolqarıstan XİN başçıları strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər - YENİLƏNİB

2025/03/bf196-1741952963.jpg
Oxunub: 767     15:45     14 Mart 2025    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 14-də Bolqarıstanın xarici işlər naziri Georg Georgiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Ordu.az-a verilən məlumata görə, tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Geniştərkibli görüşdə Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar, mədəni və s. aspektləri, gələcək planlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mövcud siyasi dialoqun əhəmiyyəti vurğulanıb. İqtisadiyyat, ticarət sahələri üzrə əməkdaşlıq imkanlarının mövcudluğu vurğulanıb, Azərbaycan və Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu xüsusda rolu qeyd edilib.

Enerji sahəsi üzrə həyata keçirilən birgə təşəbbüslərin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığı diqqətə çatdırılıb, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin, xüsusilə yaşıl enerji sahəsi üzrə yeni layihələrin icrası üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.

Ceyhun Bayramov həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

Sülh müqaviləsinin mətninin razılaşdırılmasına baxmayaraq, Ermənistan tərəfinin konstitusiyası və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasının, ATƏT-in keçmiş Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğvinin ən vacib amil olduğu vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev geniş formatda görüş keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Nazirlər Azərbaycan və Bolqarıstan arasında iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və rabitə daxil olmaqla bir neçə əsas sahədə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər.

XİN başçıları həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün gələcək planlar və potensiallar barədə də fikir mübadiləsi aparıblar.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstanın xarici işlər naziri Georq Georqiev arasında təkbətək görüş başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media paylaşımında bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Bolqarıstan   XİN  


Bizi "telegram"da izləyin