Geosiyasi “qaynayan qazan”da Qərbin “boşanması” – ANALİZ

2025/03/1741759063.jpg
Oxunub: 1302     11:05     15 Mart 2025    
Bu gün qlobal dünya nizamı fəal dəyişikliklər mərhələsindədir, burada əvvəlki tarazlıq pozulub. Beynəlxalq münasibətlərdə fəal yerdəyişmələr baş verir ki, bunların nəticəsində tamamilə yeni fenomenlər meydana çıxır.

Beynəlxalq arenada çoxqütblülüyün formalaşması davam edir, burada ABŞ, Çin, Rusiya və Avropa İttifaqı arasındakı rəqabət yeni müstəviyə keçir. Lakin əgər əvvəllər Qərb ABŞ-nin başçılığı altında vahid bir düşərgə kimi çıxış edirdisə, indi vəziyyət dəyişib. Xüsusilə Donald Trampın seçilməsindən sonra ABŞ Avropadan əhəmiyyətli dərəcədə məsafə saxlamağa başlayıb. Vaşinqton açıq mesajlar göndərir ki, Avropa ölkələrinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi yükünün ağırlığını öz çiyinlərinə götürməkdən imtina edəcək və Avropa ölkələri ilk növbədə öz təhlükəsizliklərinin təmin edilməsi işinə girişməlidirlər.

Buna görə də Avropa ölkələri müdafiə qabiliyyətlərinə yönəlmiş xərclərini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədirlər və artıq vəsaitlərin cəlb edilməsi ətrafında müzakirələr gedir. Ümumi Avropa müdafiə sisteminin yaradılması mövzusu da nəzərdən keçirilir. Bu məsələdə də müəyyən özünəməxsus istiqamətlər müəyyənləşdirilir. Fransa Avropanın təhlükəsizliyinin təmin edilməsi məsələsində lider rolunu öz üzərinə götürmək istəyir, buna görə də Parisdən bəyan edirlər ki, onlar Fransanın nüvə çəkindirmə vasitələrindən digər Avropa ölkələri üçün də istifadə etməyə hazırdırlar. Artıq mətbuatda məlumatlar var ki, əgər ABŞ qoşunlarını regiondan çıxararsa, Fransa nüvə silahına malik qırıcıları Almaniyada yerləşdirə bilər. Almaniya da öz növbəsində geri qalmaq və inkişaf etmiş sənayesini təhlükəsizlik sisteminin tələblərinə uyğun şəkildə dəyişdirmək istəmir.

Lakin hər halda, Avropanı çətin sınaq gözləyir, çünki onilliklər boyunca ABŞ müdafiə hərbi-sənaye kompleksinə söykənib və belə bir kompleksin yaradılması isə uzun müddət tələb edən bir məsələdir.

Digər tərəfdən isə məhz Avropanın özündə parçalanma müşahidə olunur. Məsələn, Böyük Britaniya “Brexit” prosesindən başlayaraq ABŞ ilə sıx əlaqələr saxlamağın tərəfdarıdır və bu fonda Paris və London arasındakı ziddiyyətlər hiss olunur. Şərqi Avropanın bir sıra ölkələri, məsələn, Slovakiya və Macarıstan isə Rusiya ilə münasibətlərin istiləşməsinin və Rusiya resurslarından geniş istifadə etməyin tərəfdarıdırlar. Buna görə də bu ölkələr Aİ tərəfindən Ukraynaya təqdim olunan yardım paketlərinin təsdiqlənməsini mütəmadi olaraq əngəlləyirlər. Aİ daxilində birliyin nə dərəcədə qorunub saxlanılacağını söyləmək çətindir, lakin bəzi ekspertlər hesab edirlər ki, Aİ-nin fəaliyyət mexanizmləri çərçivəsində əhəmiyyətli dəyişikliklər mümkündür.

Avropa və ABŞ arasındakı fikir ayrılıqları Ukrayna məsələsində də nəzərə çarpır. Tramp müharibəni dayandırmaq barədə seçki vədini gerçəkləşdirmək məqsədilə atəşkəsin mümkün qədər tez bir zamanda bərqərar olması üçün Ukrayna və Rusiya tərəflərinə təzyiq göstərir. Amerika hökuməti hətta münaqişənin həllinin elə bir variantı ilə razılaşır ki, burada Rusiya ərazi əldə edə bilər, lakin Avropada bu məsələdə daha sərt yanaşma var və nəzərə alaq ki, bunun nəticəsində Avropa təhlükəsizliyi daha zəif olacaq.

Buna görə də Aİ müharibənin uzadılmasının tərəfdarıdır ki, Rusiyanı zəiflətmək imkanı əldə etsin, lakin Ukraynaya ABŞ-nin təqdim etdiyi qədər hərbi yardım təmin etmək iqtidarında deyil.

Əlavə olaraq, ABŞ Ukrayna məsələsi ilə bağlı Rusiya ilə ayrıca danışıqlar aparır, sonra bunun nəticələri barədə Ukraynaya da məlumat verilir. Təbii ki, Avropa bu prosesə qısqanclıqla yanaşır, çünki Ukrayna məsələsi üzrə danışıqlar çərçivəsinə daxil edilməyib.

Bu fonda ABŞ və Aİ-nin əks mövqeləri digər sahələrdə aparılan siyasətə də təsir göstərir. ABŞ və Avropanın “boşanması” iqtisadi müstəvidə də baş verir. Tramp administrasiyası Avropa ölkələrindən idxal olunan mallara yeni gömrük rüsumları tətbiq etmək niyyətindədir, Aİ-dən isə ABŞ istehsalına qarşı cavab tədbirləri görəcəklərini vəd ediblər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin