Tehrandan açıq sual: İran nəyin naminə Ermənistanın təhlükəsizliyinin zəmanətçisi öhdəliyini götürməlidir?

2025/03/1741686498.jpg
Oxunub: 1106     12:21     12 Mart 2025    
Mətbuat bildirir ki, radikal Daşnaksütyun təşkilatının yeni seçilmiş bürosu “Kristofor Mikaelyan” mərkəzində mətbuat konfransı keçirib. Konfransda büronun nümayəndəsi Armen Rustamyan və büro üzvləri Hakob Baqratuni və Lilit Qalstyan iştirak ediblər.

Büronun nümayəndəsi Armen Rustamyanın Ermənistanın hazırkı hakimiyyətinin dost ölkələrin sayını artırmaq əvəzinə, onlardan düşmənlər yaratdığı və bu vəziyyətin kəskin şəkildə dəyişməli olduğu barədə qeydi diqqətlə izlənilməlidir.

Rustamyan Ermənistanın Rusiya ilə hərbi və müttəfiqlik əlaqələrini gücləndirməyi, həmçinin İranla hərbi-siyasi ittifaq yaratmağı, mümkün hücumlara qarşı fəaliyyət göstərəcək ikitərəfli təminatlı müdafiə sistemi qurmağı təklif edir. O bildirib ki, digər beynəlxalq mərkəzlərlə qarşılıqlı əlaqədə erməni milli maraqlarını qorumaqla iş aparılmalıdır.

Daşnakların ifadələrindən belə anlaşılır ki, onlar Paşinyan hakimiyyətini Rusiya və İran simasında Ermənistan üçün düşmənlər yaratmaqda ittiham edir. Bu ifşanın nə dərəcədə əsaslı və ya cari mərhələdə siyasi baxımdan məqsədəuyğun olması ilə bağlı yanaşmalar fərqli ola bilər.

Daha əhəmiyyətlisi, erməni daşnakların İranla “hərbi-siyasi ittifaq bağlamaq” haqqında müəyyən etdiyi “prioritet”dir ki, bu da ehtimal ki, yanvarın 17-də Rusiya və İran arasında imzalanmış strateji hərtərəfli tərəfdaşlıq müqaviləsi ilə bağlı anlayışdan qaynaqlanır.

Ermənistanda uzun müddət belə bir təsəvvür hökm sürüb ki, Rusiya və İran strateji müttəfiqlərdir, Cənubi Qafqazın gələcəyi haqqında eyni təsəvvürə malikdirlər və bu təsəvvürlər erməni maraqlarına uyğundur, buna görə də Ermənistan rus-İran “oxunun bir hissəsi olmalıdır”.

Lakin Ermənistandakı bu siyasi konsepsiya real əlaqələrdə sınaqdan keçməyib və bu gün də keçmir. İkincisi, İrəvanda hələ də dərindən aydınlaşdırmağa çalışırlar ki, bu müqavilə Ermənistanın “lehinədir”, yoxsa “əleyhinə”. Burada və ümumiyyətlə siyasətdə ermənilər və farsların qədim sivilizasiya ortaqlığı olması kimi sentimentallıqların qəpik-quruş qiyməti yoxdur.

Kim deyə bilər ki, İranın hansı ümumi maraqları gerçəkləşdirmək və ya kimdən birgə qorunmaq üçün Ermənistanla hərbi-siyasi ittifaq bağlamaq niyyəti var? Bugünkü İranın əsas problemi nədir? Nüvə proqramını sonadək həyata keçirmək? Teokratiyanı qoruyub saxlamaq? Yaxın Şərqdə Tehran mərkəzli oxu bərpa etmək? “Qüdsü sionist əsarətindən azad etmək”, yoxsa Cənubi Qafqaz və Mərkəzi Asiyada İran imperiyasının təsirini yenidən bərqərar etmək?

Sadalanan bütün məqsədlər İranın ətrafında münaqişəli mühit yaradır və onu İsraillə, ABŞ və Avropa İttifaqı ilə, Rusiya və Türkiyə ilə, eləcə də Fars körfəzinin ərəb monarxiyaları ilə qarşı-qarşıya qoyur. Bu son dərəcə mürəkkəb, bütün tərəflərdən “minalanmış” mühitdə İran nəyin naminə Ermənistanın təhlükəsizliyinin zəmanətçisi öhdəliyini götürməlidir? Xüsusilə də Tehranda yaxşı bilirlər ki, Ermənistan qeyd olunan və bir çox digər məsələlərin həlli prosesində ona dəstək ola bilməz. Yəni söhbət istəkdən deyil, imkanların olmamasından gedir və yaxın gələcəkdə də olmayacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran   Böhran  


Bizi "telegram"da izləyin