Naxçıvanın tarixi arxa planı
Naxçıvan Muxtar Respublikası 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi səbəbindən Azərbaycan ana torpağından ayrı düşüb və türk dünyası coğrafi olaraq ikiyə bölünüb. Naxçıvan 1921-ci ildə Türkiyə ilə Rusiya arasında imzalanan Moskva və daha sonra üç Cənubi Qafqaz Respublikası ilə Türkiyə arasında imzalanan Qars müqaviləsi ilə Azərbaycan suverenliyində qalıb və Türkiyəyə Naxçıvan üzərində qarantiya hüququ verilib.
Sovet İttifaqı dövründə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat və rabitə çətin şərtlərdə, hazırda müzakirə olunan Zəngəzur Dəhlizi marşrutundan təmin edilirdi. Azərbaycandan Naxçıvana Ermənistan üzərindən daşınan yük və sərnişin qatarları daimi hücumlara məruz qalırdı.
1991-ci ildə Ermənistanın Naxçıvana qarşı artan hücumları qarşısında o dövrün Naxçıvan Muxtar Respublikası Parlament sədri Heydər Əliyevin Türkiyənin Qars və Moskva müqavilələrindəki hüquqlarını gündəmə gətirməsi ilə Türkiyənin də prosesə fəal şəkildə qoşulması baş vermişdi.
Ermənistan Qarabağı və Türkiyənin şərq vilayətlərini olduğu kimi Naxçıvanı da “böyük” Ermənistanın bir parçası olaraq görmüş, oraya qarşı da işğal cəhdləri etmişdi. Türkiyənin Naxçıvan məsələsində qətiyyəti bu hücumların dayanmasına səbəb olmuşdu. Bu mənada, Prezident İlham Əliyev də İğdır-Naxçıvan Boru Kəmərinin açılış mərasimində “Türkiyədən gələn yardımlar Naxçıvanın qorunmasına mühüm töhfə vermişdi” deyərək Türkiyənin burada oynadığı rolu təsdiqlədi.
Türkiyənin dəstəyi təkcə hərbi-təhlükəsizlik baxımından deyil, eyni zamanda Naxçıvanın iqtisadi blokadadan xilas edilməsinə də töhfə vermişdi. Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərindən Ümid Körpüsü inşa edildi və Naxçıvan iqtisadi cəhətdən Ermənistanın tətbiq etdiyi embarqonu dəf etdi.
Türk dünyasının giriş qapısı olan Naxçıvan gələcəkdə də Azərbaycan-Türkiyə əlaqələrində həssas mövzulardan biri olmağa davam etdi. Məsələn, Türkiyə Naxçıvanda yaşayan insanlar üçün xüsusi yaşayış icazəsi verir və burada istehsal olunan məhsullar üçün güzəştli gömrük tarifləri tətbiq edir. Digər tərəfdən, Türk Dövlətləri Təşkilatının (TDT) təsis müqaviləsinin 2009-cu ildə Naxçıvanda imzalanması türk dövlətlərinin bölgəyə verdiyi xüsusi əhəmiyyəti göstərir.
İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin açılışına gedən proses
Naxçıvan Ermənistanın tətbiq etdiyi embarqolar səbəbindən uzun illər təbii qazsız qaldı. Ermənistan Azərbaycanın əsas torpağını Naxçıvanla birləşdirən dəmir yolu xətlərini və təbii qaz boru kəmərlərini söküb satdı.
2005-ci ildə 15 il sonra Azərbaycan ilə İran arasında imzalanan 25 illik müqavilə ilə Naxçıvana təbii qaz İran üzərindən təmin edilmişdi. Müqavilə bir növ mübadilə, svop müqaviləsi xarakterində idi. Müqaviləyə görə SOCCAR Astaradan İrana qaz ötürərkən, İran da Culfadan Naxçıvana qaz verirdi. Lakin İran bunun qarşılığında beynəlxalq səviyyədə qəbul edilmiş təbii qazın 5 faizi deyil, 15 faizini alırdı. Enerji mütəxəssislərinə görə bu faiz olduqca yüksək idi və bunun üçün alternativ enerji mənbəyinə ehtiyac duyulurdu. Bu baxımdan, təbii qazın İğdırdan Naxçıvana verilməsi bir növ Naxçıvanın enerji təhlükəsizliyinin şaxələndirilməsi mənasına gəlir.
İğdır-Naxçıvan Təbii Qaz Boru Kəməri üçün ilk müqavilə SOCCAR və BOTAŞ arasında 2010-cu ildə imzalandı. Azərbaycan qazını Türkiyəyə daşıyan Cənubi Qafqaz Boru Kəməri genişləndirilərək daşıma imkanları artırıldıqdan sonra Türkiyə üzərindən Naxçıvana təbii qaz verilməsi 2020-ci ildə yenidən gündəmə gəldi. Nəticə etibarilə, Prezident Ərdoğan 2020-ci ilin fevralında Azərbaycana etdiyi səfərdə Prezident İlham Əliyevlə İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin inşası məsələsini də müzakirə etdiyini və təbii qaz boru kəmərinin tikilməsinin enerji təhlükəsizliyi baxımından bir növ şaxələndirmə ola biləcəyini açıqladı. Bu səfərdən sonra, 2020-ci il iyunun 30-da xəttin Türkiyə tərəfində tikilməsi üçün tender keçirildi.
2020-ci il dekabrın 15-də İğdır-Naxçıvan təbii qaz boru kəməri üçün anlaşma memorandumu imzalandı. İmzalanma mərasimində çıxış edən o dövrün Türkiyə Respublikası Enerji Naziri Fatih Dönmez layihənin BOTAŞ-SOCCAR əməkdaşlığında həyata keçiriləcəyini, Azərbaycan qazının Naxçıvana çatdırılması üçün Türkiyənin vasitəçilik edəcəyini açıqladı. Eyni zamanda Dönmez, “Naxçıvanlı qardaşlarımız öz təbii qazını istifadə edəcək” açıqlamasını da etdi. Daha sonra, İğdır-Naxçıvan Boru Kəmərinin təməli 2023-cü il sentyabrın 25-də Ərdoğanın Naxçıvan səfəri zamanı iki ölkə lideri tərəfindən qoyuldu.
Boru kəmərində nə qədər təbii qaz daşınacaq?
İğdırdan Naxçıvanın Sədərək rayonuna qədər uzanan 16 düymlük boru kəmərinin uzunluğu Azərbaycan hissəsində 17,5 kilometr və Türkiyə hissəsində 80 kilometr olmaqla 97,5 kilometrdən ibarətdir. Bu boru kəməri Şərqi Anadoludan İğdıra uzanan əsas qaz boru kəmərinin davamı mövqeyindədir.
Gündəlik qaz daşıma tutumunun 2 milyon kubmetr, illik daşıma tutumunun isə 730 milyon kubmetr olması planlaşdırılan İğdır-Naxçıvan təbii qaz boru kəmərinin daha sonra kiçik əlavələrlə illik tutumunun 1,8 milyard kubmetrə çatdırıla biləcəyi düşünülür. Naxçıvanın illik qaz istehlakı 260-300 milyon kubmetr civarındadır. Tutumun artırılmasından sonra qalan qazla elektrik enerjisi istehsalının həyata keçirilməsi və ya əlavə qazın qonşu ölkələrə ixrac edilməsi ehtimalı üzərində durulur.
Yeni layihələr üzərində işlənilir
Azərbaycan-Türkiyə arasında Naxçıvanın nəqliyyat təhlükəsizliyinin təmin edilməsi mövzusunda daha bir layihə tikinti mərhələsindədir. Qars-Naxçıvan Dəmir Yolu Layihəsinin tenderi keçirildi və inşaat mərhələsinə keçilməsi planlaşdırılır. Beləliklə, Türkiyə ilə Naxçıvan arasında dəmir yolu ilə daşımalar həyata keçirilə biləcək. Bundan əlavə, kritik vəziyyətlərdə Azərbaycan Bakı-Tbilisi-Qars Dəmir Yolu vasitəsilə Naxçıvana nəqliyyat təmin edə biləcək. Naxçıvana istiqamətlənən layihələr eyni zamanda Zəngəzur Dəhlizi məsələsində ayaq dirəyən Ermənistana, Azərbaycan və Türkiyənin alternativlərinin olduğunu göstərilməsi baxımından mənalı bir mesajdır.
İki dövlətin ortaq ağlının məhsulu olan bu layihələr eyni zamanda Türkiyə və Azərbaycanı bir-birinə daha çox bağlayır. Naxçıvanın və Türkiyənin Şərqi Anadolu Bölgəsinin iqtisadi inkişafına xidmət edəcək bu layihələr təkcə müttəfiqlik əlaqələrini deyil, hər iki ölkə üçün strateji bütövlük təşkil edən Cənubi Qafqaz və Şərqi Anadolu coğrafiyalarını, insanlarını və iqtisadiyyatını qarşılıqlı olaraq bir-birinə bağlayır. Beləliklə, Naxçıvan Türkiyənin, Şərqi Anadolu isə Azərbaycanın təhlükəsizliyinin bir parçası halına gəlir.
Cavid Vəliyev
Ordu.az