ABŞ Ordusu uzun mənzilli yüksək dəqiqlikli zərbə vasitələrinin (Long-Range Precision Fires — LRPF) modernləşdirilməsi kampaniyasında daha bir əhəmiyyətli mərhələyə imza atıb. Belə ki, Nyu-Meksiko ştatındakı “White Sands” raket poliqonunda yüksək hərəkətli artilleriya raket sistemlərindən (HIMARS) iki ədəd yüksək dəqiqlikli zərbə raketi (Precision Strike Missile — PrSM) uğurla sınaqdan keçirilib.
Ordu mənbələrinin verdiyi məlumata görə, raketlər “Scud” raketini imitasiya edən hədəf, radar qurğusu və helikopterlər daxil olmaqla, müxtəlif hədəfləri uğurla məhv edib. Son illərdə ordunun yaxın rəqiblərlə böyük güc rəqabətinə uyğunlaşmaqda çətinlik çəkdiyi nəzərə alınarsa, bu nəticələr ABŞ Ordusu üçün böyük uğur hesab edilir. Ümumiyyətlə, LRPF proqramı son bir neçə ildə ordunun əldə etdiyi nadir nailiyyətlərdən biri hesab olunur və ordunun yüksək rəhbərliyində müharibələrin getdikcə daha çox uzaq məsafədən, üfüq xəttindən kənarda aparılacağı barədə anlayışın formalaşdığını göstərir.
ABŞ Ordusu yüksək dəqiqlikli uzaqmənzilli silah sistemləri ilə öz yerini tapır
Vaxtilə Obama administrasiyasının Çinin Tayvana mümkün hücumu ilə bağlı hazırladığı birgə hərbi planlaşdırma prosesindən kənarda qalan ABŞ Ordusu Pentaqon daxilində ikinci planda qalmışdı. O dövrdə ABŞ Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusu ön plana çıxmış və bu konsepsiya “Hava-Dəniz Döyüşü” (AirSea Battle - ASB) adlandırılmışdı.
Ancaq Ordu aşağı profil tutaraq Hind-Sakit okean regionunu və Çinin orada sürətlə inkişaf edən hərbi imkanlarını təhlil etdi. Ordu belə nəticəyə gəldi ki, həm Hərbi Hava Qüvvələri, həm də Dəniz Qüvvələri Çin tərəfindən regionda qurulmuş A2/AD (Anti-Access/Area Denial) müdafiə sistemlərinə daxil olmaqda ciddi çətinliklər yaşayacaq. Bu səbəbdən, ABŞ Ordusu qərara aldı ki, ən optimal üsul Çinin A2/AD müdafiə zonalarını uzaq məsafədən, yəni üfüq xəttindən kənardan dağıtmaq üçün qurudan idarə olunan yüksək dəqiqlikli uzaqmənzilli silah sistemləri yaratmaqdır. LRPF məhz bu missiyanı yerinə yetirmək üçün hazırlanmış əsas sistemdir.
ABŞ Ordusunun hipersəs silahlarının hazırlandığı “Dark Eagle Project” (“Qara Qartal Layihəsi”) ilə yanaşı, LRPF də Çinin A2/AD müdafiə şəbəkəsini dağıtmaq məqsədilə nəzərdən keçirilir. Beləliklə, Ordu bu sistemləri tətbiq etdikdən sonra ABŞ-nin dəniz və hava qüvvələri Çinin Tayvana mümkün müdaxilə və ya blokadasına qarşı daha effektiv hərəkət edə biləcək.
ATACMS raketlərinin yerinə PrSM gəlir
LRPF sistemləri “Dark Eagle” sistemindən fərqli olaraq, hərəkət zonasına nisbətən daha yaxın məsafədən (yenə də təhlükəsizliyi təmin edəcək qədər uzaq məsafədə yerləşəcək) istifadə olunacaq. 310 mil (500 kilometr) mənzilə malik olan PrSM raketi Çinin hava hücumundan müdafiə qurğularını, komanda-idarəetmə mərkəzlərini və raket komplekslərini məhv edə biləcək. Bu raketin effektivliyi əvvəlki nəsil MGM-140 ATACMS (Army Tactical Missile System - Ordunun Taktiki Raket Sistemi) raketlərindən daha yüksəkdir. PrSM həmçinin ordunun arsenalında mövcud olan M270 çoxlülüləli raket sistemlərindən və M142 HIMARS sistemlərindən də atıla bilər. Başqa sözlə, PrSM mövcud hərbi infrastruktura uyğunlaşdırılıb və ATACMS raketlərinin yerləşdiyi konteynerlərə iki dəfə daha çox raket (bir ATACMS raketinin yerləşdiyi yerə iki PrSM raketi yerləşdirilir) yerləşə bilər.
Hazırda ABŞ Ordusu bu raketin rəsmi olaraq elan edilmiş mənzilini (500 km, təxminən 310 mil) daha da artırmaq üzərində işləyir. Bundan əlavə, PrSM raketinin modul tipli açıq-sistemli arxitekturası gələcəkdə təkmilləşdirilmiş tuşlama sistemləri və alternativ döyüş başlıqları kimi yenilikləri əlavə etməyə imkan verəcək. Bu da raketin gələcəkdə uzun müddət ordu üçün effektiv vasitə olaraq qalacağını göstərir.
Texniki göstəricilər
PrSM raketləri Ətalət Naviqasiya Sistemi (INS) və Qlobal Mövqetəyinetmə Sistemləri (GPS) ilə təchiz edilib. Bu da raketlərin əlavə dağıntıları minimallaşdıraraq möhkəmləndirilmiş, yaxud hərəkətli hədəfləri yüksək dəqiqliklə vurmasını təmin edir. Bundan əlavə, PrSM düşmənin hava müdafiə sistemlərini sıradan çıxarmaq üçün radioelektron müharibə (EW) və siqnal qarışıqlığına qarşı texnologiyalarla təchiz olunub. Bu isə raketi Çin və Rusiya qüvvələri üçün əsl təhlükəyə çevirir.
“Lockheed Martin” şirkətinin ABŞ Ordusu üçün hazırladığı bu raketin əsas çatışmazlığı isə yüksək qiymətidir. Belə ki, hər bir raketin qiyməti yüksəkdir və 2024-cü maliyyə ilində cəmi 110 ədəd, 2025-ci ildə isə əlavə 190 ədəd raketin alınması nəzərdə tutulur. Bu, ABŞ ilə Çin arasında mümkün müharibə ssenarisində ordunun əlində yetərli sayda raketin olmayacağı anlamına gəlir.
Risklər və perspektivlər
Beləliklə, PrSM raketləri ABŞ Ordusu üçün çox vacib olsa da, yüksək qiymət səbəbindən ABŞ Hərbi Dəniz Qüvvələrinin “Zumwalt” sinfindən olan esmineslərində istifadə olunan “Long-Range Land Attack Projectile” (LRLAP) mərmilərinin taleyini təkrarlaya bilər. Bahalı LRLAP mərmiləri nəticədə istifadədən çıxarılmışdı. Hərçənd PrSM raketlərinin qiyməti LRLAP mərmilərindən aşağıdır, amma yenə də yüksək xərclər raketlərin sayını məhdudlaşdıracaq və ABŞ-nin Çinlə mümkün qarşıdurmada real zəifliyinə səbəb olacaq.
Lakin bütün bunlara baxmayaraq, PrSM raketi ABŞ Ordusunun XXI əsr üçün nəzərdə tutduğu strateji doktrinanın inkişafında mühüm mərhələdir. Bu raket ordunun digər hərbi qüvvələrlə birlikdə Çinin A2/AD müdafiə sistemlərini dağıtmasına mühüm töhfə verəcək və gələcəkdə baş verə biləcək istənilən qarşıdurmada əhəmiyyətli rol oynayacaq.
Firuz Bağırov
Ordu.az