Türkiyənin dünya müdafiə sənayesindəki mövqeyi və texnoloji imkanları – ANALİZ

2025/03/1741241537.jpg
Oxunub: 1188     10:22     26 Mart 2025    
Son illərdə müasir texnologiyaların döyüş meydanındakı təsirinin getdikcə artması, asimmetrik təhdidlərin daha mürəkkəb hala gəlməsinə və FPV tipli PUA-lar kimi aşağı xərcli hücum sistemləri ilə belə böyük təhdidlərin yaradıla bilməsinə yol açdı. Bu vəziyyət daim dəyişən döyüş meydanının tələbləri istiqamətində, Türkiyənin müharibənin təbiətini dəyişdirən və asimmetrik təhdidlərin effektivliyini artıran texnologiyalarla başa çıxa biləcək güclü bir orduya və beynəlxalq arenada rəqabət edə bilən səviyyəyə çatmış səriştəli bir müdafiə sənayesinə sahib olmasını zəruri edir.

Müdafiə Sənayesi Komitəsinin məlumatlarına görə, Türk Müdafiə və Aviasiya Sənayesi bu gün Türkiyə Silahlı Qüvvələrinin (TSQ) hərbi sistem ehtiyaclarının 80%-dən çoxunu daxili istehsaldan qarşılaya biləcək bir potensiala çatıb. 2024-cü ildə dünyanın dörd bir yanındakı 180 ölkəyə 300-dən çox fərqli müdafiə sənayesi məhsulunu ixrac edən Türkiyə 2030-cu ilə qədər müdafiə və aviasiya ixracatında dünya miqyasında ən böyük 6 ölkə arasına daxil olmağı və müdafiə sənayesi ixracatını artırmağı hədəfləyir. Türkiyə iqtisadiyyatına ən çox töhfə verən sektorlardan birinə çevrilən və 3500-dən çox şirkətə (1600-ü ixracat edir) və 90.000-dən çox işçiyə sahib olan Türkiyə Müdafiə və Aviasiya Sənayesinin illik dövriyyəsi 15 milyard dolları, 2024-cü ildəki ixracat gəliri 7 milyard dolları, AR-GE investisiyaları isə 2,6 milyard dolları keçdi. Mart 2024-də dərc edilən SIPRI hesabatına görə Türkiyənin qlobal silah ixracatındakı payı 2014-2018 dövrü ilə müqayisədə 2019-2023 dövründə 0,7%-dən 1,6%-ə yüksələrək 106%-lik bir artım göstərdi. Yenə bu hesabata görə Türkiyə 2019-2023 illəri arasında dünyanın ən böyük 11-ci silah ixracatçısı oldu.

PUA/zərbə PUA-ları, zirehli vasitələr, hərbi gəmilər və qayıqlar ilə müxtəlif çap və növdə sursat və raket sistemlərinin müdafiə sənayesi ixracatında mühüm yer tutduğu Türkiyənin müdafiə ixracat bazarlarındakı ilk üç böyük müştərisi isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 15%), Qətər (13%) və Pakistan (11%) oldu.

Türk müdafiə sənayesinin tarixi və bu günü

Türkiyənin son on ildə müdafiə sənayesi sahəsində əldə etdiyi uğurun arxasında texnoloji yeniliklərə edilən investisiyaların mühüm payı var. Bu yeniliklərdən önə çıxanlar arasında Pilotsuz Quru, Dəniz və Hava Vasitələri ilə KAAN Milli Döyüş Təyyarəsi Layihəsi yer alır. Xüsusilə PUA və zərbə PUA texnologiyalarında təmin edilən irəliləyişlər ölkənin müdafiə sənayesindəki ən mühüm dönüş nöqtələrindən biridir.

1980-ci illərdə, istifadə sahələri yeni-yeni kəşf edilən PUA-ları daha yaxşı tanımaq, istifadə konsepsiyalarını müəyyən etmək və lazım gələrsə sənayeləşmə modelini yaratmaq məqsədilə MSK məsuliyyətində ilk işlər başladıldı. 1991-ci ildə MSK-nın təşkil etdiyi beynəlxalq tenderdə, münasib görülən iki şirkətdən (ABŞ və İsrail) 1992-ci ildə 6 sistem sifariş verildi; lakin İsrailin AAI Şirkətinin təklif etdiyi Taktiki PUA Sistemi, qəbul testlərini keçə bilməyincə müqavilə ləğv edildi. Bunun ardından, “General Atomics” şirkətinin təmin etdiyi 6 ədəd “Gnat-750” tipli MALE PUA 1994-cü ildə TSQ inventarına daxil edildi.

2000-ci illərin əvvəlində MSK orijinal PUA istehsalını prioritet sənayeləşmə sahələrindən biri olaraq müəyyən etdi. Bu istiqamətdə 2004-cü ilin dekabrında TUSAŞ ilə orijinal bir PUA sisteminin inkişaf etdirilməsi üçün müqavilə imzalandı. 2010-cu il dekabrın 30-da ilk uçuşunu həyata keçirən ANKA PUA Sistemi, 2016-cı ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına girdi. BAYKAR Texnologiyanın milli imkanlarla inkişaf etdirdiyi BAYRAKTAR TB2 PUA-nın təhvillərinə isə 2014-cü ilin noyabrında başlandı.

Milli imkanlarla inkişaf etdirilən ANKA və BAYRAKTAR TB2 PUA/zərbə PUA platformaları, başlanğıcda yalnız kəşfiyyat və müşahidə funksiyası həyata keçirərkən, zamanla oyun dəyişdirici roluna yüksəldi. Həm daxili təhlükəsizlik əməliyyatlarında, həm də terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD/YPG-yə qarşı Suriya və İraqda həyata keçirilən sərhəd xarici əməliyyatlarda mühüm vəzifələr üstlənən bu sistemlər, Liviya və Azərbaycandakı münaqişələrdə cəbhə xətti döyüşçüsü roluna keçərək müharibənin gedişatını dəyişdi.

Sahədə əldə edilən uğurlar qısa müddətdə ixracata çevrildi. Türkiyə təxminən 5 il ərzində 50 ölkə ilə ümumilikdə 770 ədəd Mini PUA, Taktiki PUA, MALE PUA və HALE PUA üçün ixracat müqavilələri imzaladı. BAYKAR Texnologiyanın 2023-cü ildəki ixracatı 1,7 milyard dolları keçərək Türkiyənin dünya miqyasında tələb görən PUA texnologiyasına çatdığını göstərir.

Türk Müdafiə və Aviasiya Sənayesinin aviasiya sahəsində çatdığı texnoloji səviyyənin təcəssümü olan 5-ci Nəsil KAAN Milli Döyüş Təyyarəsi (MDT) Layihəsi, Türkiyənin həm yerli istehsal potensialını inkişaf etdirməsi, həm də regional hava üstünlüyünü təmin etməsi baxımından kritik əhəmiyyətə malikdir. Müdafiə Sənayesi İcra Komitəsinin 15 Dekabr 2010-cu il tarixində keçirilən iclasında başlanğıc qərarının alındığı MDT Layihəsində 21 Fevral 2024-cü il tarixində ilk uçuş, 6 May 2024-cü il tarixində isə ikinci uçuş uğurla həyata keçirildi.

Yanvar 2025-ci il etibarilə istehsal və yekun montaj fəaliyyətləri davam edən ikinci prototip təyyarə ilə ilk uçuşun cari il ərzində həyata keçirilməsi planlaşdırıldı. 2028-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə ilk təslimatın edilməsi və 2030-cu illərdə yerli dizayn və istehsal turbofan mühərriklərlə xidmət göstərməsi planlaşdırılan KAAN 5-ci Nəsil MDT uzunmüddətli perspektivdə Türkiyənin 6-cı Nəsil Döyüş Təyyarəsi inkişaf etdirmə hədəfində də vacib rola malik olacaq.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-Sənayesi   PUA  


Bizi "telegram"da izləyin