Müdafiə sənayesində dəyişən paradiqmalar və Türkiyənin mövqeyi – ANALİZ

2025/03/1741241453.jpg
Oxunub: 734     12:17     05 Aprel 2025    
Müasir dünyada müdafiə sənayesi yüksək texnologiya, süni zəka, süni zəka dəstəkli pilotsuz quru, dəniz və hava vasitələri, hipersəs raketlər, kvant hesablama əsaslı döyüş sistemləri, kiber təhlükəsizlik həlləri və kosmos texnologiyaları kimi sahələrlə inteqrasiya olunaraq sürətlə təkamül keçirir. Bu transformasiya nəticəsində təkcə klassik silah istehsalı deyil, qabaqcıl texnologiya və süni zəka əsaslı sistemlər də rəqabət sahəsinə çevrilir və bu dəyişikliyə ayaq uyduran regional aktorlar üçün bu sahədə rəqabətqabiliyyətli olma fürsəti yaranıb. Türkiyə də son 20 ildə yerli istehsalı artırmaq və xarici təchizatçılardan asılılığı azaltmaq hədəfi ilə tətbiq edilən strateji siyasətlər sayəsində bu transformasiyanın içində öz yerini alıb.

Türkiyə həyata keçirəcəyi insan və texnologiya yönümlü investisiyalar ilə Türk Müdafiə və Aviasiya Sənayesinin kosmos, çip texnologiyası, süni zəka və avtonom sistemlər kimi qabaqcıl texnologiya sahələrinə inteqrasiyasına imkan yaradaraq daha güclü və kritik texnologiyalarda müstəqil bir müdafiə sənayesi strukturu ilə 2030-cu illərdə regional bir gücdən qlobal bir müdafiə sənayesi aktoruna çevrilmə potensialına da malikdir.

Qlobal müdafiə xərcləri və yeni trendlər

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumatlarına görə, 2023-cü ildə qlobal müdafiə xərcləri 2 trilyon 443 milyard dolları keçərkən ən çox hərbi xərc çəkən ilk 10 ölkə ardıcıllıqla ABŞ, Çin, Rusiya, Hindistan, Səudiyyə Ərəbistanı, Britaniya, Almaniya, Ukrayna, Fransa və Yaponiya olub, Türkiyə siyahıda bir pillə yüksələrək 22-ci olub. Ən çox hərbi xərc çəkən iki ölkə olan ABŞ (916 milyard dollar) və Çin (296 milyard dollar) tərəfindən edilən xərclər qlobal müdafiə xərclərinin təxminən yarısını təşkil edib.

Qlobal müdafiə sənayesində yaşanan texnoloji transformasiyanın bir əksi olaraq ABŞ, Çin, Rusiya, Hindistan, Britaniya və Fransa kimi böyük güclər, artıq investisiyalarını ənənəvi müdafiə sistemlərinə etmir. İnvestisiyalarını süni zəka dəstəkli pilotsuz vasitələr, 6-cı nəsil döyüş təyyarələri, hipersəs raketlər, enerji əsaslı silah sistemləri, kosmosa yerləşdirilmiş müdafiə sistemləri, kvant hesablama əsaslı döyüş sistemləri və kiber təhlükəsizlik həlləri kimi sahələrə yönəltdikləri müşahidə edilir.

2025-ci il etibarilə, dünyanın ən inkişaf etmiş hərbi texnologiyalarına və ən böyük müdafiə büdcəsinə sahib, 800-dən çox dənizaşırı hərbi bazası olan və qlobal miqyasda tam təchizatlı bir logistika əməliyyat şəbəkəsinə malik olan ABŞ qlobal hərbi gücünü qorumağa davam edir. Lakin son 20 ildə hərbi xərclərini əhəmiyyətli dərəcədə artıran Çin müdafiə sənayesindəki texnoloji infrastrukturunu sürətlə təkmilləşdirir və orijinal dizaynlı yeni nəsil döyüş təyyarələrini inventarına heyrətamiz bir sürətlə əlavə edir.

Bundan əlavə, donanmasını yüksək texnologiya məhsulu silah və sensor sistemləri ilə təchiz edilmiş müasir hərb gəmiləri ilə gücləndirərək genişləndirən Çin 2024-cü il etibarilə gəmi sayı baxımından ABŞ-ı geridə qoydu və dünyanın ən böyük donanmasına sahib ölkə oldu. Hipersəs silah potensialını da sürətlə artıran Çin qlobal liderlik üçün meydan oxuyur. ABŞ-nin Çinin artan təsirini tarazlaşdırmaq üçün Hind-Sakit okean strategiyasını gücləndirmə, bölgədəki müttəfiqləri ilə hərbi əməkdaşlığını artırma və qabaqcıl texnologiyaya əsaslanan yeni nəsil müdafiə sistemlərinə investisiya etməyə davam etmə istiqamətində addımlar atdığını müşahidə edirik.

Müdafiə xərclərinin davamlılığı mövzusunda öz ictimaiyyətində müzakirələrin başladığı ABŞ Çinin meydan oxumasına qarşı qlobal hərbi liderliyini qorumaq üçün müdafiə sənayesi sahəsində yeni texnologiyalara böyük investisiyalar edir. Bunlardan ən diqqət çəkənləri bunlardır:

6-cı Nəsil Döyüş Təyyarəsi (NGAD – Yeni Nəsil Hava Üstünlüyü)
Hipersəs Raketlər (Dark Eagle, ARRW, SCRAMJET)
Süni Zəka Dəstəkli Avtonom Silah Sistemləri
Enerji Əsaslı Silah Sistemləri (Lazer Silahları və Elektromaqnit Silahlar)
Kosmos Müdafiə Proqramları (Starshield, GPS III, yeni nəsil peyk silahları)

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin