Vaşinqton Qəzzanın bərpası üzrə ərəb layihəsinin “zamin”i olacaq? – ANALİZ

2025/03/1741240456.jpg
Oxunub: 874     18:23     06 Mart 2025    
Qahirədə toplanan Ərəb Liqası ölkələrinin fövqəladə zirvə toplantısında Misirin təqdim etdiyi qətnamə yekdilliklə qəbul edilib. Sənəd ABŞ prezidenti Donald Trampın İsrail baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra açıqladığı, Qəzza əhalisinin köçürülməsi və bölgə üzərində ABŞ nəzarətinin qurulması planını rədd edir.

Ərəb Liqası ölkələri Fələstin müstəqil dövlətinin yaradılmasına dəstəklərini bir daha təsdiqləyib və İsrail-Fələstin münaqişəsinin başqa bir həll yolunun praktik ola bilməyəcəyini vurğulayıblar. Məlumata görə, Qəzzanın bərpası üçün ehtiyaclar 53 milyard dollar olaraq qiymətləndirilib. Lazımi maliyyə vəsaitlərinin toplanması üçün bir konfrans keçirilməsi planlaşdırılır və bütün xərclərin şəffaflığını təmin etmək üçün Dünya Bankı vasitəsilə işlərin görüləcəyi razılaşdırılıb.

Zirvənin siyasi uğuru odur ki, ərəb ölkələri Qəzzanın idarəçiliyini Fələstin Milli Administrasiyasının səlahiyyətinə verməyi düşünür və yeni polis qüvvələrinin yaradılması barədə razılığa gəliblər. Bu faktiki olaraq Ərəb Liqası ölkələrinin HƏMAS-a hakimiyyəti Fələstin Milli Administrasiyasına təhvil verməyi təklif etdikləri anlamına gəlir, bu administrasiyanın səlahiyyətləri hazırda yalnız İordaniyanın qərb sahilinə şamil edilir.

Ərəb Liqasının üzv ölkələri arasında ABŞ-nin müttəfiqi olan bir neçə ölkə, o cümlədən Səudiyyə Ərəbistanı, Qətər, Misir və İordaniya var. Qəzza əhalisinin köçürülməsi məsələsi ABŞ prezidenti tərəfindən Misir prezidenti və İordaniya kralı ilə müzakirə edilib. Martın 4-də onlar bu ideyanı açıq şəkildə rədd edərək, ABŞ-yə Qəzzanın bərpası və Fələstin müstəqil dövlətinin yaradılması təşəbbüsünə dəstək çağırışı ediblər.

Ərəb dünyası faktiki olaraq İsrailin dominantlığını leqallaşdırmaq və ərəb ölkələrini bu planda razı salmaq üzərində qurulmuş Trampın Yaxın Şərq nizamlama planına qarşı çıxıb. Ağ Ev Ərəb Liqası ölkələrinin bu “misli görünməmiş cəsarətinə” necə reaksiya verəcək? Xüsusən də zirvədə Suriya keçid dövrü prezidenti Əş-Şəraa iştirak edib və İsrailin qarşısını almağa çağırıb.

“Zelenski sülh istəmir”, - deyə Ağ Evin sözçüsü və Dövlət Departamentinin rəsmi nümayəndəsi Ukrayna prezidenti ilə Oval Ofisdə Donald Trampın “mübahisəsini” belə əsaslandırıb. Eyni qiymət Ərəb Liqası ölkələrinin zirvə bəyanatına da verilə bilərmi? Zelenskinin açıq “alçaldılması” Rusiyaya Kiyevə qarşı tələblərini sərtləşdirmək imkanı verib.

Bu halda ABŞ prezidenti hansı qərarı qəbul edəcək? O, daha əvvəl İsrail baş nazirinə xəbərdarlıq edərək, HƏMAS-ın bir gün ərzində bütün israilli girovları azad etməyəcəyi təqdirdə, müharibəni davam etdirməyi tövsiyə edib. “Qərarı Netanyahu qəbul etməlidir, amma yerində olsaydım, belə edərdim”, - deyə Donald Tramp öz mövqeyini izah edib.

Ərəb dünyası öz insan, maliyyə və digər resursları ilə, sözsüz ki, Ukrayna ilə müqayisəolunmazdır, nə də İsrail Rusiyaya bənzəyir. Qəzza sektorunda vəziyyət gərginləşə bilər, amma Ərəb Liqasının nüfuzlu üzvləri ilə “hesablaşma” imkanı yalnız Vaşinqtonladır. Tramp Misir və ya Səudiyyə Ərəbistanını “nizam-intizama dəvət etməyə” çalışacaqmı və hansı alətlər seçiləcək?

Ağ Evin addımlar atacağı məntiqli görünür. Əks halda, Trampın Ukrayna nizamlaması təşəbbüsünün işləkliyi də şübhə altına düşər. Bu vəziyyətdə Avropa və ehtimal ki, Türkiyə də faydalanacaq. Bununla belə, Vaşinqtonun Qəzzanın bərpası üzrə ərəb layihəsinin “zamin”i olmağa çalışması ehtimalı böyükdür. Əks təqdirdə, İsrailin yeni müharibəsini dəstəkləmək məcburiyyətində qalacaq. Bu isə Tramp üçün böyük reytinq itkisi olacaq. Axı, o, “bütün münaqişələrə son qoymaq” şüarı ilə prezident seçilib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Qəzza  


Bizi "telegram"da izləyin