Türkiyə aviasiyada qlobal lider olmağı hədəfləyir

2025/02/1366--1740636239.jpg
Oxunub: 494     10:29     03 Mart 2025    
Türkiyə aviasiya və müdafiə sənayesində ixracatda və texnoloji imkanlarda böyüyərkən, beynəlxalq arenada güclü mövqe qazanmağı hədəfləyir.

Ordu.az xəbər verir ki, Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacırla Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün SAHA MİHENK 2-ci Milli Aviasiya Sənayesi Seminarında sektorun artan potensialını və gələcək hədəflərini qiymətləndiriblər.

Ankara Kosmos və Aviasiya İxtisaslaşdırılmış Sənaye Bölgəsində (HAB) keçirilən tədbirdə aviasiya və müdafiə sənayesinin artan ixrac həcmi, texnoloji imkanlar və sektordakı tendensiyalar müzakirə edilib.

Kacır Türkiyənin prezident Rəcəb Tayyib Ərdoğanın vizyonu ilə aviasiya sahəsində böyük bir irəliləyiş əldə etdiyini vurğulayıb.

“Artıq səmada iz qoymuş bir Türkiyə var. “Bayraktar Akıncı”, “Kızılelma”, “Anka” və “Aksungur” kimi platformalara malik zərbə tipli pilotsuz uçuş aparatlarında dünya lideriyik. “Kaan”, reaktiv təlim təyyarəsi və helikopter istehsal edən bir ölkəyik”, - deyə o bildirib.

Müdafiə sənayesinin ixrac hədəflərini qiymətləndirən Görgün isə deyib: “Müdafiə sənayesi şirkətlərimiz son iki ildə ümumi dəyəri 20 milyard dollara çatan müqavilələr imzalayıb. Artan ixrac həcmimiz və bu sahədə özünü sübut etmiş sistemlərimizlə iki il ərzində iki rəqəmli milyard dollarlıq ixracat həyata keçirən ölkələr arasında olmağı hədəfləyirik”.

O, müdafiə sənayesinin böyük bir ekosistemə çevrildiyini ifadə edib.

“Sektorun 15 milyard dollarlıq dövriyyəsi, 3 milyard dollarlıq “Ar-Ge” xərcləri, 1100-dən çox layihəsi və 100 milyard dollardan çox layihə həcmi var. 3500-dən çox şirkət və 90.000 işçimizlə iqtisadiyyata böyük töhfə veririk”, - deyə Görgün əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Aviasiya   SAHA-MİHENK  


Bizi "telegram"da izləyin