Tramp-Putin Dialoqunda Geosiyasi Narahatlıqlar və Aİ-nin Rolu

2025/02/1740563204.jpg
Oxunub: 879     14:29     27 Fevral 2025    
ABŞ və Fransa prezidentləri arasında danışıqlardan sonra keçirilən mətbuat konfransında müxbir Donald Trampa sual verib. “Vladimir Putin Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsinə razıdırmı?” sualına müsbət cavab verilib. “Bəli, mən bu sualı ona (Putinə-red.) verdim”, - deyə Tramp bildirib.

Rusiya-ABŞ danışıqlarının başlamasına bir neçə gün qalmış Rusiyanın bu məsələdə mövqeyi birmənalı olaraq mənfi idi. Xarici işlər naziri Sergey Lavrov hətta Avropa İttifaqı (Aİ) və ya aparıcı Avropa ölkələrinin danışıqlarda iştirakı ilə bağlı suala cavab verəndə, Ukrayna nizamlanmasının Aİ-yə “aid olmadığını” deməyə cəsarət edib.

Tramp öz cavabında Putinlə telefon danışığında Aİ-nin Ukrayna nizamlanmasına cəlb olunması məsələsini müzakirə etdiyini faktiki olaraq ortaya qoydu. Belə olmasaydı, o, Rusiya prezidentinə Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı sual verməzdi və özünün dediyi kimi, müsbət cavab da almazdı.

“Rusiyanın Ukraynanın dövlətçiliyinin qorunub saxlanmasına qarşı heç bir şeyi yoxdur, lakin Ukrayna Rusiyaya qarşı plasdarma çevrilməməlidir”, - deyə Putin bildirib. Qərb mənbələrinin məlumatına görə, 30-dan çox Avropa ölkəsi “Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır”.

Ukraynada Avropa sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı ABŞ prezidenti bildirib ki, o, Makronun bu istiqamətdə “addımlar atdığına” inanır. Fransa prezidenti isə ehtiyatlı şəkildə bildirib ki, söhbət “cəbhə xəttində deyil, Ukrayna ərazisində mövcudluqdan gedir”. Moskva hələ ki, ABŞ prezidentinin “Putinin bu iştiraka razılığı” ilə bağlı açıqlamasına cavab verməyib.

Putinin mətbuat katibi Dmitri Peskov Rusiya-ABŞ danışıqlarının ikinci raundundan hansı gözləntilərin olduğu sualına cavab verib ki, bunlar ekspertlər səviyyəsində baş tutacaq və Xarici İşlər Nazirliyinə müraciət etmək lazımdır. Bu kontekstdə ola bilsin ki, Fransa prezidentinin Vaşinqtona səfəri və Trampla danışıqları “sınaq xarakteri daşıyır”.

“Köhnə dünya” böyük ehtimalla aydınlaşdırmağa çalışır ki, ABŞ prezidenti Putinin geosiyasi ambisiyalarını nə dərəcədə “qəbul edir” və güman edilən bu “sinergiya”nın əsasında yalnız onun “biznes planları” durur, yoxsa Vaşinqton faktiki olaraq Avropanı Rusiya ilə üzbəüz qarşıdurmaya sövq edir? Putinin Ukraynada Avropa sülhməramlı missiyası ilə razılaşması Rusiya-ABŞ sövdələşməsinin uğursuz olmayacağına zəmanətdir?

Digər tərəfdən, Fransa prezidentinin nəyi və nə dərəcədə “qavraması” bölgəmiz üçün vacibdir, çünki Aİ-nin sərhəddəki “müşahidə missiyası” Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maneələrdən biridir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Putin    


Bizi "telegram"da izləyin