Belarus Ukrayna-Rusiya savaşından ən çox qazanan tərəf olacaq? – BAXIŞ BUCAĞI

2025/02/1740474563.jpg
Oxunub: 688     19:23     27 Fevral 2025    
Belarus müdafiə naziri Viktor Xrenin Vətənin Müdafiəçisi Gününə həsr olunmuş tədbirdə Ukrayna böhranından danışıb. “Belta” xəbər agentliyinin verdiyi məlumata görə, o, Ukraynada Qərb və Şərq arasında qlobal qarşıdurmanın Belarus sərhədləri yaxınlığında üç ildir davam edən silahlı münaqişəyə çevrildiyini bildirib.

Xreninin sözlərinə görə, Minskdə ABŞ-nin yeni administrasiyasının müharibəni dərhal dayandıracağına dair heç bir illüziya yoxdur. Səudiyyə Ərəbistanının paytaxtında Rusiya-ABŞ danışıqlarının başlamasından demək olar bir həftə keçib, lakin geosiyasi əhəmiyyət kəsb edən məsələlərdə daha çox danışan Belarus prezidenti Aleksandr Lukaşenko əvvəllər bir neçə dəfə Ukrayna nizamlanmasında özünün də iştirak etməli olduğunu bildirsə də, bu mühüm hadisəyə heç bir şəkildə toxunmayıb.

İndi də isə Rusiya-Ukrayna silahlı münaqişəsini Qərb-Şərq qlobal qarşıdurmasının transformasiyası adlandırırlar. Onlar, həmçinin bildirirlər ki, Qərbin hərbi tədarükləri olmasaydı, “yanğın çoxdan söndürüləcəkdi”. Burada biz artıq ziddiyyətlə üzləşirik, çünki Rusiya-Ukrayna müharibəsi Qərb-Şərq qlobal qarşıdurmasının transformasiyasıdırsa, Qərbin Ukraynaya dəstəyi tamamilə məntiqli və təbiidir.

Təbii ki, Belarusun müdafiə naziri sonuncu müşahidəni nəzakətə hörmət kimi edib. Onun əsas fikri budur ki, Ukraynada geosiyasi maraqlar toqquşur və Belarus həmin qarşıdurmada Rusiyanın müttəfiqidir. Bu kontekstdə Belarus sərhədləri yaxınlığında alovlanan silahlı münaqişənin xatırladılması Minskin də tərəf olduğuna və təbii ki, nizamlanmada paya sahib olmalı olduğuna işarədir.

Bu arada analitik materialların Rusiya-ABŞ danışıqlarının başlaması ilə bağlı verdiyi əsas təəssürat ondan ibarətdir ki, Vaşinqton ən qısa zamanda atəşkəsə nail olmaq niyyətindədir. Bundan belə nəticə çıxır ki, Birləşmiş Ştatlar Rusiyanı müqavilə bağlayan tərəf kimi tanıyır, ABŞ prezidenti Donald Tramp Ukraynanın bu danışıqlarda iştirakına “heç bir zərurət” görmür.

Rusiya öz növbəsində Avropa İttifaqının (Aİ) Ukrayna nizamlanmasına qarışmasının qəti əleyhinədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanında ABŞ dövlət katibi ilə danışıqlardan sonra deyib: “Heç bir Aİ, heç bir Brüssel yoxdur, danışıqlar Rusiya-ABŞ danışıqlarıdır”. Türkiyə isə müzakirələrin çərçivəsinə yaxın olmağa çalışır.

Rusiya müharibəni bitirməkdə nə dərəcədə maraqlıdır? Bu sualın cavabı yoxdur. Belarus Vladimir Putinin real planından xəbərdardırmı? Niyə onlar bəyan edirlər ki, onlarda müharibənin bir anlıq dayandırılması ilə bağlı heç bir illüziya yoxdur? Ukraynaya qarşı hərbi əməliyyatların son üç ili ərzində Putinin ən yaxın müttəfiqi Lukaşenko olub. O, bu çərçivədə öz maraqlarını irəli çəkməyə bilməz. Bəs Putin ABŞ ilə danışıqlarda Belarusun maraqları amilindən də istifadə etməyə çalışacaqmı?

Lukaşenko dəfələrlə bəyan edib ki, o, müharibənin Belarus ərazisinə keçməsinə imkan verməyəcək. Ötən ilin payızında o, Ukraynadan hücum təhlükəsi olmadığını əsas gətirərək, qoşunların Ukrayna ilə sərhəddən çıxarılmasını əmr etmişdi.

Belə bir şəraitdə bu qərarın Rusiya-Ukrayna müharibəsinin gedişatına müəyyən təsiri ola bilərdi, lakin Belarus Birlik Dövlətinin bir hissəsidir və Rusiyanın strateji müttəfiqidir, ona görə də Lukaşenkonun gözləntiləri Moskvadandır. O nə gözləyir, bu “tort”dan gözlədiyi pay nədir?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin