Ordu.az “Defense News”a istinadən xəbər verir ki, Polşanın müdafiə büdcəsinin ümumi daxili məhsulun 4,7%-i kimi görünməmiş bir səviyyəyə çatacağı gözlənildiyi bir vaxtda ABŞ-nin müdafiə naziri region ölkələrini eyni şəkildə hərbi xərclərini artırmağa çağırıb.
Polşa müdafiə liderləri də ABŞ sənayesini birgə döyüş sursatlarının istehsalına cəlb etmək istədiklərini bildiriblər.
Heqset Almaniya və Belçikaya səfərləri də əhatə edən Avropa turunun son mərhələsində Polşaya səfər edib, Polşa prezidenti Andjey Duda və ölkənin Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosiniyak-Kamış ilə görüşüb.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya müdaxiləsindən sonra Polşa özünü Kiyevin ən sadiq müttəfiqlərindən biri kimi göstərib. Varşava Kiyevə külli miqdarda silah və texnika göndərib, eyni zamanda Ukraynanın gələcəkdə alyansa qoşulması üçün təzyiq edib.
Lakin Heqsetin Varşavadakı danışıqlarından iki gün əvvəl fevralın 12-də Kosiniyak-Kamış Brüsseldə keçirdiyi mətbuat konfransında etiraf edib ki, belə bir dəvət olmayacaq, çünki Vaşinqton Ukraynanı NATO-ya dəvət etməyə qarşıdır.
Varşavada Heqset Polşanı müdafiə xərclərini artırmağa davam etdiyinə görə tərifləyərək, ölkənin bir çox cəhətdən nümunə olduğunu deyib.
“Vurğulamaq istərdim ki, Avropada ilk ikitərəfli görüşümüzün məhz burada, Polşada olması tamamilə məqsədyönlü idi. Simvolizm itirilməyib. Əslində bu, düşünülmüş vəziyyətdir”, - deyə ABŞ-nin müdafiə naziri vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az