Ustalıq dövrünə keçid: Türkiyə NATO ölkəsi üçün hərbi gəmi istehsal edəcək

2025/02/1739600643.jpg
Oxunub: 1154     14:22     15 Fevral 2025    
Türkiyə ilk dəfə bir NATO ölkəsi üçün hərbi gəmi istehsal edəcək... Portuqaliya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün atılan imzalar tarixi bir dövrün ilk addımıdır. Təbii ki, bu kritik prosesdə keçmişdə görülən işlər və Türkiyə mühəndisliyinin çevik strukturu aparıcı rol oynayır. Mütəxəssislərin fikrincə, Türkiyə oxşar ixrac xəbərləri ilə adını daha çox eşitdirə biləcəyi bir yolun qapısını açıb...

Təkcə Türkiyədə deyil, dünyada öz sahəsində ən önəmli markalardan biri olan STM son zamanlar Türkiyə müdafiə sənayesinin ən dəyərli imzalarından birini atıb. Güclü rəqiblərini geridə qoyan STM Portuqaliya HDQ üçün logistika dəstək gəmisi tenderini qazandı.

Əslində, bu inkişaf “qazanılan bir tenderdən daha çox şey” ifadə edir... Əvvəla, Türkiyə ilk dəfə olaraq Avropa İttifaqı (Aİ) və NATO üzvü olan bir ölkəyə hərbi gəmi ixracatı həyata keçirmiş oldu. Bundan əlavə, indiyə qədər daha çox Afrika və türk dövlətlərinə eşitdiyimiz ixrac xəbərləri Portuqaliya kimi bir dəniz ölkəsində rezonans doğurmağa başlayıb.

Təbii ki, Türkiyənin bu tenderi qazanmasına təsir edən bir çox amillər var. Portuqaliya üçün inşa ediləcək hərbi gəmilərin fonunda bunların nə olduğunu və nə demək olduğunu müdafiə və dəniz mütəxəssisi Kozan Selçuk Erkan izah edib.


“Öz döyüş gəmisini istehsal edə bilən 10 ölkədən biriyik”

Erkan mövzu ilə tanış olmayanlar üçün qısa bir giriş edir. Türkiyənin öz döyüş gəmisini istehsal edə bilən 10 ölkədən biri olduğu barədə məlumatı paylaşır. Türkiyənin yaxın keçmişdə həm öz HDQ-si, həm də müxtəlif ölkələrin HDQ-si üçün son dərəcə qiymətli platformalar istehsal etdiyini xatırladır.

İlk ağla Ukrayna, Malayziya və Pakistan kimi ölkələr üçün həyata keçirilən suüstü və sualtı layihələr gəlir. Erkan deyir ki, Afrika qitəsinin və Körfəz bölgəsinin müxtəlif paytaxtları bu mövzuda tez-tez Ankaranın qapısını döyür.

Burada dəyərli bir mötərizə açır... Əslində Türkiyənin təkcə gəmi satmadığını, həm də birlikdə irəlilədiyi ölkələrə bunun necə ediləcəyini öyrətdiyini vurğulayır. Pakistanı misal gətirərək, bu məlumatları daha da konkretləşdirir və deyir: “İndi onlara bir gəminin necə inşa edildiyini də öyrədirik. İllər sonra ilk dəfə Türkiyənin dəstəyi ilə öz ticarət gəmilərini istehsal etməyə başladılar”.


Portuqaliyaya hərbi gəmi sata bilmək nə üçün vacibdir?

Bu sualı cavablandırarkən, əlbəttə ki, NATO vurğusu ön plana çıxır, lakin Erkan məsələnin bu qədər kiçildilməsinin əleyhinədir. Xüsusilə Portuqaliyanın dünyada dərin iz qoymuş dəniz ölkəsi olduğuna diqqət çəkir. Deyir ki, STM-in qazandığı tenderdə istehsal olunacaq iki gəminin Türkiyədə inşa edilməsi diqqətdən kənarda qalmamalı olan bir detaldır.

Bəli, Türkiyə, az öncə qeyd etdiyimiz kimi, hərbi gəmiqayırma sahəsində müxtəlif ölkələrlə yaxşı əməkdaşlıq edir. Ancaq təkcə bunlar kifayət etmir. Çünki hər ölkənin öz problemləri və təbii olaraq öz tələbləri var.

Bu nöqtədə Erkan “etibarlı olmaq” keyfiyyətinin işə düşdüyünü bildirir və belə davam edir:

“Hərbi gəmi layihələrində inşa edəcəyiniz platformalar üçün bəzi vədlər verirsiniz. Günün sonunda verdiyiniz hər bir sözə əməl olunacağı gözlənilir. Bunu edə bilməsəniz, nüfuzunuz qlobal miqyasda ləkələnəcək. Bu, digər ölkələrin də diqqətini mütləq cəlb edəcək. Türkiyə illərdir vədlərinə əməl etməkdə müvəffəqiyyət qazanıb. Həm öz HDQ-miz üçün inşa etdiyimiz logistik gəmilərdə, həm də başqa ölkələr üçün istehsal etdiyimiz layihələrdə bu etimadı hər zaman vermişik. Görünür, Portuqaliya da bunu açıq-aydın görüb”.

Türkiyə mühəndisliyinin çevikliyi ön plandadır

Erkan Portuqaliyanın Türkiyəni seçməsinin səbəblərini izah etməyə davam edir. Qeyd edir ki, başqa bir məsələ “çeviklik”dir. Yəni söhbət bütün mövcud resurslardan qarşı tərəfin istəyinə uyğun olaraq ən səmərəli şəkildə istifadə edib, günün sonunda “müştəri”ni razı salmaqdan gedir. Effektiv həllər, keyfiyyətli istehsal və işçilik digər amillərdir.

Sonra gəminin yerinə yetirəcəyi vəzifəni gündəmə gətirir... Dənizdə logistik dəstək, yanacaq və yüklərin daşınması ön plandadır. Bundan əlavə, bu gəmilər zirehli vasitə daşıya və birgə enerji ötürülməsi həyata keçirə biləcək. Amfibiya əməliyyatları üçün də xidmət edə biləcək. İstehsal ediləcək gəmilər 20-yə qədər yüngül taktiki zirehli vasitə daşıya biləcək. Erkan sadaladıqlarımızdan kənar xüsusiyyətlərə də malik platformalar haqqında deyir: “Biz dünyada bu qədər geniş tapşırıqları yerinə yetirə biləcək gəmi layihələndirə və inşa edə bilən nadir ölkələrdən biriyik”.


“Fərqli layihələr üçün də Türkiyənin qapısı döyülə bilər”

Portuqaliya həm dəniz ölkəsi, həm Aİ ölkəsi, həm də NATO üzvüdür... Erkan bu vəziyyəti belə izah edir: “Onlara gəmi inşa etmək vəzəri satıcısına vəzəri satmaq kimi bir şeydir”. Ola bilsin ki, bu, Portuqaliyanın müxtəlif siniflərə məxsus freqatlarının və ya dəniz patrul gəmilərinin modernləşdirilməsi kimi məsələlərdə gələcəkdə müxtəlif tərəfdaşlıqların inkişaf edə biləcəyini göstərir.

Təkcə Portuqaliyada deyil... Erkan vurğulayır ki, oxşar xəbərləri dünyanın müxtəlif ölkələrindən daha çox eşidə bilərik:

“Gəmilərimizin Qərb bazarında inventara daxil olması bizə gələcəyə daha inamla baxmağa imkan verəcək. Biz hazırda istehsal etdiyimiz hərbi gəmilərin ümumi sayına və onların tonnajına görə Qərbin ilk dörd ölkəsindən biriyik. Portuqaliyada atılan imzalar göstərir ki, biz bunu daha da irəli aparmağın açarına malikik. Türkiyə dənizçiliyi çox dəyərli bir nöqtəyə doğru möhkəm addımlar atır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO  


Bizi "telegram"da izləyin