Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi ilə artilleriya sursatlarına tələbat xeyli artıb.
Bir çox ölkələr silah-sursat istehsal imkanlarını artırmaq üçün investisiyalar edir.
Almaniya da artan müdafiə ehtiyaclarına, Ukraynaya hərbi yardıma və NATO öhdəliklərinə uyğun olaraq sursat istehsalını və ehtiyatlarını artırmaq üçün müxtəlif addımlar atır.
Almaniyanın ən böyük müdafiə sənayesi şirkətləri ilə edilən razılaşmalar istiqamətində hədəflərdən biri də 155 mm-lik artilleriya sursatlarının istehsalını artırmaqdır.
Türkiyənin müdafiə sənayesi şirkəti “Repkon” öz imkanları ilə 155 millimetrlik artilleriya sursatlarının istehsalını genişləndirmək istəyən ölkələrin ən əhəmiyyətli seçiminə çevrilib.
Bu çərçivədə “Repkon” şirkəti ABŞ, Pakistan və Azərbaycan üçün sursat istehsalı müəssisələrinin yaradılmasına dair müqavilələr imzalayıb. Almaniya bu yaxınlarda bu ölkələrə əlavə edilib.
“Repkon” Almaniya Silahlı Qüvvələrinə artilleriya sursatlarının istehsalı və çatdırılması layihəsi çərçivəsində Almaniyadakı bir şirkətlə 155 mm-lik partlayıcı maddə doldurma obyekti üçün “yüksək həcmli” müqavilə imzalayıb.
Sevinc Əliyeva
Ordu.az