Netanyahunun Vaşinqtona səfəri ABŞ prezidentinin Qəzza əhalisini evakuasiya etmək, “onları cəhənnəmdən xilas etmək” barədə bəyanatından bir neçə gün sonraya təsadüf edir və İsrail mətbuatı danışıqların əsas mövzusunun Fələstin məsələsi olacağını irəli sürür. Netanyahunun Vaşinqtona səfəri ərəfəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edib.
Danışıqların sonunda tərəflər bəyanat yayaraq, Qəzza əhalisinin təxliyyə edilməsi təklifini “qətiliklə qəbuledilməz” adlandırıblar. Misir prezidenti də eyni qiymətləndirməni edib. Trampın İsrail Baş nazirindən sonra İordaniya kralı II Abdullah ibn Al Hüseyni Vaşinqtona dəvət etməsi ilə bağlı məlumatlar var.
Misir və İordaniya ABŞ-nin bölgədəki tərəfdaşıdır, eyni zamanda İsraillə diplomatik əlaqələrə malikdir. Bununla belə, hətta İsrail mənbələri Misir və İordaniyanın Qəzza əhalisini qəbul etməyə razılaşacağına şübhə ilə yanaşır. Müstəqil Fələstin dövlətinin elan edilməsi ərəb dünyası üçün prinsipial əhəmiyyət kəsb edir.
Bu baxımdan Dohadakı rəsmi danışıqlardan sonra Türkiyənin xarici işlər nazirinin HƏMAS-ın siyasi rəhbərliyi ilə görüşməsi və Ankaranın Fələstin xalqının qanuni istəklərini hər zaman dəstəkləyəcəyinə əmin etməsi vacibdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İsrailin HƏMAS ilə sövdələşməsinə töhfə verib.
Görünür, ABŞ prezidenti İsrail-Fələstin nizamlanması üçün yeganə variantın Qəzza əhalisinin təxliyəsi olduğunu israr etməyə davam edərsə, Ankara gələcək danışıqlara mane olmaq imkanını nümayiş etdirəcək. Ehtimal etmək olar ki, İordaniya kralı Qəzza əhalisinin təxliyəsi təklifini qəbul etməyəcək. Heç kim öz ölkəsində bir neçə yüz min insana sığınacaq verməyə hazır deyil.
Bu kontekstdə Türkiyə diplomatiyasının Trampın Yaxın Şərqdə fundamental qərar qəbul etmək üçün Ərdoğanın dəstəyinə ehtiyac duyacağı bir vəziyyət yaratdığı göz qabağındadır. Türkiyə mətbuatı Suriyanın keçid hökumətinin prezidenti Əhməd Əş-Şəraanın Səudiyyə Ərəbistanına səfərini geniş işıqlandırıb. Yaxın günlərdə onu Ankarada gözləyirlər.
Latakiyadakı türkman əhali yeni hakimiyyətdən Əsədin zəbt etdiyi torpaqların geri qaytarılmasını tələb edir, İdlibdə isə Dəməşqdə mitinq keçiriblər və hökumətdən onları YPG işğalından azad etməyi tələb ediblər. YPG Suriyanın şimal-şərqində fəaliyyətini davam etdirir. Vaşinqtonda İsrailin Baş naziri çox güman ki, ABŞ prezidentini məhdud ABŞ kontingentini Suriyadan çıxarmamağa inandırmağa çalışacaq.
Türkiyə isə, əksinə, bu məsələni xüsusilə ABŞ ilə münasibətlərdə “səmimiyyət anı” hesab edir. Jurnalistlər bu yaxınlarda Trampa birbaşa şəkildə ABŞ kontingentinin Suriyanı tərk edib-etməyəcəyi sualını verəndə, o cavab verib ki, məsələ ABŞ üçün məqsədəuyğunluq nöqteyi-nəzərindən müzakirə olunacaq. İsrailin Baş naziri və İordaniya kralı ilə danışıqlardan sonra şərhçilər Trampın Səudiyyə Ərəbistanı və ya Türkiyə ilə müzakirələr aparmalı olacağını proqnozlaşdırırlar.
Onun səudiyyəliləri və türkləri İsraillə münasibətləri diplomatik yolla bərpa etməyə çağıracağı anlaşılır. Tramp kimə üstünlük verəcək?
Asif Cəfərov
Ordu.az