TUSAŞ Almaniya və ABŞ-yə “Atak”la “Aksungur” satmaq istəyir

2025/02/1738576772.jpg
Oxunub: 768     14:50     03 Fevral 2025    
Türkiyə müdafiə sənayesi ötən il hədəflərini aşaraq, 7,2 milyard dollarlıq ixracat həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə TUSAŞ Baş direktoru Mehmet Demiroğlu məlumat verib.

Onun sözlərinə görə, bu il Türkiyə müdafiə sənayesi hədəfini 50% artıraraq, 12 milyard dollara çatdırmağı planlaşdırır.

“Bu il ixracımızı artırmaq niyyətindəyik. Ayda 1 milyard dollara çata bilsək, illik 12 milyard dollara çata bilərik. İstehsalatda dünya səviyyəsində yaşanan çətinliklər bizə də təsir edir, amma biz Türkiyə olaraq çox yaxşı çıxış edirik”, - deyə Demiroğlu qeyd edib.

Müdafiə sənayesi ixracatında Avropa bazarına üz tutduqlarını bildirən Demiroğlu “Atak” helikopterlərini xüsusilə Almaniyaya satmağı hədəflədiklərini deyib.

“Almaniya hazırda bizimlə rəsmi danışıqlar aparmır. Ancaq müdafiə sənayesi arzuolunan vəziyyətdə deyil. Bir gün “Atak”ı Almaniyaya satmağı hədəfləyirik”, - deyə o vurğulayıb.

TUSAŞ ixraca heç bir regional məhdudiyyət qoymur. ABŞ də daxil olmaqla, hər bazara açılmağı hədəflədiklərini ifadə edən Demiroğlu “Aksungur” Pilotsuz Uçuş Aparatını (PUA) ABŞ-yə tövsiyə etdiklərini açıqlayıb.

“Meksika sərhədini qorumaq üçün ABŞ-yə “Aksungur” PUA-sını təklif etdik. İki gün havada qala bilən bu sistem təsirli bir həll ola bilər”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TUSAŞ   Almaniya   ABŞ  


Bizi "telegram"da izləyin