Tramp Ərdoğanla Netanyahunu “barışdıra” bilməsə, nə baş verə bilər? – BAXIŞ BUCAĞI

2025/02/1738570454.jpg
Oxunub: 709     13:24     03 Fevral 2025    
Yanvarın 29-da Suriyanın dövlət xəbər agentliyi “Sana” hakimiyyəti devirmiş qüvvələrin lideri Əhməd Əş-Şəraanın ölkə prezidenti təyin edildiyini bildirdi. Hansı qurumun belə bir qərar verdiyi məlum deyil.

Rəsmi açıqlamada, həmçinin yaxın vaxtlarda ölkənin yeni konstitusiya layihəsini hazırlamaq səlahiyyətinə malik olan parlamentin formalaşdırılacağı da bildirilir. Prezident və parlament seçkilərinin yalnız 4 ildən sonra keçirilməsi nəzərdə tutulub.

Dekabrın 8-də hakimiyyəti devirmiş qüvvələr səlahiyyət müddəti 2025-ci il martın 1-nə təyin edilmiş keçid hökuməti qurduqlarını elan etdilər. Suriyanın yeni hakimiyyət orqanları bundan sonra nə olacağını açıqlamayıblar. Faktiki olaraq Əsəd devrildikdən sonra Dəməşq beynəlxalq ictimaiyyətlə Əhməd Əş-Şəraa vasitəsilə əlaqə saxlasa da, sonuncunun rəsmi statusu yox idi.

Yanvarın 29-da bu problem həll olunub: o özünü Suriya prezidenti elan edərək, 4 illik səlahiyyət müddəti təyin edib. Üstəlik, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin həmin gün Dəməşqdə olması kifayət qədər simvolikdir. Yeri gəlmişkən, Lavrentyev Dəməşqdən Ankaraya gedib və Türkiyə prezident administrasiyasının rəsmiləri ilə görüşüb.

Göründüyü kimi, Əhməd Əş-Şəraanın prezident təyin olunmasına hələ də rəsmi beynəlxalq reaksiya yoxdur. Mətbuatda yayılan məlumatlar ziddiyyətlidir. Bu kontekstdə İsrail mətbuatının Suriyada hökumət, ordu, iqtisadiyyat və qonşu ölkələrlə münasibətlərlə bağlı məsələləri müzakirə edərək, Suriya liderini “qiyamçı qüvvələrin lideri əl-Culani” adlandırmağa davam etməsi diqqəti cəlb edir.

Bundan əlavə, “Vesty.go.il” onun döyüş təxəllüsünü, belə demək mümkündürsə, “kod adı”nı verir. Ərəb dilindən tərcümədə əl-Culani Colan sakini, colanlı deməkdir. KİV-in eyhamı başadüşüləndir: Əhməd Əş-Şəraa bir vaxtlar Colan təpələrini tamamilə yeni Suriyaya qaytarmaq məqsədilə ekstremist qruplara rəhbərlik edib. Əsəd rejiminin süqutundan sonra İsrail nəinki Colan təpələrindən geri çəkilmədi, hətta oradakı hərbi mövcudluğunu da genişləndirdi.

İsrailin müdafiə naziri İsrael Katz bildirib: “Biz Hebron dağının yüksəkliklərini heç vaxt tərk etməyəcəyik”. Suriyanın “müvəqqəti” prezidenti ilk qərarlardan birində keçmiş ordunun qalan sonuncu hərbi birliklərini ləğv edib və yeni silahlı qüvvələr yaratmaq niyyətindədir. Yeni silahlı qüvvələrin əsasını əlbəttə ki, təxminən 70 min keçmiş döyüşçü təşkil edəcək.

Bu döyüşçülər formal olaraq onun komandanlığı altında fəaliyyət göstəriblər, lakin faktiki olaraq Türkiyə Silahlı Qüvvələrinin təyin etdiyi peşəkar türkiyəli hərbçilərə tabe olublar. Bu gün də Dəməşqdə yüksək rütbəli türkiyəli hərbçilər işləyirlər. Problem odur ki, “colanlı” döyüş kod adına sahib olan Suriya prezidenti İsraildən Colan təpələrindən geri çəkilməsini tələb edəcəkmi?

Bu, təbii ki, İsrail-Türkiyə münasibətlərindən asılı olacaq. Türkiyə prezidenti dəfələrlə bəyan edib ki, İsrail Suriyada möhkəmlənsə, növbəti hədəf Türkiyə olacaq. Qəzzada da Türkiyə və İsrailin strateji maraqları toqquşur.

Əgər ABŞ prezidenti yaxın vaxtlarda Ərdoğanla Netanyahunu “barışdıra” bilməsə, Türkiyə-İsrail qarşıdurması ehtimalı çox yüksək olaraq qalacaq. Bu, istər Qəzzada, istərsə də Suriyada baş verə bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ərdoğan  


Bizi "telegram"da izləyin