Bu barədə ötən gün ABŞ-nin dövlət katibi Entoni Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq komissiyalarının nizamnaməsinin imzalanması mərasimi zamanı bildirib. ABŞ dövlət katibi gömrük və sərhəd patrul qrupunun səfərinin hansı işi nəzərdə tutduğu, qrupun işinin miqyasına Azərbaycan və Ermənistanın sərhədinin də daxil olub-olmayacağı barədə ətraflı məlumat verməyib.
Əlbəttə, burada bir neçə əsas hal var. Xüsusilə, həm sərhəd, həm də gömrük komponentləri xüsusi maraq doğurur. Amerikalı ekspertlərin qrupu demarkasiya və delimitasiya prosesini müşahidə edəcəkmi? Bu proses çərçivəsində Azərbaycan və Ermənistan yaxın günlərdə prosesin növbəti sərhəd hissəsinin hansı olacağına qərar vermək üçün komissiya iclası keçirməyi planlaşdırır.
Lakin ən vacib məsələ ABŞ mütəxəssislərindən ibarət işçi qrupunun diqqət mərkəzində sərhəd deyil, Zəngəzur dəhlizi gündəminin olub-olmayacağıdır. Bir neçə gündən sonra vəzifədən gedən ABŞ demokrat administrasiyası kifayət qədər yüksək səviyyədə dəfələrlə Orta Dəhlizin inşasının onun üçün prioritet olduğunu bildirib, söhbətin Azərbaycan-Ermənistan-Türkiyə marşrutundan getdiyini vurğulayıb.
2024-cü ilin yayında dövlət katibinin müavini Ceyms O-Brayn bu barədə danışıb. 2024-cü ilin oktyabrında ABŞ prezidenti Co Bayden Azərbaycan Prezidentinə və Ermənistanın Baş nazirinə məktublar göndərərək, ağrılı güzəştlərin zəruriliyindən danışıb və onları sülh sazişini ilin sonunadək başa çatdırmaq üçün addımlar atmağa çağırıb. Bundan dərhal sonra İlham Əliyev və Paşinyan Kazanda BRİKS sammiti çərçivəsində ikitərəfli görüş keçirsə də, sülh sazişi nəinki tamamlanmayıb, hətta Ermənistan təxribatlarını artırır.
Zəngəzur dəhlizi məsələsi Azərbaycan və Ermənistanın qarşılıqlı razılığı ilə müqavilənin məzmunundan çıxarılıb. Bakı bəyan edib ki, Zəngəzur dəhlizi açılmalı və Naxçıvan blokada şəraitindən çıxarılmalıdır. İrəvan isə bəyan edir ki, guya sərfəli şərtlərlə Bakıya təkliflər edilib. ABŞ-nin sərhəd və gömrük işçi qrupunun Ermənistanda bu gündəmlə olması mümkündürmü? Əslində qrupun səfəri təbii ki, yeni administrasiyanın səlahiyyət müddəti ərzində baş tutacaq.
Burada yenə eyni sual ondan ibarətdir ki, demokrat administrasiyasının ifadə etdiyi yanaşmalar və bunlar istqamətində iş proqramlaşdırması Tramp administrasiyasının fəaliyyəti dövründə nə dərəcədə davamlı olacaq?
Aqil Məmmədov
Ordu.az