Təşəbbüs hökumətə müraciət etmək və məsələni parlamentdə müzakirə etmək üçün lazımi sayda imza toplayıb. Paşinyan hökuməti müsbət rəy bildirib, Ermənistan parlamentində İrəvanın Aİ-yə üzvlük prosesinin başlanması və referendumun keçirilməsi məsələsi müzakirə olunacaq.
Paşinyan ötən il verdiyi müsahibədə hökumətin bu məsələyə müsbət cavab verəcəyini açıq şəkildə bildirərək, hökumətin təşəbbüsü rədd etməsinin müəmmalı olacağını demişdi. Paşinyan xatırladıb ki, o, 2023-cü ildə Avropa Parlamentində Aİ hazır olduğu qədər Ermənistanın da Aİ-yə yaxınlaşmağa hazır olduğunu bəyan edib.
Paşinyanın sözlərinə görə, bəyanatından sonra onun rəhbərlik etdiyi hakim qüvvə “Yevrakve” təşəbbüsünü rədd etsə, qəribə olardı. Burada diqqətçəkən və bəlkə də qəribə olan şey təbii ki, Paşinyanın bu mövqeyini “Yevrakve” təşəbbüsünü təşkil edən qüvvələrin lazımi sayda imza toplamasından sonra ifadə etməsidir.
Bundan əvvəl, təşəbbüs yeni başlayanda, məsələ təzə-təzə qaldırılanda, hakim çoxluq mahiyyətcə bunun əleyhinə çıxış edir, bunun vaxtsız olmasından, yersizliyindən danışırdı. Sonra təşəbbüs lazımi imzaları toplayanda, Paşinyan birdən-birə bunların toplanacağına şübhə etmədiyini açıqladı, həmçinin Avropa Parlamentindəki məşhur çıxışından sonra məsələnin müzakirəsinə qarşı çıxmasının qəribə olacağını bildirdi.
Eyni zamanda, hökumətin yanvarın 9-da keçirilən iclasında Paşinyan vurğulayıb ki, bu, üzvlük demək deyil, çünki bu məsələ referendumla həll olunmalıdır. Bu o deməkdirmi ki, Ermənistan parlamentində referendumun keçirilməsi ideyası müzakirə olunanda, Paşinyanın fraksiyası da müsbət yanaşacaq? Bəlkə də bəli.
Siyasi mənada belə çıxır ki, Paşinyan bu gündəmi dəstəkləyən ictimai təbəqələrin səsini əldən verməyərək, gündəmin “dəfnəsi”ni öz üzərinə götürməyə çalışır. Burada üç “əsas” siyasi intriqa yaranır. Birincisi, bu ictimai təbəqələrin qərarı necə olacaq, Paşinyanın elektoratı dairəsində, yoxsa “Yevrakve” prosesinin təşəbbüskarı olan qüvvələrin dairəsində qalmağı seçəcək?
Digər intriqa referendum kontekstində Paşinyanın və hakim partiyanın davranışının necə olacağıdır. Referendumun müsbət nəticəsi üçün kifayət qədər çox səs, məsələn, Paşinyanın 2021-ci ildəki sonuncu parlament seçkilərində aldığı səsdən xeyli çox səs tələb olunacaq. Bu, həqiqətən də ümumilikdə təşəbbüs üçün kifayət qədər çətin çağırışdır.
Çünki referendumun müsbət nəticəsinin yoxluğu şəraitində effekt tam əksi ola bilər, məsuliyyət isə erməni ictimaiyyətinin üzərində qalacaq. Digər intriqa ondan ibarətdir ki, Ermənistanda referendumla bağlı qərar veriləcəyi təqdirdə, bu, belə demək mümkündürsə, tamamilə ayrıca proses olacaq, yoxsa parlament seçkisi prosesi ilə birləşdiriləcək?
Aqil Məmmədov
Ordu.az