Ordu.az xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun ölkəsinə hava zərbələri endirməkdə davam etdiyini bildirib.
Təkcə son bir həftədə Ukraynaya edilən hücumlarda təxminən 700 bomba və 600-dən çox pilotsuz uçuş aparatından istifadə edildiyini qeyd edən Zelenski Rusiya ordusunun havadakı üstünlüyündən istifadə edərək, hücumlarını davam etdirdiyini bildirib.
Zelenski ölkəsinə hava hücumlarının qarşısını almaq üçün Ukrayna ilə müttəfiqləri arasında HHM sahəsində razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
“NATO-nun Vaşinqton sammitində və Ramşteyn formatında Ukrayna üçün HHM ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib”, - deyə o vurğulayıb.
Zelenski Ukraynaya HHM sistemləri və raket istehsalı üçün lisenziyanın verilməsi ilə bağlı ABŞ və digər müttəfiq dövlətlərin liderləri ilə danışıqlar apardığını bildirib.
“Bu baxımdan qeyri-mümkün heç nə yoxdur və bu, təhlükəsizliyi təmin etmək üçün kollektiv imkanlarımızı daha da gücləndirəcək. Davamlı sülhü mümkün edən məhz bu gücdür”, - deyə o qeyd edib.
Zelenski əlavə edib ki, onlar Rusiyanı sülh bağlamağa məcbur etməlidirlər.
Sevinc Əliyeva
Ordu.az