Finlandiya müdafiə büdcəsini artırır

2025/01/1735889010.jpg
Oxunub: 407     13:17     17 Yanvar 2025    
Finlandiya 2032-ci ilə qədər müdafiə xərclərini 70% artırmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, Finlandiya hökuməti müdafiə xərclərini 2025-ci ildəki 6,8 milyard dollardan 2032-ci ildə 11,5 milyard dollara çatdırmağı hədəfləyən hərtərəfli plan açıqlayıb.

Parlamentdəki əsas müxalifət partiyaları tərəfindən də dəstəklənən bu təklif Finlandiyanın müdafiə xərclərini illik ÜDM-in 3,3%-nə qədər artıracaq. Bu göstərici NATO-nun 2%-lik xərc tələbindən xeyli yüksəkdir.

Finlandiyanın müdafiə naziri Antti Hakkanen Ukraynadakı müharibənin təsiri ilə Finlandiya ilə Rusiya arasında siyasi münasibətlərdə artan gərginliyin milli təhlükəsizlik xərclərinin artırılmasına siyasi və ictimai dəstəyi gücləndirdiyini bildirib.

“Finlandiyada və regionda təhlükəsizlik vəziyyəti gözlənilməzdir. Tez daha da pisləşə bilər. Geniş miqyaslı təhdidlərə qarşı çıxmaq, hərbi təzyiqlərə müqavimət göstərmək və mümkün uzunmüddətli müharibələrə hazırlaşmaq üçün daha böyük investisiyalar tələb olunur. Ona görə də biz milli müdafiə sahəsində islahatlar apararkən, Hərbi Hava Qüvvələrimizin və Hərbi Dəniz Qüvvələrimizin əsas layihələrini də başa çatdıracağıq”, - deyə o qeyd edib.

Finlandiya 2023-cü ilin aprelində NATO-ya üzv olduqdan sonra dekabrın 19-da parlamentə ilk Müdafiə Hesabatını təqdim edib. Hesabatda Rusiyanın Ukrayna ilə müharibəsini NATO üzvü Baltikyanı ölkələr və Avropa İttifaqı üzvlərinə qədər genişləndirməsi riskinin olduğu vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Müdafiə   Büdcə  


Bizi "telegram"da izləyin