Əslində, ABŞ-nin demokrat administrasiyasının, yəni indiki Dövlət Departamentinin rəhbərliyinin səlahiyyət müddətinin başa çatmasına bir ay qalıb. Əgər əslində sülh müqaviləsi layihəsi üzrə tam razılığa gəlmək mümkün olmayıbsa, bu müddət ərzində nə etmək olar? Üstəlik, bu gün biz Ermənistanın mövqelərinin sərtləşməsini, yeni oyunları görürük.
Digər tərəfdən, Bayden administrasiyası da məcburedici fəaliyyətlərə yol verir. ABŞ-nin yeni administrasiyasının fəaliyyətlərinin necə olacağı da müzakirə mövzusudur. Lakin hər bir halda prosesə yeni bir baxış formalaşacaq. Yeni administrasiyanın səlahiyyət müddəti ərzində Qafqazla bağlı siyasətin hansı transformasiyaya məruz qalacağı yəqin ki, ABŞ üçün başqa, daha strateji prioritetlərdəki vəziyyətdən asılı olacaq. Məsələn, Ukrayna müharibəsinin bitməsi istiqamətində nə etmək mümkün olacaq, Rusiya ilə hansı məntiqlə razılaşmalar olacaq?
Lakin o vaxta qədər ABŞ-nin hazırkı administrasiyasının məsuliyyətli münasibət şəraitində bəlkə də ən azı bir vacib işi var: qalan bir ay ərzində əlindən gələni etmək, regional sabitliyə ən yaxşı şəkildə töhfə vermək. ABŞ-nin gücü bu mənada hər şeyə qadir deyil, onun təsiri təkcə bu şəraitə görə obyektiv şəkildə azalır, lakin yenə də ABŞ istənilən regionda atmosferə təsir etmək mənasında bütün hallarda kifayət qədər güclü oyunçudur.
Bu təsirə ehtiyac var, çünki ABŞ-də prezident hakimiyyətinin keçid dövrü, xüsusən də söhbət təkcə prezidentin yox, siyasi administrasiyanın dəyişməsi ilə hakimiyyət dəyişikliyindən gedirsə, beynəlxalq münasibətlər mühitində istər-istəməz vakuum riskləri yaradır. Lakin çox çətin ki, hakimiyyətdən gedən ABŞ administrasiyası Qafqazdakı bu riskləri nəzərə alsın, əks halda Ermənistanla bağlı daha konkret yanaşma ortaya qoyulardı.
Asif Cəfərov
Ordu.az