Ordu.az xəbər verir ki, “ASPİLSAN Enerji” 2024-cü il ərzində həyata keçirdiyi layihələrlə müdafiə sənayesindən davamlılığa, təhsildən beynəlxalq nailiyyətlərə qədər bir çox sahədə adından söz etdirib.
Yerli və milli enerji saxlama həlləri ilə Türkiyənin enerji müstəqilliyi hədəflərinə töhfə verən “ASPİLSAN Enerji” 43-cü ildönümünü qeyd etdiyi bu dövrdə innovativ texnologiyalarını həm milli, həm də beynəlxalq platformalarda sərgiləyib.
2024-cü ildə görülən işləri qiymətləndirən “ASPİLSAN Enerji” Baş direktoru Ahmet Turan Özdemir deyib:
“ASPİLSAN Enerji” adından strateji hədəflərimizə çatdığımız, innovativ texnologiyalar inkişaf etdirdiyimiz və enerjinin saxlanması sahəsində ölkəmizin müstəqilliyinə töhfə verdiyimiz qürurverici bir il oldu. Davamlılıq, yerli istehsal və texnoloji yeniliklər əsasında irəlilədiyimiz bu dövrdə müdafiə sənayesindən ekoloji maarifləndirmə və davamlı iqtisadiyyat mövzularını əhatə edən geniş sahələr üzrə güclü layihələr həyata keçirdik.
Türkiyədə və dünyada müxtəlif sektorlarda ən geniş məhsul çeşidinə malik şirkətlər arasında yer alan “ASPİLSAN Enerji” olaraq hər il qarşımıza qoyduğumuz yeni hədəflərlə proseslərimizi irəli aparırıq. Bu kontekstdə 2024-cü il bizim üçün milli layihələr baxımından mühüm uğurlar gətirdi. Yerli döyüş təyyarəmiz “Kaan” ilk uçuşunu “ASPİLSAN Enerji” tərəfindən istehsal olunan akkumulyator sistemləri ilə uğurla başa vurdu.
Bundan əlavə, müdafiə sənayemiz üçün xüsusi olaraq BB-1923 və BB-1920 sistem akkumulyatorlarını inkişaf etdirərkən, Türkiyənin ilk 21700 Litium İon Batareyası olan ASPİLSAN INR21700A42-ni də təqdim edərək, yeni bir ilkə imza atdıq. Dəniz sistemləri üçün batareya işimiz 2024-cü ildə sürət qazandı. Bu çərçivədə torpedo akkumulyatorlarının və sualtı insansız platformaların akkumulyatorlarının istehsalı da həyata keçirilib”.
Sevinc Əliyeva
Ordu.az