İranın bir neçə hərbi rəsmisi Suriyada 4000 iranlı hərbi qulluqçunun olduğunu təkzib edib. Onların sözlərinə görə, söhbət həm də Suriyada missiya yerinə yetirmiş və Rusiya tərəfindən onların təxliyyəsinə köməklik göstərilmiş digər ölkələrin vətəndaşlarından gedir. Tehran sərt olmasa da, faktiki olaraq Rusiya prezidentinin bəyanatına qarşı çıxır, əslində Putinin bəyanatının reallığa uyğun olmadığını bildirir.
Əgər Putinin açıqlaması həqiqətə uyğun deyilsə, o zaman niyə o, birbaşa İranı hədəfə alan belə bir bəyanat vermək addımı atıb?
Xatırladaq ki, Putin iranpərəst birləşmələrin və İranın dəstəklədiyi 30 minlik Suriya qoşununun Hələbi müdafiə etmədiyini və 350 silahlının qarşısında döyüşmədən geri çəkildiyini də açıqlayıb. Rusiya prezidenti belə bir bəyanatın İran üçün kifayət qədər hədəfli olduğunu təsəvvür etməyə bilməzdi. Üstəlik, əgər ona yanlış məlumat verilibsə, lakin bunun doğru olduğuna inanıbsa, yenə də İranı bu formada açıq şəkildə hədəfə alıb-almamaq sualı yarancaqdı.
Buna görə də Putin İranı hədəfə almağa gedibsə, deməli, onun səbəbi, motivi var və bu addım çətin ki, anlaşılmazlıq olsun. Moskvanın Tehranla bağlı ciddi şübhələri varmı ki, hətta prezident səviyyəsində də İranı hədəfə alır? Bu, vacib sualdır, çünki Qafqazın status-kvosu ilə birbaşa bağlıdır. Rusiya-İran münasibətlərinin məntiqi bunun mühüm tərkib hissələrindən biridir, buna görə də bu münasibətlərin “hava şəraiti” Qafqazın geosiyasi və hərbi-siyasi iqlimi üçün həlledici olacaq.
Asif Cəfərov
Ordu.az